Dünya siyasəti ən təhlükəli mərhələlərdən birinə daxil olub Gündəm

Dünya siyasəti ən təhlükəli mərhələlərdən birinə daxil olub

ABŞ Prezidenti Donald Tramp Çində səfərdədir. Onu Dövlət katibi Marko Rubio, Müdafiə katibi Pit Heqset, Xəzinədarlıq katibi Skott Bessent və digər dövlət rəsmiləri müşayiət edirlər. Tramp səfəröncəsi jurnalistlərə açıqlamasında deyib ki, Çin sədri Si Cinpin ilə görüşdə İran məsələsini və əsas mövzu olaraq ticarəti müzakirə edəcək.

Tramp qeyd edib ki, Si Cinpinlə uzun və ətraflı müzakirə aparacaq: “Düşünürəm ki, bu barədə uzun söhbətimiz olacaq. Açığı, hesab edirəm ki, o, kifayət qədər yaxşı əhval-ruhiyyədədir. Blokada ilə bağlı problem yoxdur. Onlar həmin regiondan çoxlu neft alırlar. Bizim heç bir problemimiz olmayıb".

ABŞ prezidentindən Çinin İran məsələsinə müdaxilə etməsinin vacibliyi barədə soruşulduqda isə o, Vaşinqtonun buna ehtiyac duymadığını bildirib:

“Düşünmürəm ki, İran məsələsində onların hər hansı köməyinə ehtiyacımız var. Biz istənilən halda qalib gələcəyik. Onların donanması məhv edilib. Hərbi hava qüvvələri məhv edilib. Hərbi maşının bütün elementləri sıradan çıxarılıb”.

Tramp Si Cinpinlə müzakirə ediləcək çoxsaylı məsələlərin olduğunu və İran mövzusunun əsas gündəm olmayacağını vurğulayıb:

“Ya razılaşma əldə edəcəyik, ya da onlar məhv ediləcəklər. Hər iki halda qalib gələcəyik. Çin lideri ilə görüşdə əsas diqqət ticarət münasibətlərinə yönələcək".

Rusiya-Ukrayna müharibəsinə də toxunan ABŞ prezidenti münaqişənin yekunlaşmağa yaxın olduğunu və yaxın vaxtlarda Moskva ilə Kiyev arasında həll yolunun tapılacağını deyib.

Rusiyanın neft sektoruna tətbiq olunan sanksiyaların yumşaldılmasının uzadılması ehtimalı ilə bağlı suala cavabında isə Tramp enerji böhranının qarşısını almaq üçün lazım olan bütün addımların atılacağını vurğulayıb.

ABŞ prezidenti əlavə edib ki, həm özü, həm də Si Cinpin qarşıdakı görüşü səbirsizliklə gözləyirlər: “Bu, möhtəşəm görüş olacaq. Si Cinpin mənim dostumdur”.

Qeyd edək ki, Trampı müşayiət edən nümayəndə heyətində müxtəlif sahələrin rəhbərləri, o cümlədən Tim Kuk, İlon Mask və Censen Hanq də yer alıb.

Xatırladaq ki, Donald Trampın Çinə dövlət səfəri mayın 15-dək davam edəcək. Bu, 2017-ci ildən bəri ABŞ prezidentinin Çinə ilk səfəri olacaq.

