Rusiya ilə Türkiyənin yaxınlaşması Ermənistanı qıcıqlandırır Dünya

Rusiya ilə Türkiyənin yaxınlaşması Ermənistanı qıcıqlandırır

Qərbyönümlü, rusiyayönümlü qüvvələr və Ermənistandakı Dağlıq Qarabağ klanı arasında aprelin 9-da baş nazirin seçilməsi ilə bağlı siyasi mübarizə gedir. Təbii ki, Serj Sərkisyanın baş nazir təyin ediləcəyi gözlənilir. Bunu politoloq Arzu Nağıyev Ermənistanın Gömrük Xidmətinin keçmiş rəisi Yerdcanik Abqaryanın Aprel savaşının yenidən başlayacağı ilə bağlı dediklərini şərh edərkən söyləyib. O bildirib ki, Ermənistanın ikinci dərəcəli məmurlarının tez-tez bu tip açıqlamalar verməsi həm də ölkəmizdə aprelin 11-də baş tutacaq prezident seçkilərindən qaynaqlanır: "Təkcə 102-ci briqada ilə deyil, müxtəlif məsələlərlə bağlı belə açıqlamalar var. Aprel savaşının təkrarlanması məsələsinin gündəmə gətirilməsi Ermənistanda baş nazirin seçilməsi ilə bağlıdır. Bilirlər ki, 11 aprel prezident seçkilərindən sonra Azərbaycanda müəyyən addımlar atıla bilər. ATƏT-in Minsk Qrupunun həmsədrləri də bunu dəfələrlə bəyan edib. Buna görə də ermənilər nəyin bahasına olursa olsun, tək Rusiya ilə əməkdaşlıq deyil, Qərbə çağırışlar da edirlər və bu tip açıqlamalar tez-tez səslənəcək".
Politoloqun sözlərinə görə, Rusiya-Türkiyə, eləcə də Türkiyə-Azərbaycan arasında münasibətlərin yaxşı olması ermənilərdə ciddi narahatlıq doğurur: "Gömrük Xidmətinin rəisinin dövlət səviyyəsində belə bəyanat verməsi nə dərəcədə düzgündür? Deməli, bu, absurd bir məsələdir və Yerdcanik Abqaryanın bu cür danışması müəyyən siyasi amillərlə əlaqəlidir. Bu səbəbdən belə siyasi məsələlər aprelin 9-na qədər təkrarlanacaq. Bu, həm də Rusiyaya qarşı atılan addımlardır və qıcıqlandırmaq məqsədi daşıyır. Son vaxtlar Rusiya ilə Türkiyənin yaxınlaşması, eyni zamanda, Türkiyə ilə Azərbaycanın tərəfdaşlıq əlaqələrinin olması Ermənistanı qıcıqlandırır. Bu açıqlamalar da buna görədir".
Qeyd edək ki, Ermənistanın Gömrük Xidmətinin keçmiş rəisi Yerdcanik Abqaryan yerli mediaya açıqlamasında Rusiya-Ermənistan dövlətlərarası münasibətinin olmadığını deyib. Onun sözlərinə görə, Moskva Qarabağda yenidən aprel savaşını başlatmaq istəyir: "Məncə, üçtərəfli razılaşma var. Razılaşmaya əsasən, Azərbaycana yenidən imkan veriləcək ki, erməni ordusunu sınasın. Uğur qazanılacağı təqdirdə aydındır ki, Ermənistanda hakimiyyətdə olan Qarabağ klanı təhdid altına düşəcək. Bu təhdidin aradan qaldırılması üçün Rusiya hərbi polisinin gücündən istifadə ediləcək".