Kataloniya birtərəfli qaydada müstəqillik elan edə bilər Dünya

Kataloniya birtərəfli qaydada müstəqillik elan edə bilər

Jeneralitetin (Kataloniya hökuməti) sədri Karles Puçdemon hələ ki, birtərəfli qaydada muxtariyyətin müstəqilliyinin elan olunması barədə konkret bir söz deyə bilmir.
Puçdemonun sözlərinə görə, belə bir vəziyyət İspaniya hökumətinin referenduma maneçilik törədəcəyi və ya müstəqilliyə səs verənlərin sayının digərlərindən xeyli çox olacağı təqdirdə yarana bilər. "Hazırda Kataloniya hökuməti birtərəfli qaydada müstəqillik elan etmək imkanını müzakirə etmir, lakin mən bu variantı istisna etmirəm", - deyə o əlavə edib. Kataloniya lideri bu məsələnin onun səlahiyyətinə daxil olmadığını, lakin hökumət üzvlərinin hər hansı birinin belə bir təkliflə çıxış edəcəyi təqdirdə "onu müzakirə edə biləcəklərini" deyib.
Puçdemon İspaniyanın Konstitusiya məhkəməsinin qadağasına baxmayaraq muxtariyyətin müstəqilliyi barədə səsvermənin oktyabrın 1-də keçirilməsində israr edir. O bildirib ki, səsvermə nəticələrinin qiymətləndirilməsində seçkilərdə iştirak faizi hesaba alınmayacaq, çünki İspaniya qanunvericiliyində hər hansı minimum təyin olunmayıb.
Xatırladaq ki, İspaniya mülki qvardiyası sentyabrın 20-də Barselonada xüsusi əməliyyatlar keçirdikdən sonra regionda vəziyyət gərginləşib. Əməliyyatlar nəticəsində 14 nəfər saxlanılıb (onların hamısı sonradan sərbəst buraxılıb), 41 məntəqədə axtarış aparılıb və referendum üçün nəzərdə tutulan 10 milyon bülleten müsadirə edilib. Bunun ardınca İspaniya Konstitusiya Məhkəməsi Kataloniya parlamentinin referendumun keçirilməsi barədə qərar qəbul etməyə imkan verən prezidium sazişini ləğv edib, hökumət isə oktyabrın 1-də referendum keçirilməyəcəyini bildirib.
Kataloniya parlamenti Madrid tərəfindən qanunsuz sayılan referendum barədə qanunu sentyabrın 6-da qəbul edib. Ardınca plebisitin oktyabrın 1-də keçirilməsi barədə fərman imzalanıb. Bundan başqa, Kataloniya palatası müstəqillik tərəfdarlarının referendumda qələbə qazanılacağı təqdirdə muxtar regionun İspaniyanın tərkibindən çıxması prosedurunu nizamlayacaq qanunu da qəbul edib.