ATƏT-in Minsk Qrupu: diplomatik uğursuzluq nümunəsi Gündəm

ATƏT-in Minsk Qrupu: diplomatik uğursuzluq nümunəsi

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün 1992-ci ildə yaradılmış ATƏT-in Minsk Qrupu 30 ilə yaxın fəaliyyətdə olduğu müddətdə sülh prosesində heç bir vasitəçi rol oynamadı. Əksinə, öz fəaliyyətsizliyi ilə seçildi. Azərbaycan isə işğal altında olan torpaqlarını öz iradəsi, gücü hesabına geri qaytardı. Azərbaycan torpaqlarını işğaldan azad edib, ərazi bütövlüyünü bərpa edəndən bir müddət sonra isə bu qurumun onsuz da olmayan fəaliyyəti dayandırıldı.

Prezident İlham Əliyev Zəngilana köçən ailələrlə görüşü zamanı bu qurumun fəaliyyəti dövründə münaqişənin həllində heç bir rol oynamadığından və uğursuzluğundan söz açdı. Ölkə başçısı vurğuladı ki, Minsk Qrupu diplomatik utanc, riyakarlıq, ikili standartlar və müstəmləkə təfəkkürünün nümunəsi kimi diplomatiya tarixində qalacaq.

“Xalq Cəbhəsi” məsələni millət vəkilləri ilə müzakirə edib.

Milli Məclisin deputatı Aydın Hüseynov söyləyib ki, ATƏT-in Minsk Qrupu uzun illər ərzində Azərbaycan-Ermənistan münaqişəsinin həlli ilə məşğul olsa da, nəticə etibarilə bu format özünü doğrultmadı: “Azərbaycan cəmiyyətində formalaşan əsas fikir ondan ibarətdir ki, Minsk Qrupu problemin həllindən daha çox mövcud vəziyyətin uzadılmasına xidmət edib. İşğal altında olan torpaqlarda dağıntılar, qanunsuz məskunlaşma və tarixi-mədəni irsin məhv edilməsi illərlə davam etsə də, həmsədr dövlətlər buna ciddi münasibət göstərmədilər. Minsk Qrupunun həmsədrləri olan Amerika Birləşmiş Ştatları, Rusiya və Fransa dünya siyasətində böyük təsir imkanlarına malik dövlətlərdir. Bu ölkələrin BMT Təhlükəsizlik Şurasının daimi üzvləri olması onların məsuliyyətini daha da artırırdı. Çünki BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrdə Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərindən çıxması açıq şəkildə tələb olunurdu. Lakin illər boyu həmin sənədlərin icrası təmin edilmədi və bu vəziyyət beynəlxalq hüquqa inamı zəiflətdi”.

“Vasitəçilər prosesə laqeyd yanaşıblar”

Deputat vurğulayıb ki, həmsədrlərin “münaqişənin hərbi həlli yoxdur” fikrini davamlı şəkildə təkrarlaması da Azərbaycanda ikili yanaşma kimi qiymətləndirilirdi: “Çünki faktiki olaraq işğal davam edir, Ermənistan isə vaxt qazanırdı. Hətta müəyyən dövrlərdə “Şimali Qarabağ” kimi ifadələrin ortaya çıxması Azərbaycan cəmiyyətində ciddi narazılıq doğururdu. Bu cür yanaşmalar Azərbaycanın ərazi bütövlüyünə qarşı siyasi və diplomatik təzyiq kimi qəbul edilirdi. İşğal dövründə məscidlərin dağıdılması, şəhərlərin viran qoyulması və tarixi abidələrin məhv edilməsi də beynəlxalq vasitəçilərin gözü qarşısında baş verirdi. Ağdam, Füzuli, Cəbrayıl və digər şəhərlərin vəziyyəti bunun açıq nümunəsi idi. Buna baxmayaraq Minsk Qrupundan ciddi reaksiya verilmədi. Azərbaycan tərəfi hesab edirdi ki, vasitəçilər neytral mövqe nümayiş etdirmək əvəzinə prosesə laqeyd yanaşıblar”.

“Vətən müharibəsindən sonra vəziyyət tamamilə dəyişdi”

A.Hüseynovun sözlərinə görə, 44 günlük Vətən müharibəsindən sonra vəziyyət tamamilə dəyişdi və Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi: “Bundan sonra Prezident İlham Əliyevin Minsk Qrupunun fəaliyyəti ilə bağlı sərt mövqeyi mütəmadi olaraq səsləndirildi. Prezidentin 2022-ci ilin dekabrında həmsədrlərlə bağlı söylədiyi “Mən Minsk Qrupunu dəvət etməmişəm” fikri artıq bu formatın siyasi baxımdan əhəmiyyətini itirdiyini göstərirdi. Bu açıqlama Azərbaycan tərəfinin keçmiş vasitəçilik mexanizminə etimad göstərmədiyini nümayiş etdirirdi. Minsk Qrupu ilə bağlı müxtəlif iddialar və müzakirələr də illər ərzində geniş yayılıb. Xüsusilə şəxsi maraqlar, bölgədə uzunmüddətli status-kvonun saxlanılması və prosesin nəticəsiz qalması barədə fikirlər tez-tez gündəmə gətirilirdi. Bu fonda qurumun fəaliyyəti bir çoxları tərəfindən diplomatik uğursuzluq nümunəsi kimi qiymətləndirilir”.

