ABŞ Suriyadan çıxmaqla PYD-ni öz maraqlarına qurban verdi Dünya

ABŞ Suriyadan çıxmaqla PYD-ni öz maraqlarına qurban verdi

Trampın Suriya ilə bağlı qərarına ABŞ-Türkiyə anlaşmasının təsiri istisna edilmir. Bunu Trampın Suriya qərarının ABŞ-la Türkiyə arasında sövdələşmənin nəticəsi olması ehtimalına aydınlıq gətirən politoloq İlqar Vəlizadə deyib.
"Trampın Suriya ilə bağlı qərarına ABŞ-Türkiyə anlaşmasının təsiri istisna edilmir. Çünki Türkiyə Menbiçdə əməliyyatlara başlamağı planlaşdırır. ABŞ qoşunlarının Suriyada təmsil olunması isə bu əməliyyatlara müəyyən əngəllər yaradırdı. ABŞ-ın məhz belə bir ərəfədə Suriyadan çıxması çox güman ki, Vaşinqtonla Ankara arasında ikitərəfli razılaşmanın nəticəsidir. Ancaq bunun əsas səbəb olduğunu düşünmürəm. ABŞ Suriyada artıq əsas cari hədəflərinə çatdığını, buna görə də bölgədə qalmağın maddi baxımdan əlavə xərc olduğunu düşünür", - ekspert bildirib.
Politoloq ABŞ-ın bölgədəki rolunu hansısa qüvvənin əvəz edə biləcəyinə inanmadığını deyib: "ABŞ ümumiyyətlə bu regiona ümumi prizmadan baxır. ABŞ Suriyadan çıxsa da, Yaxın Şərqə nəzarəti İraq üzərindən davam etdirəcək. ABŞ-ın Şimali Suriyadan bir neçə kilometr aralıda - İraqda güclü dayaqlarının olması bunun üçün kifayət edir". İ.Vəlizadə ABŞ-ın dolayı yollarla kürdlərə dəstəyini davam etdirəcəyini də düşünür: "Əslində, ABŞ-ın əsas məqsədi PYD-yə dəstək yox, sırf kürdlər vasitəsilə öz maraqlarını bölgədə təmin etmək idi. Bu mənada ABŞ Suriyadan çıxmaqla PYD-ni öz maraqlarına qurban verdi. PYD hər zaman ABŞ-ın əlində sadəcə bir vasitə idi. Artıq bu alət ABŞ-ın siyasətində heç bir rol oynamır, əksinə, artıq yükdür. Ancaq ABŞ-ın Suriyadan çıxması Vaşinqtonun PYD-dən əlini tamamilə üzəcəyi anlamına gəlmir".
Ekspert Pentaqonun "Hərbçilərin qayıdışı başladı, lakin İŞİD-lə savaş bitmədi" bəyanatına da münasibət bildirib: "Son zamanlar ABŞ xüsusilə Menbiçdə nəzarət məntəqələri yaradıb. Bu o deməkdir ki, məhdudlaşdırılmış şəkildə olsa da, ABŞ-ın Suriyada mövcudluğu qalacaq. ABŞ bunu ya hərbi müşavirlərini bölgədə saxlayaraq, ya da PYD ilə hansısa rabitələr quraraq edəcək. Əgər vəziyyət dəyişsə, yəni bölgədə ABŞ-ın maraqlarına təhlükə törədəcək başqa bir terrorçu qruplaşma peyda olsa, onda ABŞ Suriyaya yenidən qayıdacaq".
Politoloq Türkiyənin Menbiçdə əməliyyatlara yaxın vaxtlarda başlaya biləcəyini də istisna etməyib: "Türkiyə bölgədə məqsədlərinə addım-addım nail olmaq istəyir. Ankaranın əsas məqsədi isə Türkiyə-Suriya sərhədində təhlükəsizlik zolağı yaratmaqdır. Bu zolaq Afrindən ta İraq sərhədinə qədər uzanmalıdır. Afrindəki əməliyyatlar göstərdi ki, bu məsələdə uğurlu addımlar atmaq mümkündür. İndi söhbət həmin zolağın genişləndirilməsindən gedir. Menbiç əməliyyatı isə bu planın tərkib hissəsidir. Zənnimcə, Türkiyə Menbiç əməliyyatından sonra fasilələrlə bu istiqamətdə addımlar atacaq".
Qeyd edək ki, Tramp bundan öncə Suriyadan ABŞ hərbçilərinin çıxarılması haqqında qərar qəbul edib.