Tramp 8 ölkədən gələnlərə yeni qadağalar qoydu Dünya

Tramp 8 ölkədən gələnlərə yeni qadağalar qoydu

ABŞ prezidenti Donald Tramp səkkiz ölkədən Birləşmiş Ştatlara gedənlərə yeni qadağalar qoyub, yəni vaxtı bitmiş səyahət qadağasını əvəzləyib. Trampın sentyabrın 24-də imzaladığı sənəddə Çad, İran, Liviya, Şimali Koreya, Somali, Suriya, Venesuela və Yəmən vətəndaşlarına aid olunacaq qadağalar sadalanır. Sudan vətəndaşlarına məhdudiyyətlər qaldırılıb. Ancaq İraqdan gələnlər gücləndirilmiş yoxlamaya məruz qalır, səyahət qadağasından isə azaddırlar.
Bu qaydalar oktyabrın 18-də qüvvəyə minəcək. Oktyabrın 10-da isə məhkəmə Trampın öncəki qadağasının hüquqi tərəflərinə dair dinləmə keçirəcək. "Amerikanı təhlükəsiz etmək mənim prioritetimdir. Təhlükəsizliyini yoxlaya bilmədiyimiz şəxsləri ölkəmizə buraxa bilmərik", – Tramp Tvitter-də yazıb. Birləşmiş Ştatlara səyahətin məhdudlaşdırılması tədbirlərinə bunlar daxildir – Suriya kimi ölkə vətəndaşlarına viza verilməsi qeyri-müəyyən müddətə yasaqlanır; Venesuela vətəndaşlarına qeyri-mühacir vizalarının verilməsi dayandırılır və sairə.
Siyahıda cəmi iki qeyri-müsəlman ölkəsi var – Venesuela və Şimali Koreya. Qüvvədə olan qadağa isə beynəlxalq qəzəb doğurmuş, məhkəmə iddialarına yol açmışdı. Martda qüvvəyə minən qadağanın müddəti sentyabrın 24-də başa çatır. Rəsmilər yeni məhdudiyyətləri əvvəlkindən daha hədəfli adlandırırlar. Hər bir ölkəyə qarşı konkret qadağalar olsa da, ümumilikdə, bu ölkələrin vətəndaşları Birləşmiş Ştatlara daimi mühacirət edə bilməyəcəklər. Çoxunun Amerikaya işləməyə, oxumağa, yaxud istirahətə gəlməsi də yasaqlanır. Bu haqda "The New York Times" qəzeti yazır.
Məsələn, İran tələbə mübadiləsi proqramları çərçivəsində vətəndaşlarını Birləşmiş Ştatlara göndərə biləcək, amma onlar da daha ətraflı yoxlamaya məruz qalacaqlar. Venesuela hökumətinin bəzi rəsmilərinin və ailə üzvlərinin ABŞ-a getməsi qadağan olunur. Somalililər daha Birləşmiş Ştatlara mühacirət edə bilməyəcəklər, amma əlavə yoxlamadan keçərək səyahətə gedə bilərlər. Administrasiya rəsmilərinin sözlərinə görə, yeni qaydalar Birləşmiş Ştatların daimi rezidentlərinə aid deyil. Eləcə də, siyahıdakı ölkələrdən əlində vizası olanların da vizası ləğv edilməyəcək. Yəni, bu o deməkdir ki, artıq ABŞ-da olan tələbələr təhsillərini, şirkətlərdə çalışanlarsa vizalarının vaxtı bitənədək çalışa biləcəklər. Viza müddəti bitənlər qadağaya məruz qalacaq.
Birləşmiş Ştatlara qaçqın kimi getmək istəyənlərə isə yeni qaydalar aid deyil. Hazırda qaçqınların girişi prezidentin əvvəlki səyahət qadağasıyla yasaqlanıb. Administrasiya rəsmiləri qaçqınlar üçün yeni qaydaların hazırlandığını, bir neçə günə elan ediləcəyini bildiriblər.
Prezidentin yeni qaydalarına reaksiyalar yubanmayıb. İlkin qadağanı tənqid edənlər yeni qaydalardan da narahatlıq dilə gətiriblər. "Prezident Trampın hədəfə aldığı ölkələrdən altısının əhalisi, əsasən, müsəlmanlardır. ABŞ-a az sayda vətəndaşı gedən Şimali Koreyanın, eləcə də Venesueladan bir neçə hökumət rəsmisinin siyahıya əlavə olunması yeni sərəncamın müsəlman qadağası olması faktını ört-basdır etmir", – Amerika Mülki Azadlıqlar Birliyinin icraçı direktoru Anthony D.Romero deyib. "Prezident Trampın müsəlmanları hədəfə almaqla işlətdiyi günah digərlərini düşmən siyahısına salmaqla müalicə oluna bilməz", – Romero vurğulayıb. Ancaq administrasiya rəsmiləri prezidentin səyahət qadağasının müsəlmanları hədəfə almadığını, hər bir ölkənin təhlükəsizlik qabiliyyətinə uyğun dəyərləndirmə aparıldığını bildirir.