Politoloq Bakir Həsənbəyli qəzetimizə açıqlamasında deyib ki, dünya siyasəti ən təhlükəli mərhələlərdən birinə daxil olub. Yaxın Şərqdə genişlənən müharibə, Hörmüz boğazındakı faktiki blokada, enerji bazarlarında yaranan şok və ABŞ-Çin münasibətlərində başlayan yeni diplomatik proses artıq regional deyil, qlobal böhran xarakteri daşıyır: “Dünya yeni böyük iqtisadi depressiyaya doğru gedir. Vaşinqton və Pekin arasında əldə ediləcək razılaşmanın böhranı dayandıra biləcəyi hələ də şübhəlidir. ABŞ və İsrailin İrana qarşı başladığı əməliyyat bölgədə yüksək olan gərginliyi yeni mərhələyə keçirdi. İranın nüvə və hərbi infrastrukturunu hədəf alan əməliyyatlardan sonra Tehran cavab verdi. İran Hörmüz boğazı üzərində nəzarəti sərtləşdirdi və dünya iqtisadiyyatının ən həssas nöqtəsinə təzyiq göstərməyə başladı. Bu gün artıq Hörmüz boğazı formal olaraq tam bağlanmasa da, praktiki olaraq ciddi məhdudiyyətlər altında fəaliyyət göstərir. İranın boğazın müəyyən hissələrini minalaması, qeyri-dost ölkələrə aid tanker və yük gəmilərinə keçid məhdudiyyətləri tətbiq etməsi qlobal enerji bazarında şok effekti yaradır. Müharibədən əvvəl gündəlik normal axınla müqayisədə tanker trafikinin 70-90 faiz azalması beynəlxalq bazarlarda görünməmiş panika formalaşdırdı. Əslində məsələ yalnız enerji daşımaları ilə bağlı deyil. Hörmüz boğazı müasir qlobal iqtisadiyyatın əsas arteriyalarından biridir. Dünya neftinin təxminən dörddə biri və mayeləşdirilmiş təbii qazın böyük hissəsi məhz bu marşrut üzərindən daşınır. Tehran artıq bu məsələni sadəcə hərbi təzyiq vasitəsi deyil, yeni regional düzənin əsas elementi kimi görür. İran açıq şəkildə bildirir ki, müharibədən sonra Körfəz təhlükəsizlik sistemi dəyişməlidir və Hörmüz boğazı üzərində əsas nəzarət Tehranın əlində olmalıdır. Bu yanaşma faktiki olaraq ABŞ-ın onilliklər boyu bölgədə qurduğu təhlükəsizlik arxitekturasına meydan oxumaq deməkdir. İranın rüsum sistemi yaratmaq planı isə beynəlxalq ticarətin sərbəstliyi prinsipinə birbaşa zərbə vurur. Vaşinqton əvvəlcə vəziyyətə sərt cavab verməyə çalışdı. Tramp administrasiyası beynəlxalq ticarət gəmilərini hərbi konvoylarla müşayiət etmək planını gündəmə gətirdi. Məqsəd həm enerji axınını qorumaq, həm də İranın boğaz üzərində tam dominantlıq qurmasının qarşısını almaq idi. Lakin son günlərdə diqqətçəkən hadisə baş verdi. ABŞ əməliyyatı müvəqqəti şəkildə zəiflətməyə başlatdı və diplomatik kanallar ön plana çıxdı. Bunun əsas səbəbi isə Çindir. Hazırda dünyanın siyasi və iqtisadi taleyini müəyyən edə biləcək əsas proses Vaşinqton və Pekin arasında gedən gizli və açıq danışıqlardır. Trampın Pekinə planlaşdırılan səfəri adi diplomatik görüş deyil. Bu səfər artıq yeni dünya düzəninin müzakirə platforması kimi qiymətləndirilir”.

B.Həsənbəylinin fikrincə, Vaşinqton anlayır ki, İran üzərində real təsir imkanına sahib yeganə böyük güc məhz Çindir. Tehran iqtisadi baxımdan böyük ölçüdə Pekindən asılı vəziyyətə düşüb. İran neftinin əsas alıcısı Çin olaraq qalır və Qərb sanksiyalarına baxmayaraq tərəflər arasında enerji əməkdaşlığı davam edir. Buna görə də Tramp administrasiyası Pekinin vasitəçi roluna ciddi ümid bağlayır. Əraqçinin Pekinə səfəri də təsadüfi deyildi. Tehran Trampın səfəri öncəsi Çinlə strateji koordinasiyanı gücləndirməyə çalışır. İran rəhbərliyi başa düşür ki, mövcud böhran yalnız hərbi güclə idarə edilə bilməz. Ona görə də Çinlə münasibətlər artıq sadəcə iqtisadi əməkdaşlıq deyil, rejimin təhlükəsizlik strategiyasının əsas hissəsinə çevrilib. Ən diqqətçəkən məqamlardan biri isə Tehranın post-müharibə dönəmində regional təhlükəsizlik arxitekturası ideyasıdır. İran ilk dəfə açıq şəkildə Çinin Hörmüz boğazının təhlükəsizlik mexanizmlərində iştirakına yaşıl işıq yandıra biləcəyini göstərir. Bu isə olduqca böyük geosiyasi dəyişiklik deməkdir. Əgər Çin gələcəkdə Körfəz təhlükəsizlik sistemində aktiv iştirakçıya çevrilərsə, ABŞ-ın bölgədəki dominantlığı ilk dəfə ciddi şəkildə sarsıla bilər: “Tramp administrasiyası Çinlə dünyanın iki supergüc tərəfindən birgə idarə olunması ideyasını müzakirə edə bilər. Bu modeldə əsas məqsəd qarşıdurmanı azaltmaq və qlobal iqtisadi sistemin dağılmasının qarşısını almaqdır. Lakin bu danışıqların arxasında son dərəcə sərt geosiyasi bazarlıq gedir. Çin Trampın səfəri öncəsi Tayvan məsələsində Vaşinqtondan daha açıq mövqe tələb edir. Pekin artıq Tayvanın müstəqilliyini dəstəkləmirik formulunu kifayət hesab etmir və ABŞ-dan faktiki olaraq Tayvan müstəqilliyinə qarşı olduğunu bəyan etməsini istəyir. Əvəzində isə Vaşinqton Çindən İran üzərində təzyiq göstərməsini və Hörmüz böhranını yumşaltmasını gözləyir. Tramp administrasiyasının bəzi ticarət tariflərində güzəştlərə hazır olduğu barədə məlumatlar da məhz bu kontekstdə ortaya çıxır. İndi dünya bazarları, hökumətlər və investorlar bir suala fokuslanıb: Trampın Pekin səfəri nəticə verəcəkmi? Əgər ABŞ və Çin arasında minimum anlaşma əldə olunarsa, Hörmüz boğazında gərginlik müəyyən qədər azala bilər və dünya iqtisadiyyatı nəfəs almaq imkanı qazanar. Lakin danışıqlar uğursuz olarsa, qarşıdakı aylarda qlobal iqtisadiyyatın yeni və çox daha ağır böhran mərhələsinə daxil olması ehtimalı olduqca yüksək görünür”.

