Dünya mis bazarı: artan qiymətlər və yeni fürsətlər İqtisadiyyat

Dünya mis bazarı: artan qiymətlər və yeni fürsətlər

Dünya bazarında mis qiymətləri Yaxın Şərqdə münaqişə fonunda qlobal təklifin azalması səbəbindən rekord həddə yaxınlaşır. AZƏRTAC xəbər verir ki, qlobal miqyasda artan təchizat riskləri nəticəsində misin bir tonunun qiyməti 14 min dollardan yuxarı qalxıb. London Metal Birjasında (LME) misin bir tonunun qiyməti ardıcıl 8-ci ticarət günündə də bahalaşaraq 14 min 196 dollara çatıb. Bu səviyyə yanvar ayında müşahidə olunan tarixi rekord olan 14 min 527 dollara çox yaxındır.

Qlobal miqyasda misə olan tələbat, xüsusən də Çində artan istehlak səbəbindən davamlı olaraq yüksəlir. Dünyanın ən böyük istehlakçısı olan Çində elektrik şəbəkələri, bərpaolunan enerji mənbələrinə investisiyalar və süni intellekt sektoru mis tələbatını dəstəkləyir.

Qeyd edək ki, Yaxın Şərqdə münaqişənin başlanğıcından bəri əsas metalların qiymətində kəskin dalğalanmalar qeydə alınır. İlin əvvəlində mis qiymətləri rekord həddə çatıb. Ötən ilin noyabr ayının ortalarından bəri misin qiyməti 20 faizdən çox, ötən il ərzində isə 42 faizədək bahalaşıb. Mis məlumat mərkəzləri və elektriklə işləyən avtomobillərin batareyaları kimi sahələrdə geniş istifadə olunur.

Azərbaycan da mis ixracatçısıdır. 2024-cü ildə Azərbaycan xaricə 28 milyon dollarlıq mis və ondan hazırlanan məmulatlar ixrac edib. 2025-ci ildə isə bu rəqəm 38 milyon dollara yüksəlib. İxracatçı ölkə kimi Azərbaycan da misin bahalaşmasında maraqlıdır. 2026-cı ilin yanvar-mart aylarında Azərbaycanda 3767 ton mis konsentratı istehsal edilib. Dövlət Statistika Komitəsinin məlumatına əsasən sözügedən məmulatların istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə 3,2 min ton və ya 7,1 dəfə artıb. Bu ilin aprelin 1-i vəziyyətinə sənaye müəssisələrinin anbarlarında hazır mis konsentratı ehtiyatı 2762 ton təşkil edib. Ümumilikdə, hesabat dövründə mədənçıxarma sənayesində istehsalın ümumi dəyəri 8,7 milyard manat olmaqla, əvvəlki ilin müvafiq dövrünə nisbətən 0,7% azalıb.

Azərbaycanın mis filizləri və konsentratlarının daxildəki hasilatındakı sıçrayış 2025-ci ilin ixracında da böyük təkan verib. Bu dövrdə ixrac həcmi 22.95 min ton təşkil edib ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 28 dəfə çoxdur. İxracdan əldə olunan gəlir isə 43.58 milyon dollar olub və illik müqayisədə 26 dəfə artım qeydə alınıb. 2025-ci ilin ilk 11 ayında mis filizləri və konsentratlarının ixracı 0.82 min ton, dəyər ifadəsində isə 1.69 milyon dollar səviyyəsində olmuşdu.

2025-ci ilin yanvar–noyabr aylarında əsas ixrac istiqaməti Gürcüstan olub. Bu ölkəyə 20.82 min ton həcmində, 38.81 milyon dollar dəyərində mis filizləri və konsentratları ixrac edilib. İsveçrəyə ixrac 1.28 min ton və 3.89 milyon dollar, Özbəkistana isə 0.85 min ton və 0.87 milyon dollar təşkil edib. 2024-cü ilin ilk 11 ayında ixrac əsasən İsveçrəyə yönəlmişdi.

Orta ixrac qiymətinə gəldikdə, 2025-ci ilin ilk 11 ayında bir ton mis filizləri və konsentratlarının orta ixrac qiyməti 1.90 min dollar olub. Bu göstərici 2024-cü ilin eyni dövründə 2.06 min dollar səviyyəsində idi. Beləliklə, orta ixrac qiyməti illik müqayisədə 7.7% azalıb. Qeyd edək ki, konsentrat qiymətləri birbaşa mis metalının qiymətindən uzaqdır və adətən aşağı nisbi məbləğlə müəyyən edilir. Məsələn, London Metal Birşasında misin bir ton üçün qiyməti 12 500–13 000 dollar ətrafında ticarət olunub.

Dövlət Statistika Komitəsinin məlumatına görə, Azərbaycanda 2025-ci ilin 11 ayında ümumi mis konsentratının istehsalı 6 421 ton olmaqla illik 33 dəfə artmışdı. Hasilatı həyata keşirən Britaniyada şirkəti “Anglo Asian Mining” Azərbaycanda, o cümlədən Dəmirli və Gədəbəy zonalarında hasilat aparır. 2025-ci ildə şirkətin mis konsentratı istehsalı 23 148 ton qədər olub və satılan miqdar təxminən 20 317 ton təşkil edib, bu, əvvəlki ilə nisbətən böyük artımdır. Mədən şirkəti 2025-ci il üçün ilkin proqnozlara görə mis çıxarılması 8 100–9 000 ton səviyyəsində idi, lakin real çıxış qismən texniki baxımdan aşağı – 7 915 ton civarında olub. Qeyd edək ki, “Anglo Asian Mining PLC” Azərbaycanda yüksəkkeyfiyyətli hasilat və kəşfiyyat aktivləri portfelinə malik qızıl, mis və gümüş istehsalçısıdır.

