Müsəlman dünyasına yeni səlib yürüşü başladı Dünya

Müsəlman dünyasına yeni səlib yürüşü başladı

Qabil Hüseynli: "Yaxın Şərq yenidən qanlı müharibələr meydanına çevriləcək"
"Bu, indiyə qədər qəbul olunmuş qərarların içərisində ən axmağıdır. Bütün müsəlman dünyasının ləyaqətinə və heysiyyətinə toxunan bir addımdır". Bu sözləri açıqlamasında politoloq Qabil Hüseynli ABŞ Prezidenti Donald Trampın Qüdsü İsrailin paytaxtı olaraq tanımasının bölgədə hansı qarşıdurmalara səbəb olacağı ilə bağlı məsələni şərh edərkən deyib.
O bildirib ki, Tramp kimi siyasətdən uzaq adamlar insani dəyərləri qiymətləndirmək iqtidarında deyil: "Bundan sonra Yaxın Şərq yenidən qanlı müharibələr meydanına çevriləcək. Bu məsələdə rol oynayan İsrail özü də bu qərarın mənfi təsirini hiss edəcək. Çünki Trampın bu addımı sivilizasiyalararası toqquşmalara gətirib çıxaracaq. Qüds 3 səmavi dinin unikal mərkəzidir. Dünyada 3 dinin nümayəndələrinin dinc şəraitdə yanaşı yaşamasının mümkünlüyünü göstərən abidələr də məhz bu şəhərdə yerləşir. Tramp sivilizasiyalararası əlaqələri tapdayıb keçdi və bu münasibətlərə ölümcül zərbə vurdu. Tramp dünyanın bu həssas çağırışlarını diqqətə almadı".
Q.Hüseynli əlavə edib ki, Roma Papası Fransisk də bu şəhərin dünya üçün unikallığını, əhəmiyyətini qoruyub saxlamağın lazım olduğunu açıq şəkildə vurğulayıb: "Qüds təkcə unikallıq əlaməti deyil, həm də fərqli sivilizasiyaların dinc yanaşı yaşaması üçün bir növ örnək, nümunədir. Amma Tramp belə incə məqamları başa düşmür və büllur əşyalar satılan mağazaya girib hər şeyi darmadağın edən bir şəxs kimi özünün səfeh hərəkəti ilə indiyədək bəşəriyyətin sivilizasiyalararası münasibətlərdə topladığı müsbət nailiyyətlərin hamısının üstündən xətt çəkdi. Bir daha qeyd edirəm, bu çox dəhşətli bir hadisədir. Mən bir müsəlman olaraq deyil, planetin bir sakini kimi bu qərarı verən insanların nə qədər militarist təfəkkürə, islam dünyasına qarşı nə qədər barışmaz duyğulara malik olduğunun bir daha şahidi oldum. Belə dünyagörüşə malik insanlar siyasi olimpin zirvəsində əyləşirlərsə, adam dünyada ədalətin, qardaşlığın, bərabərliyin nə vaxtsa bərqərar olacağına ümidini tamam itirir. Mən bu qərarı lənətləyirəm. Bu qərarın qəbulunu dünyaya meydan oxumaq, Yaxın Şərqi qarışdırmaq, bu bölgədə yeni münaqişə alovlandırmaq niyyətləri kimi qiymətləndirirəm".
Politoloq qeyd edib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dediyi kimi, bölgədə terror aktlarının sayı artacaq: "Bundan başqa, İsrail və Türkiyə arasındakı münasibətlər gərginləşəcək, hətta Türkiyənin İsraillə diplomatik əlaqələri kəsməsini də müşahidə edə bilərik. Digər tərəfdən, onsuz da pis olan Türkiyə-ABŞ münasibətləri daha gərgin dönəmə qədəm qoyacaq. Dünənə qədər Türkiyənin ABŞ-a qarşı münasibətlərini qınayanların sayı da xeyli azalacaq. Yəni bu ağılsız və ölçülüb-biçilməmiş qərar bütün dünyada gərginliyin artması üçün başlanğıc nöqtəsidir. Çünki indiyə qədər dünyanın salamatlığı, sülhün bərqərar olması üçün dünya dövlətləri yekdil idilər, bundan sonra isə fikirlər haçalanacaq. Ən azından dinlər arasında soyuq küləklər əsməyə başlayacaq".
Politoloq vurğulayıb ki, dünya yeni gərgin anların yaşanacağı dövrə daxil olur: "III Dünya müharibəsinin olması ehtimalını zəif hiss etsəm də, bunun baş verəcəyini də istisna etmirəm. Amma hər halda, bu qərar terrorizmin genişlənməsinə rəvac verəcək. Qitələrarası, sivilizasiyalar arası gərginlik artacaq, lokal müharibələrin olma ehtimalı qaçılmazdır. Bu qərarın həyata keçirilməsini də mümkünsüz hesab edirəm. Çünki islam dünyası bu qərarın ləğvi üçün əlindən gələni edəcək".
Qeyd edək ki, Donald Tramp Qüdsü İsrailin paytaxtı kimi tanıyıb və ABŞ səfirliyinin bu şəhərə köçürülməsi ilə bağlı Dövlət Departamentinə təlimat verib.