Dostunu mənə göstər… Dünya

Dostunu mənə göstər…

Atalarımız deyib ki, "dostunu mənə göstər, sənin kim olduğunu deyim...".
Riçard Cozef Durbin Amerikadakı erməni diasporunun Senatdakı "nümayəndəsi"dir.
Prof. Dr. Aygün Attar En Politik-də yazır ki, ABŞ-ın əsas erməni lobbi təşkilatı olan Amerika Erməni Milli Komitəsinin (The Armenian National Committee of America – ANCA) internet səhifəsinə baxsanız, bu şəxsin kim olduğunu, erməni lobbisinə necə nökərçilik etdiyini görəcəksiniz.
Riçard Cozef Durbin ABŞ Senatında Azərbaycana və Azərbaycan prezidentinə sərt sanksiyaların tətbiqini təklif edib. Mən buna təəccüblənmədim. Çünkü bu şəxs rəsmən ermənipərəstdir. O, daha əvvəl də həmin məkanda eyni hərarətlə Türkiyəyə və Türkiyə prezidentinə qarşı bənzər radikal sanksiyaların tətbiqini təklif etmişdi. Məni təəccübləndirən ölkəmizdəki bəzi müxalifət partiyalarının bu xəbəri "zurna-balabanla", sevinclə qarşılamasıdır.
Hadisənin ciddiliyini anlamaq üçün mənzərəni tam təsəvvür etmək, Biləcərindən kənarı görmək lazımdır, sevgili həmvətənlərim.
Azərbaycanda 2018-ci ildə keçiriləcək seçkilərlə bağlı "qumar oynayan", böhtan kampaniyasına başlamış dövlətlərin erməni lobbisilə həmrəy olduğunu dərk etmək üçün başınızı azacıq da olsa qaldırıb ətrafa baxmanız kifayətdir.
ABŞ-da nümayişinə 2017-ci il aprelin 21-dən başlanmış "The Promise" filmi Birinci Dünya müharibəsi zamanı Osmanlı imperiyasından köçürülmüş və deportasiya edilmiş ermənilərdən bəhs edir. Erməni iş adamı Kirk Kerkoryanın ödədiyi təxminən 100 milyon dollarlıq büdcə ilə çəkilmiş film elə də ciddi gəlir gətirməyib – cəmi 8,2 milyon dollar.
Bu arada erməni rahib Bedros Şetilyan daşnaklarla əlaqəli "Armenian Weekly" qəzetində dərc olunmuş məqaləsində "soyqırımın kütlələr tərəfindən tanınmasını" təmin etməyin vacibliyini bildirib, bu məqsədlə Hollivuddakı erməniləri "erməni mübarizəsi"ndə səfərbər olmağa çağırıb. O, bu istiqamətdə Amerika Konqresinin də fəallıq göstərməsinin əhəmiyyətini vurğulayıb.
Erməni lobbisinin rəhbərləri filmin təqdimatı çərçivəsində "erməni mübarizəsi"nə daha çox diqqət cəlb etmək üçün hər zaman olduğu kimi, məşhur insanlardan yararlanmağa çalışır. Məhz bu məqsədlə "The Promise" filminin Los-Anceles, Nyu-York və Vaşinqtondakı təqdimetmə mərasimlərinə müğənni Şer, Kardaşyan bacıları, aktyor Silvester Stallone kimi məşhur simalar, Amerika Konqresinin məşhur təmsilçiləri dəvət olunub. Onlar təqdimat mərasimlərində Konqres üzvləri, əməkdaşları və Vaşinqton ştatındakı diplomatların iştirakını təmin edə biliblər. Onların arasında Riçard Durbinin də olduğunu desəm, yəqin ki, təəccüblü olmaz.
Beləliklə, Riçard Durbinin Amerika Konqresində Azərbaycanı hədəfə alan hərarətli çıxışları, Azərbaycana qarşı ağır sanksiyaların tətbiqinə çağırması demokratiyaya olan sevgi və ya ədalətin bərqərar olması uğrunda mübarizə deyil. Bu, sadəcə onu bəsləməkdə olan erməni lobbisi qarşısındakı vəzifəsinin icrasıdır.
İndi, istər ABŞ, istərsə də Avropada işlərini bu cür həll etməyə adət etmiş ermənilər Azərbaycanın lobbiçilik fəaliyyətini "çirkli camaşırlar" başlığı ilə "The Guardian" qəzetində manşetə çıxarır, bizim içimizdəki bəzi "vətənpərvər"lər isə ANCA-nın bu əməlindən çox məmnun qalır.
Erməni lobbisinin "erməni mübarizəsi" haqda təsəvvürü nüfuzlu, ictimaiyyət tərəfindən tanınmış insanlarla əməkdaşlıq yolu ilə formalaşdırmağa çalışdığına dair çox fakt var. ANCA uzun illərdir birbaşa qanunverici orqanlarla işləyir və təəssüflə deməliyəm ki, bu işdə çox müvəffəqiyyətlər əldə edir. Türk diasporunun zəif nöqtələrini müəyyən edərək boşluqları strateji gedişlərlə, özlərinə lazım olan şəkildə dolduran erməni diasporunun son məqsədinin "Türkiyəni erməni soyqırımını tanımağa, təzminat ödəmək və əraziləri geri qaytarmağa" məcbur etmək olduğunu açıq şəkildə dilə gətirən erməni rahib Bedros Şetilyan məqaləsində yazır ki, erməni lobbisinin Türkiyə və türklərin Qərbdəki mənfi imicindən öz xeyrinə istifadə etməsi vacibdir.