Dəmirli mədəni planlaşdırıldığı kimi 2025-də təxminən 4 000 ton mis konsentratı istehsal etməyə başlamış və bu göstəricinin 2026-dan etibarən təxminən 15 000 ton ilbəil səviyyəsinə yüksələcəyi proqnozlaşdırılır. “Anglo Asian Mining”in strateji planlarına görə, 2030-cu ilədək qlobal mis bazarında daha böyük rol almaq üçün gələcək illərdə həm hasilatı, həm də ixrac həcmini daha da artırmaq nəzərdə tutulur. Məsələn, müəyyən sənaye mənbələri qeyd edir ki, Dəmirli və digər aktivlər ilə birlikdə şirkət 2030-cu ilə doğru 50 000–55 000 ton civarında illik mis hasilatı potensialına çatmağa çalışır.

Müasir dünyada enerji təhlükəsizliyi, rəqəmsallaşma və “yaşıl iqtisadiyyat” uğrunda gedən qlobal rəqabət strateji metallara olan marağı daha da artırıb. Bu metallardan biri də misdir. Bir vaxtlar əsasən elektrik naqilləri və tikinti sektorunda istifadə olunan mis bu gün artıq dünya iqtisadiyyatının ən vacib strateji resurslarından birinə çevrilib. Ekspertlərin fikrincə, yaxın onilliklərdə misə sahib olan ölkələr qlobal iqtisadi sistemdə daha mühüm mövqe tuta biləcəklər.

Hazırda dünya mis bazarında əsas istehsalçı ölkə Çilidir. Bu ölkə qlobal mis hasilatının təxminən dörddə birini təmin edir. Çili ilə yanaşı Peru, Konqo Demokratik Respublikası, Çin, ABŞ və Avstraliya da iri istehsalçılar sırasındadır. Dünyanın ən böyük mis şirkətlərindən biri olan Codelco isə beynəlxalq bazarda mühüm rol oynayır.

Mütəxəssislər bildirirlər ki, misə tələbatın artmasının əsas səbəbi yaşıl enerji keçididir. Günəş və külək elektrik stansiyalarının qurulması, elektrik şəbəkələrinin modernləşdirilməsi, elektromobillərin istehsalı və enerji saxlama sistemlərinin inkişafı böyük həcmdə mis tələb edir. Əgər ənənəvi avtomobildə orta hesabla 20-25 kiloqram mis istifadə olunursa, elektromobillərdə bu göstərici 70-80 kiloqrama qədər yüksəlir. Bu baxımdan Tesla, BYD və digər elektrik avtomobili istehsalçılarının fəaliyyəti mis bazarına birbaşa təsir göstərir.

Dünyanın ən böyük mis istehlakçısı isə Çindir. Qlobal mis istehlakının təxminən yarısı bu ölkənin payına düşür. Çin iqtisadiyyatında baş verən hər hansı dəyişiklik dünya mis qiymətlərində dərhal özünü göstərir. Son illərdə Çində tikinti sektorunun zəifləməsi müəyyən dövrlərdə mis qiymətlərinin aşağı düşməsinə səbəb olsa da, yaşıl enerji layihələrinin genişlənməsi bazardakı tələbatı yenidən artırıb.

Beynəlxalq ekspertlər hesab edirlər ki, yaxın illərdə dünya mis bazarında ciddi təklif çatışmazlığı yarana bilər. Çünki mövcud yataqlarda filizin keyfiyyəti aşağı düşür, yeni yataqların işlənməsi isə böyük investisiyalar tələb edir. Bundan əlavə, mis hasilatı ekoloji problemlərlə də müşayiət olunur. Su ehtiyatlarının çirklənməsi, torpaq deqradasiyası və karbon emissiyalarının artması bir sıra ölkələrdə ciddi narahatlıq yaradır. Bu səbəbdən son illərdə təkrar emal edilmiş misin rolu da artır. Mis öz keyfiyyətini itirmədən dəfələrlə emal oluna bildiyi üçün “yaşıl metal” hesab edilir. Avropa ölkələri və ABŞ təkrar emal sənayesinə böyük sərmayələr yönəldirlər.

Mis bazarında qiymətlərin formalaşmasında beynəlxalq birjalar mühüm rol oynayır. Əsas ticarət mərkəzləri sırasında London Metal Exchange, COMEX və Shanghai Futures Exchange xüsusi yer tutur. Burada formalaşan qiymətlər dünya sənaye bazarları üçün əsas göstərici hesab edilir.

Mütəxəssislərin qənaətinə görə, mis XXI əsrin “strateji metalları” sırasında ilk yerlərdən birini tutacaq. Yaşıl enerji keçidi, süni intellekt texnologiyalarının inkişafı, data mərkəzlərinin genişlənməsi və elektromobil sənayesinin sürətli artımı misə olan tələbatı daha da yüksəldəcək.

Azərbaycan üçün də bu istiqamət xüsusi əhəmiyyət daşıyır. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında mövcud faydalı qazıntı ehtiyatları gələcəkdə ölkənin dağ-mədən və metallurgiya sənayesinin inkişafı üçün yeni imkanlar yarada bilər. Ekspertlər hesab edirlər ki, işğaldan azad edilmiş ərazilərdə müasir sənaye zonalarının yaradılması və ixracyönümlü metallurgiya müəssisələrinin qurulması qeyri-neft sektorunun inkişafına mühüm töhfə verə bilər.

Beləliklə, dünya müasir mis bazarında baş verən proseslər göstərir ki, bu metal artıq təkcə sənaye xammalı deyil, həm də qlobal iqtisadi və geosiyasi rəqabətin mühüm alətlərindən birinə çevrilib.

Mahir Həmzəoğlu