
Beynəlxalq urbanizasiya proseslərinin sürətləndiyi və şəhərlərin həm iqtisadi inkişafın, həm də ekoloji risklərin əsas mərkəzinə çevrildiyi bir dövrdə Azərbaycanın bu sahədə mövqeyi getdikcə daha aydın və strateji xarakter alır. Xüsusilə COP29 kimi mühüm beynəlxalq tədbirə uğurla ev sahibliyi etməsi ölkənin qlobal iqlim gündəliyində rolunu əhəmiyyətli dərəcədə gücləndirmişdir. COP29 çərçivəsində formalaşan dekarbonizasiya, enerji səmərəliliyi, yaşıl texnologiyalar və davamlı infrastruktur kimi prioritetlər Azərbaycanın inkişaf strategiyasında yeni mərhələnin əsas istiqamətlərini müəyyənləşdirmişdir. Bu da onu göstərir ki, ölkə yalnız enerji resursları ilə deyil, həm də yaşıl transformasiya istiqamətində irəli sürdüyü təşəbbüslərlə seçilən aktor kimi çıxış edir. Əldə olunan nəticələr Azərbaycanın beynəlxalq öhdəliklərə sadiqliyini nümayiş etdirməklə yanaşı, onun uzunmüddətli inkişaf modelinin ekoloji davamlılıq üzərində qurulduğunu da təsdiqləyir.
Bütün bu transformasiyalar yaxın günlərdə keçiriləcək Dünya Şəhərsalma Forumu (WUF13) çərçivəsində Azərbaycanın rolunu daha da ön plana çıxaracaq. Dünya Şəhər Forumu şəhərlərin inkişaf sahəsində beynəlxalq baxışın formalaşdırıldığı əsas platformalardan biri kimi çıxış edir və bu yeni reallıqlar əsasında şəhərlərin inkişaf modelinin yenidən düşünülməsini hədəfləyir. Bu baxımdan forum yalnız müzakirə məkanı deyil, həm də praktik yanaşmaların formalaşdırıldığı strateji platforma kimi qiymətləndirilməlidir.
Forum çərçivəsində ön plana çıxan əsas istiqamətlərdən biri şəhərlərin dayanıqlı və inklüziv inkişaf modelinə keçididir. Müasir şəhər artıq yalnız iqtisadi fəaliyyətin mərkəzi deyil həm də sosial bərabərliyin təmin olunduğu, ekoloji balansın qorunduğu və innovasiyaların tətbiq edildiyi kompleks sistem kimi nəzərdən keçirildiyi məkandır. Bu da şəhər siyasətinin daha geniş və inteqrasiya olunmuş şəkildə formalaşdırılmasını tələb edir. Eyni zamanda şəhərlərin idarə olunmasında data əsaslı qərarvermə, rəqəmsal texnologiyaların tətbiqi və vətəndaş iştirakının artırılması kimi amillər də ön plana çıxır ki, bu da urban idarəçiliyin keyfiyyətcə yeni mərhələyə keçidini şərtləndirir.
Bu prosesdə vətəndaş cəmiyyətinin rolu da xüsusi əhəmiyyət daşıyır. Müasir şəhər inkişaf modeli sadəcə dövlət siyasəti ilə məhdudlaşmır, eyni zamanda vətəndaş cəmiyyətləri də da bu prosesin mühüm iştirakçılarına çevrilir. Onlar şəhər planlaşdırılmasında ictimai rəyin formalaşdırılmasına, yerli ehtiyacların daha dəqiq müəyyənləşdirilməsinə və sosial layihələrin icrasında iştirakçılığın genişlənməsinə töhfə verirlər. Xüsusilə WUF13 kimi platformalar vətəndaş cəmiyyətinin səsini beynəlxalq müzakirələrə daşımaq və şəhər siyasətini daha inklüziv etmək baxımından mühüm imkanlar yaradır. Azərbaycanda da bu istiqamətdə müxtəlif vətəndaş cəmiyyətləri urban inkişaf prosesinə cəlb olunaraq həm maarifləndirici, həm də praktiki layihələrin icrasında iştirak edirlər ki, bu da ictimai iştirakçılıq mədəniyyətinin güclənməsinə xidmət edir.
Forumda diqqət çəkən digər mühüm məqam şəhərlərin iqtisadi dayanıqlığının gücləndirilməsidir. Beynəlxalq qeyri-müəyyənliklərin və iqtisadi dalğalanmaların davam etdiyi bir vaxtda şəhərlərin investisiya cəlbediciliyinin qorunması, yeni iş yerlərinin yaradılması və innovativ iqtisadi fəaliyyət sahələrinin inkişafı prioritet məsələlər kimi çıxış edir. Azərbaycan bu prosesdə passiv müşahidəçi deyil, aktiv iştirakçı kimi çıxış edir. Ölkədə həyata keçirilən urban inkişaf layihələri, xüsusilə Qarabağ və ətraf ərazilərdə yenidənqurma prosesi çərçivəsində “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyalarının tətbiqi bu baxımdan xüsusi diqqət çəkir. Bu yanaşma yalnız müasir infrastrukturun qurulmasını deyil, eyni zamanda rəqəmsal idarəetmə, alternativ enerji mənbələrinin istifadəsi və resursların səmərəli idarə olunmasını əhatə edir. Qarabağda həyata keçirilən layihələr faktiki olaraq urban inkişafın yeni modelinin sınaq meydançası kimi çıxış edir və bu model gələcəkdə ölkənin digər regionlarına da tətbiq olunacaqdır.
Bununla yanaşı, Azərbaycanın urban inkişaf strategiyası regional balansın qorunmasına da yönəlib. Şəhərlərlə yanaşı, regionlarda da ərazilərin inkişafına diqqətin artırılması, infrastrukturun genişləndirilməsi və sosial xidmətlərin əlçatanlığının təmin olunması ölkədə inklüziv inkişaf modelinin formalaşmasına xidmət edir. Bu da urbanizasiya prosesinin yalnız iri şəhərlərdə cəmlənməsinin qarşısını almağa və daha balanslı məskunlaşma siyasətinin həyata keçirilməsinə imkan yaradır.
WUF13 Azərbaycanın urban inkişaf strategiyasının qlobal kontekstdə daha aydın şəkildə mövqelənməsinə xidmət edən mühüm platformadır. Proses ölkənin yalnız regional deyil, beynəlxalq səviyyədə də urban inkişafın formalaşmasında iştirak edən aktora çevrildiyini göstərir. Azərbaycanın bu istiqamətdə atdığı addımlar onun gələcək inkişaf modelinin dayanıqlılıq, inklüzivlik və innovasiya prinsipləri üzərində qurulduğunu təsdiqləməklə yanaşı, ölkənin uzunmüddətli strateji baxışının da məhz bu prinsiplərə əsaslandığını nümayiş etdirir.
Əli Səlimov, iqtisadçı