“Bu struktur siyasi maraqların təsiri altında fəaliyyət göstərib”

O həmçinin deyib ki, nəticədə, Minsk Qrupu bu gün artıq faktiki olaraq fəaliyyət göstərməyən və tarixdə uğursuz vasitəçilik modeli kimi xatırlanan bir quruma çevrilib: “Azərbaycan cəmiyyətində formalaşan fikir ondan ibarətdir ki, bu struktur illərlə beynəlxalq hüququn deyil, siyasi maraqların təsiri altında fəaliyyət göstərib. Buna görə də Minsk Qrupu bir çoxları üçün diplomatik riyakarlıq, ikili standartlar və nəticəsiz siyasətin simvolu kimi yadda qalır”.

“Təsirli mexanizm formalaşdıra bilmədi”

Milli Məclisin deputatı Pərvanə Vəliyeva bildirib ki, BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsində Ermənistanın himayəsi altında fəaliyyət göstərən erməni silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən qeyd-şərtsiz çıxarılması açıq şəkildə tələb olunsa da, ATƏT-in Minsk Qrupu bu sənədlərin icrasını təmin edəcək təsirli mexanizm formalaşdıra bilmədi: “Həmsədrlər daim münaqişənin hərbi həll yolunun olmadığını vurğulayırdılar. Hətta müəyyən dövrdə Ermənistanla birgə “Şimali Qarabağ” ifadəsini gündəmə gətirməklə mövcud vəziyyəti legitimləşdirməyə çalışırdılar. Ümummilli Lider Heydər Əliyev və Prezident İlham Əliyevin dövründə formalaşmış ən əsas prinsip ondan ibarətdir ki, ölkənin təhlükəsizliyinin əsas qarantı elə Azərbaycan dövlətinin özü olmalıdır. Yəni ordu quruculuğu, iqtisadi güc və diplomatik siyasət daxili imkanlarla gücləndirilməlidir”.

“ATƏT-in Minsk Qrupu kimi fəaliyyətsiz qurumlar tarixə qovuşdu”

P.Vəliyeva qeyd edib ki, 2020-ci ilin Vətən müharibəsi ilə Azərbaycan öz gücü və resursları ilə BMT Təhlükəsizlik Şurasının işğalla bağlı qəbul etdiyi qətnamələrin icrasına nail oldu: “Bu, eyni zamanda, onu göstərdi ki, Azərbaycan kənar qüvvələrin qərar və dəstəyinə yox, öz hərbi-siyasi potensialına arxalanmağı üstün tutur. Yeni dünya düzəni Cənubi Qafqazdan, məhz, Azərbaycanın regionda yaratdığı yeni reallıqlardan başladı. Beynəlxalq hüquq və çoxtərəflilik artıq heç bir münaqişənin həllində rol oynaya bilməməsi, güc faktorunun münaqişələri həll etməsi faktı təsdiqləndi. ATƏT-in Minsk Qrupu kimi fəaliyyətsiz qurumlar tarixə qovuşdu. Azərbaycan tarixi Zəfər qazandı. Yarandığı gündən konstruktiv və ədalətli fəaliyyət göstərə bilməyən Minsk Qrupu Azərbaycan ictimaiyyəti və rəhbərliyi tərəfindən dəfələrlə tənqid edilib. ATƏT-in Minsk Qrupuna rəhbərlik edən həmsədr ölkələr işğalın legitimləşdirilməsinə çalışmış, lakin Azərbaycan xalqı işğalla heç zaman barışmamışdı. Xarici vasitəçilərin nəticəsiz fəaliyyəti fonunda ölkəmiz müstəqil siyasət kursunu ardıcıl şəkildə gücləndirdi. Bununla da Minsk Qrupunun mövcudluğuna ehtiyac tamamilə aradan qalxdı”.

Azərbaycanın diplomatiya tarixində mühüm mərhələ

Onun sözlərinə görə, 8 avqust Vaşinqton görüşündə Prezident İlham Əliyevin prinsipial diplomatik addımları nəticəsində Ermənistan şərtlərimizlə razılaşmağa məcbur edildi, Minsk Qrupunun ləğvi təmin olundu: “Bu, Azərbaycanın diplomatiya tarixində mühüm mərhələdir. Bunlar sıravi dövlətlər deyil, nüvə silahına malik, BMT Təhlükəsizlik Şurasının daimi üzvləri olan ölkələr idi ki, qarşımızda dayanmışdı. Hər biri bu işğalı əbədi etmək, bundan bir alət kimi istifadə etmək və nəticə etibarilə Azərbaycan xalqına rahat nəfəs almaq imkanı verməmək üçün dəridən-qabıqdan çıxırdı. Dövlət Başçımız qeyd edib ki, təkcə həmin ölkələr deyil, digər qüvvələr də Azərbaycanın qələbəsini istəmirdi. Ancaq Azərbaycan siyasi iradəsi ilə bütün bu maneələri aşaraq öz sözünü dedi”.

Röya İsrafilova