Rusiya niyə Gürcüstanı parçaladığını açıqladı Dünya

Rusiya niyə Gürcüstanı parçaladığını açıqladı

Gürcüstanla müharibənin başlanılması qaçılmaz idi. Buna bizi Saakaşvilinin məsulliyətsiz, cinayətkar davranışı məcbur etdi.
Bunu "Kommersant" qəzetinə müsahibəsində Rusiyanın Baş naziri Dmitri Medvedyev deyib. Onun sözlərinə görə, Cənubi Osetiya və Abxaziya ilə bağlı gərginlik 2008-ci ildə yox, 1991-ci ildən əvvəl yaranıb:
"Problemin kökü 1990-cı illərdə olanlarla, bu dövrdə qəbul edilən qərarlarla bağlıdır. 1990-cı illərdə Tiflis hökuməti elə qərarlar qəbul etmişdi ki, bu qərarlar Abxaziya və Cənubi Osetiyada qəbul edilməmişdi. Bunun nəticəsində konflikt yarandı və sülhməramlılar bölgəyə yeridildi. 2008-ci ilə qədər neqativ prosesləri balanslaşdırmaq mümkün olurdu".
Cənubi Osetiya və Abxaziyanın müstəqilliyinin tanınmasına gəlincə, Medvedyev bildirib ki, bununla bağlı diskussiyalar olub, həmişə də olacaq:
"Bu, istənilən vətəndaş cəmiyyəti üçün tam normal haldır. Əgər biz ali rəhbərliyin mövqeyindən danışsaq, o zaman burada mövqe vahid idi.
Hərbi kampaniyanın bitməsindən sonra sual yarandı ki, bundan sonra nə olacaq. Təbii ki, bu sual hər kəsdən əvvəl dövlət başçısı kimi mənim qarşımda dayanmışdı. Müəyyən zaman düşündüm və belə nəticəyə gəldim ki, bu iki qurumun müstəqilliyini tanımaqdan yaxşı heç nə yoxdur. Mən qərarı qəbul edəndə ilk növbədə gələcəkdə sülhün və Qafqazda stabilliyin saxlanılmasını özüm üçün əsas götürmüşdüm. Mənim fikrimcə bu, yeganə mümkün addım idi. Bir müddət sonra hökumətin başçısı Vladimir Putinlə bunu müzakirə etdim və o da məni dəstəklədi. Az sonra məsələ Təhlükəsizlik Şurasının müzakirəsinə çıxarıldı. Təhlükəsizlik Şurası da məni dəstəklədi".