ABŞ Qüdsə görə qisas almağa başladı Dünya

ABŞ Qüdsə görə qisas almağa başladı

ABŞ BMT-nin 2018-2019-cu illər üçün nəzərdə tutulan büdcəsinə ayırdığı vəsaiti 285 milyon dollar azaldacaq. "Anadolu" agentliyi xəbər verir ki, bu haqda ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Heyli deyib. "Bundan sonra Amerika xalqının comərdliyinin istismar edilməsinə və ya bunun nəzarətsiz qalmasına icazə verməyəcəyik", - amerikalı diplomat bildirib.
Qeyd edək ki, dekabrın 24-də BMT Baş Assambleyası təşkilatın 2018-2019-cu illər üçün büdcəsini təsdiq edib. 5,4 milyard dollarlıq büdcənin 3 milyard dollarından çox hissəsini ABŞ verir. ABŞ həmçinin BMT-nin himayəsi altında həyata keçirilən "sülhü qoruma missiyaları" üçün də əlavə vəsait ödəyir.
ABŞ-ın bu addımı BMT-dən qisas almaq cəhdi kimi qiymətləndirilir. Dekabrın 22-də BMT Baş Assambleyası ABŞ-ın Qüdsü İsrailin paytaxtı kimi tanıması qərarını qeyri-qanuni hesab edən qətnaməni qəbul edib. Sənədin lehinə 128, əleyhinə 9 ölkə səs verib. 35 dövlət isə bitərəf qalıb. Səsvermədən əvvəl isə Nikki Heyli BMT üzvlərini yardımları kəsməklə hədələmişdi. Bu arada İsrail kəşfiyyatına yaxınlığı ilə seçilən "Debka fayl" portalı xəbər yayıb ki, ABŞ Fələstinə qarşı yeni sanksiyalar tətbiq edəcək.
Sanksiyaların daha çox Mahmud Abbas və İordan çayının qərb sahilinə toxunacağı bildirir: "ABŞ Prezidenti Donald Tramp Mahmud Abbasın tez-tez Amerikanın sülh danışıqlarındakı mövqeyini itirməsini söyləməsindən narahat olmağa başlayıb. Tramp diplomatları ilə birgə Fələstinə qarşı artıq 8 maddəlik embarqo hazırlayıb. Bu maddələrdə İsrail-Fələstin danışıqlarının sadəcə Təl-Əvivlə ərəb ölkələri arasında aparılması, Vaşinqtonun Fələstinlə əlaqələrini mərhələli şəkildə kəsməsi, Fələstin nümayəndələrinin ABŞ-a bir daha dəvət edilməməsi, Vaşinqtondakı Fələstin Azadlıq Təşkilatı ofislərinin bağlanması və danışıqlarda Abbası təmsil edən Saab Ərəkatın Ağ Evə qonaq olaraq dəvət edilməməsi məsələləri yer alıb. Bundan başqa, İordan çayının qərb sahilinə verilən 1 milyard dollarlıq yardımın dayandırılması üçün ABŞ həmçinin BMT-yə təzyiqlər edəcək", - məqalədə bildirilir.