Ağ Ev Rusiya və İrana qarşı yeni sanksiyaları dəstəkləyir Dünya

Ağ Ev Rusiya və İrana qarşı yeni sanksiyaları dəstəkləyir

Ağ Ev Rusiyaya qarşı sanksiyalarla bağlı layihəyə dəyişiklik etməyə çalışır. Bunu Ağ evin rəsmisi iyulun 10-da deyib.
Rusiyanın ABŞ-da seçkiyə iddia olunan müdaxiləsi və digər məsələlərə görə yeni sanksiyalar layihəsini Senatda səs çoxluğuyla qəbul olunub, ancaq Nümayəndələr Palatasında ilişib. Layihədə İrana qarşı da yeni sanksiyalar var.
Ağ evin qanunvericilik üzrə direktoru Marc Sort jurnalistlərə deyib ki, administrasiya Rusiya və İrana qarşı yeni sanksiyaları dəstəkləyir, ancaq Konqresə bu məsələdə daha böyük söz sahibliyi verilməsini qəbul etmir.
Layihənin bir maddəsində deyilir ki, prezident Donald Tramp Moskvaya sanksiyaları yüngülləşdirməyə, yaxud bitirməyə qərar versə, Konqres buna bir daha baxa bilər.
"Bizim narahatlığımız Konqresin 535 üzvünə xarici siyasətdə görünməmiş səlahiyyət verilməsiylə bağlıdır. Öncəki sanksiyalar layihələrində olan, milli təhlükəsizlikdən dolayı etirazla bağlı maddələr bu layihəyə salınmayıb", – Sort deyib.

"Axios" vebsaytının məlumatına görə, Ağ Ev bu qanun layihəsinin Rusiya prezidenti Vladimir Putinlə danışıqlarda "Trampın əl-qolunu bağlayacağından" narahatdır. Rusiyayla Birləşmiş Ştatlar bu yaxınlarda Suriyada sülhün əldə olunması üzrə danışıqlara başlayıblar.
"Qanun layihəsi o qədər zəif yazılıb ki, nə respublikaçılar, nə də demokratlar onunla rahat işləyə bilməyəcəklər. Çünki icraedici orqanın diplomatik səylərini böyük miqyasda əngəlləyir", – Sort Axiosa deyib.
Bu etirazı ilk dəfə dövlət katibi Reks Tillerson dilə gətirib. O, ötən ay deyib ki, Tramp sanksiyaları Rusiyayla "təkamül edən diplomatik duruma uyğunlaşdırmaqdan ötrü çevikliyini" saxlamalıdır.
"Associated Press" agentliyinin məlumatına görə, Xəzinədarlığın və Dövlət Departamentinin rəsmiləri ötən həftə Nümayəndələr Palatasında görüş keçiriblər. Onlar prezidentin səlahiyyətini məhdudlaşdıran – konqresin nəzarətilə bağlı maddədən narazılıqlarını dilə gətiriblər. Ancaq həmin maddənin zəiflədilməsi konqresdəki demokratların və bəzi respublikaçıların müqavimətiylə üzləşər.
Qanun layihəsinin hazırlanmasında əsas rol oynamış, senatın xarici əlaqələr komitəsinin sədri Bob Corker bu maddəyə konqresin səlahiyyətinin tətbiqindən ötrü vacib tələb kimi baxır.
Corker iyulun 10-da jurnalistlərə deyib ki, Ağ evin, Konqresin xarici siyasətə nəzarətinə qarşı çıxması qeyri-adi hal deyil. Onun fikrincə, sanksiyalara yenidən baxılmasıyla bağlı tələb qanunvericiliyin "çox vacib" hissəsidir.
ABŞ neft şirkətlərinin təmsil olunduğu Amerika Neft İnstitutu da qanun layihəsinə qarşıdır. Layihə ABŞ enerji şirkətlərinin Rusiyada yeni layihələrdə iştirakını yasaqlayır, qadağanı daha da genişləndirir. Belə ki, ABŞ şirkətləri dünyanın istənilən yerində Rusiya enerji şirkətlərinin qatıldığı layihələrdə iştirak edə bilməyəcəklər.
Neft assosiasiyası bunun ABŞ neft şirkətlərinə milyardlarla dollara oturacağını bildirirlər.