Zaxarçenkonun qətli kimə sərf edirdi? Dünya

Zaxarçenkonun qətli kimə sərf edirdi?

Zaxarçenkonun qətlinin kimin sifarişi ilə törədildiyini söyləmək hazırda çətindir.
Bu sözləri açıqlamasında beynəlxalq əlaqələr üzrə ekpert Elşən Mustafayev deyib. O bildirib ki, ilk növbədə Zaxarçenkonun kimliyinə baxmaq lazımdır:
"2014-cü ildə separatçıların batalyonlarından birinin komandiri olaraq "DXR" rəhbərliyinə gələrkən demək olar ki, başqa seçim yox idi. Həmin dövr üçün onun personası həm Kremli, həm "DXR" daxilindəki qüvvələri, eyni zamanda, nə qədər təəccüblü də olsa, hətta Ukraynanı qane edirdi. Kiyevin "DXR"-dən əlini üzməsindən söhbət getmir. Sadəcə, onunla bağlı hər şey bəlli idi və ondan sonra gələnin necə olacağı suallar doğururdu".
Politoloq bildirib ki, hazırda Ukrayna bu qətldə əlinin olmadığını bəyan edir, Rusiya isə əksini söyləyir:
"Belə görünür ki, Minsk razılaşması çərçivəsində gedən danışıqların uzanmasına görə günahkarlar axtarılır".
Ekpsert qeyd edib ki, hətta Rusiya mətbuatında bu qətlin daxili çəkişmələrin nəticəsi olaraq baş verdiyini iddia edənlər də var:
"Ciddi şəkildə qorunan birinin adi bir gündə, gündüz vaxtı kafedə nə işi ola bilərdi?! Yaxud, Ukrayna niyə indiyə qədər daha rahat imkanlarla buna cəhd etməmişdi? Suallar çox olduğundan, bu qətlin təşkilatçıları barədə ip ucu olmadan bir söz demək olmur".
Ekspert vurğulayıb ki, qətlin təşkilatçısının olub-olmamasından asılı olmayaraq, Rusiya bu hadisədən maksimim yararlanmağa çalışacaq:
"DXR" "LXR"-lə bağlı gedən Minsk razılaşmasının şərtlərini Ukraynanın pozması təbliğatına üstünlük verecək. Adətən belə situasiyalarda daxili elektoratın diqqətini bu kimi hadisələrə istiqamətləndirməklə, insanların narazı olduqları digər məsələləri arxa plana atmağa çalışırlar. İndi də istisna deyil ki, KİV-lərdə bu hadisənin müzakirəsi ön plana keçsin".
Ekspert qətlin Ukrayna xüsusi xidmət orqanları tərəfindən törədildiyinə inanmadığını bildirib:
"Əgər belə olsaydı, rəsmi Kiyev bunu etiraf edərdi, əhali də onu dəstəkləyərdi. İkincisi isə belə aksiyalar seçki gününə az qalmış həyata keçirilir və hakimiyyətlər seçki kampaniyasında bundan maksimim istifadə etməklə kampaniyanın nəticələrinə ciddi təsir edirlər. Yəni əks-effektlərin baş verməsinə vaxt qalmır. Ukraynada prezident seçkiləri isə 2019-cu ilin yazına təsadüf edir. Bu dövr ərzində çox hadisələr, proseslər baş verə bilər və o dövrə qədər Zaxarçenkonon qətli tamam yaddan çıxa bilər. Rusiya isə qarşı tərəfi qeyri-konstruktivlikdə ittiham etməklə kampaniyaya start verəcək".
Ekspertin sözlərinə görə, Zaxarçenkonun qətli kimin işinə daha çox yarayırsa və ya yarayacaqsa, hadisələrə həm də bu izlə yanaşımalıdır.