Politoloq Mürtəza Bünyadlı isə deyib ki, son illərdə dünya artıq təkqütblü sistemdən sürətlə uzaqlaşır. Uzun illər beynəlxalq münasibətlər sistemində hegemon güc kimi çıxış edən ABŞ bu gün özünə real və sistemli rəqibin formalaşdığını açıq şəkildə hiss edir. Bu rəqib isə heç şübhəsiz ki, Çindir. Son onilliklər ərzində Pekin yalnız iqtisadi nəhəng kimi deyil, həm də səssiscə geosiyasi, texnoloji və hərbi güc mərkəzi kimi formalaşıb. Dünyanın istehsal bazasına çevrilən Çin artıq qlobal qərarların qəbulunda əsas aktor statusundadır. Bu reallıq isə Vaşinqtonu ciddi narahat edir. Çünki ABŞ anlayır ki, Çinin yüksəlişi təkcə iqtisadi rəqabət deyil, eyni zamanda bütövlükdə dünya düzəninin dəyişməsi gücünə malik gücdür. Bu baxımdan ABŞ Prezidenti Donald Trumpın mayın 13–15-də Pekinə gözlənilən səfəri sıradan diplomatik görüş deyil. Bu səfər yeni dünya düzəninin gələcəyi uğrunda aparılan böyük geosiyasi savaşın ən kritik mərhələlərindən biri hesab olunur: “Müasir beynəlxalq münasibətlərdə əsas qarşıdurma demokratiya-avtoritarizm xəttindən daha çox “təkqütblü dünya” ilə “çoxqütblü dünya” arasında gedir. ABŞ mövcud qlobal sistemi qorumağa çalışır. Çünki dolların beynəlxalq hegemoniyası, NATO-nun təhlükəsizlik sistemi, Qərbin texnologiya üstünlüyü və maliyyə institutları Vaşinqtonun qlobal liderliyinin əsas dayaqlarıdır. Lakin Çin, Rusiya, İran, müəyyən mənada isə Hindistan və BRICS məkanındakı digər ölkələr yeni güc balansı formalaşdırmağa çalışırlar. Onların əsas məqsədi dünyanı Qərb dominantlığından çıxarmaqdır. Bu prosesin ən mühüm hədəflərindən biri dollar hegemonluğunu zəiflətməkdir. Çünki ABŞ-nin əsas qlobal gücü təkcə ordusu deyil, həm də dollar sistemidir. Dünya enerji bazarının, beynəlxalq ticarətin və maliyyə dövriyyəsinin böyük hissəsi dollar üzərindən həyata keçirildiyi üçün Vaşinqton istənilən ölkəyə sanksiya tətbiq edə bilir. Çin isə yuanın beynəlxalq mövqeyini gücləndirməyə, alternativ ödəniş sistemləri yaratmağa və yeni iqtisadi blok formalaşdırmağa çalışır. Bu isə əslində iqtisadi müharibənin başlanğıcıdır”.

Cavid