Media sahəsində əli-qolu hər yerə çatan erməni lobbisi təəssüf ki, "The Guardian", "The Washington Post" və "The Times" kimi böyük qəzet və jurnallarda manşet yazıları çap etdirə biləcək qədər güclüdür. Oyun qurmaqda, oynamaqda usta olan erməni diasporunun bu işdə uğur qazana bildiyini qəbul etməliyik. Hər halda, qarşımızda hədəfinə çatmaq üçün hər yolu uyğun görən bir düşüncə var. Onlar ən haqsız durumda olduqda belə, yazıq obrazı yarada biləcək qədər simasızdır. Onlar Xocalı soyqırımının qan izlərinin qurumadığı bir vaxtda 1915-ci ildə törədildiyi iddia olunan qondarma erməni soyqırımının tanınması üçün dünyanı ayağa qaldıran simasız bir şəbəkədir.
Ənənəvi saxtakarlıqları ilə dünyada ağalığın ermənilərə vəd olunduğunu rahatlıqla deyə bilən, Nuh peyğəmbərdən, az qala yaradıcı gücdən üstun olduğunu iddia edə biləcək strukturla qarşı-qarşıyayıq. İşimiz asan deyil. Kim Kardaşyan nümunəsi erməni lobbisinin hər mühitdə necə səmərəli işlədiyini, əleyhinə olan işi belə, necə xeyrinə çevirdiyinin konkret nümunəsidir. Pornoaktrisa rolunu yüksək bacarıq və məharətlə icra etdiyi kadrlarla sübuta yetirilmiş, cəmiyyətin inkar etdiyi aktrisadan erməni diasporuna xas üsullarla dünyanın ən bahalı markasına sahib ulduz yaradılıb. Üstəlik, bu ulduzun Vatikanın və Eçmiadzinin dini xadimlərilə görüşməsini, qondarma soyqırım mərasimlərində fəxri qonaq kimi iştirakını qəbul edən marketinq taktikasına sahibdir ermən lobbisi.
Erməni diasporunun dünyanın əsas media qurumlarına təsir imkanları hər kəsə bəllidir. Əksər xəbərlərdə Ermənistanın zərərçəkmiş ölkə kimi göstərilməsi də bunun nəticəsidir. Halbuki, Azərbaycan torpaqlarının 20%-i Ermənistanın işğalı altındadır, 25 ildir Azərbaycanda 1 milyondan çox insan doğma torpaqlarına qayıda bilmir. Halbuki, insanın ən təbii haqqı məskun olduğu yerdə, ona aid olan torpaqda həyat şərtinin təmin edilməsidir.
İnsan haqları, demokratiya və hümanizm ritorikası dilindən düşməyən, buna görə də hər fürsətdə Azərbaycanın, Türkiyənin üstünə gedən Qərb dövlətlərisə bütün bu ciddi problemlərin mənbəyi olan, insanların yaşamaq haqqını qəsb etmiş Ermənistana "gözün üstə qaşın var" deməməkdə israrlıdır.
Avropanın bir neçə il əvvəl bəyan etdiyi "Ermənistan kiçik bacımızdır" ifadəsini xatırlasaq, anlaşılan odur ki, kimlərsə qardaşlara bacılarının pis yola düşdüyünü ciddi şəkildə xatırlatmalıdır.
Narazı qaldığımız sahələrdə vəziyyətin yaxşılarşdırılması, mövcüd problemlərin həlli üçün məsələləri öz içimizdə, dialoq yolu ilə həll etmək imkanı varsa, nədən başqalarından kömək gözləməliyik? Məgər Sorosun milyonları yeni dünya düzəni uğrunda boş yerə xərclənir? Azərbaycan həqiqətlərini uzun illərdir görmək istəməyən xarici qüvvələr hansı səbəbə qəflətən Azərbaycansevər oldu?
Azərbaycanın Qarabağ kimi dərdi, Xocalı kimi yarası var. Bunların dünyaya çatdırılması üçün niyə sivil dialoqdan uzaq durulmalıdır ki? Azərbaycanın haqq səsinin Qərb dünyasında xaricilər tərəfindən dilə gətirilməsi nədən erməni lobbisini bu qədər narahat edir? Niyə dünya mediası erməni terrorçularının günahsız körpələri öldürməsinə diqqət ayırmır, amma Azərbaycanın lobbiçilik fəaliyyəti üçün xərclədiyi pulları sayır? Niyə 25 ildir saxlanılan əsir qadınlarımızın kişilərimizin taleyi ilə maraqlanan yoxdur, Xocalı soyqırımının günahkarları nədən cəzalandırılmır?
Niyə Türkiyədə dövləti çevriliş yolu ilə ələ keçirmək istəyənlər bizdən hesab soran dövlətlərin himayəsində yaşamına davab edir? Əlimizi vicdanımıza qoyaq: bizə ədaləti, demokratiyanı riyakar, ikili standartlardan çıxış edən bu dövlətlər gətirəcək? Hansısa dairələrin sifarişi ilə başlamış bu çirkin oyun nəyin qarşılığında, kimə iqtidar vədi verilərək aparılır? Gözümüzü yaxşı açsaq bu çirkin alverin qurbanının Vətənimiz olduğunu görərik.