“Erməni soyqırımı”ndan Türkiyəyə qarşı çomaq olaraq istifadə edirlər Dünya

“Erməni soyqırımı”ndan Türkiyəyə qarşı çomaq olaraq istifadə edirlər

"Genosid" sözünün həqiqi dəyərini bilən cəmiyyət növbəti dəfə bundan böyük siyasətdə sövdələşmə vasitəsi kimi istifadə etməkdən imtina etdi.
Bu sözləri politoloq İlqar Vəlizadə İsrailin növbəti dəfə qondarma erməni soyqırımının tanınması ilə bağlı layihəni geri çevirməsinə münasibət bildirərkən qeyd edib.
O bildirib ki, İsrail yalanı həqiqət kimi tanımağı əxlaqsızlıq, özünün əxlaq anlayışı ilə uyğun gəlməyən bir addım hesab etdi:
"Erməni soyqırımı"ndan Türkiyəyə qarşı çomaq olaraq istifadə edən Avropa siyasətçiləri hansı əxlaqdan danışa bilərlər? Türklərə və kürdlərə də toxunan bir faciədən siyasət aləti kimi istifadə edilirsə, ümumiyyətlə, əxlaq anlayışı arxaya atılır demək. İsraildən öyrənmək lazımdır".
Məsələ ilə bağlı açıqlama verən politoloq Tofiq Abbasov isə bildirib ki, İsrail parlamentində qondarma erməni soyqırımı Azərbaycana görə tanınmayıb:
"Yəhudi deputatların əksəriyyəti qərarın qəbul olunmasının əleyhinə çıxıb və bunun İsrail-Azərbaycan münasibətlərinə xələl gətirəcəyini söyləyib. İsrail siyasiləri Türkiyəyə qarşı xoşagəlməz, dağıdıcı addım atarlarsa, bu, Azərbaycanın da maraqlarına toxunacaq. Azərbaycanın dünya siyasətində, bölgədəki siyasi proseslərdə mövqeyi danılmazdır. Azərbaycan Ermənistan kimi əhəmiyyətsiz dövlət olsaydı, beynəlxalq arenada mövqeyi olmasaydı, İsrail siyasiləri kəskin həmlə edərək, qondarma erməni soyqırımını tanıyardı. Onlar Türkiyəyə mənfi münasibətini bu şəkildə ifadə edirlər. Amma burada Azərbaycan amilinin olması prosesin vaxtında dayandırılmasına, İsrailin mövqeyinin dəyişməsinə səbəb oldu".
Qeyd edək ki, İsrail parlamentinin spikeri Yuli Edelşteyn qondarma erməni soyqırımının tanınması ilə əlaqədar qərar layihəsini gündəlikdən çıxarıb.