Azərbaycan Qarabağ ətrafında superdövlətlərin rəqabətini yarada bilir Dünya

Azərbaycan Qarabağ ətrafında superdövlətlərin rəqabətini yarada bilir

"Qriqori Karasinin Ermənistana səfərinin Dağlıq Qarabağ münaqişəsinin həllinə ciddi təsirinin olacağını düşünmürəm. Amma mənim fikrimcə, bu səfər son dönəmlərdə ATƏT-in Minsk qrupu daxilində gedən gizli danışıqların tərkib hissəsidir".
Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasinin Ermənistana səfərini şərh edən politoloq Azər Qasımlı belə deyib.
Qeyd edək ki, Ermənistana səfər edən Rusiya Xarici İşlər nazirinin müavini Qriqori Karasin Ermənistan-Azərbaycan münaqişəsi barədə açıqlama verib. O, indiki məqamda münaqişənin həll prosesinin sürətləndirilməsinin vacib olduğunu iddia edib.
Ekspert xatırladıb ki, bu yaxınlarda Parisdə Azərbaycan Xarici İşlər naziri Elmar Məmmədyarovun erməni həmkarı Zohrab Mnatsakanyanla 4 saat davam edən görüşü keçirilib:
"Bu görüş də ATƏT-in Minsk qrupu həmsədrlərinin müşayiəti ilə baş tutdu. Görüşdən sonra belə bir açıqlama verdilər ki, hər iki dövlət öz xalqlarını sülhə hazırlamalıdır. Bundan sonra gedən proses də sanki bu fikirlərin tərkib hissəsi kimi gəlir. Hesab etmək olar ki, Karasinin də İrəvanda səsləndirdiyi fikirlər bu planın tərkib hissəsidir.
Amma bu planın nədən ibarət olduğunu demirlər. Hələlik plan gizli saxlanılır. Ermənistan mətbuatı da bu haqda çox yazır ki, planın nədən ibarət olduğu açıqlanmır. Bunun Azərbaycanın, yoxsa Ermənistan, yaxud Qərb və Rusiyanın xeyrinə olması da sual altındadır. Görünən budur ki, Qarabağla bağlı gizli proses gedir".
Azər Qasımlının sözlərinə görə, gizli prosesin nədən ibarət olması haqda ehtimal irəli sürmək üçün bundan əvvəl keçirilmiş görüşlərə və irəli sürülmüş proyektlərə baxmaq lazımdır:
"Məsələn, Praqa, Vyana, Kazan, Davos və digər proseslər bura daxil ola bilər. Amma bu görüşlərə baxanda da bir söz demək çətindir. Çünki hər danışıqlar prosesində yeni məqam yaranırdı. Gah Ermənistanın, gah da Azərbaycanın lehinə olan məqamlar ortaya çıxırdı. Nəticədə proses yeni çalar alırdı, yeni variantlar, ideyalar irəli sürülürdü. Buna görə də indi gedən proses haqda ehtimal irəli sürmək çətindir.
Amma mənim ehtimalıma görə, Qarabağ ətrafındakı 7 rayonun bir hissəsinin Azərbaycana qaytarılması bu prosesin tərkibinə daxil ola bilər. Əlbəttə, bu rayonlar qaytarılmadan Dağlıq Qarabağın statusunun müəyyən edilməsi Azərbaycanın maraqlarına uyğun gəlməyəcək. Buna görə də düşünürəm ki, rayonların bir hissəsinin Azərbaycana qaytarılması mümkün ola bilər. Buna cavab olaraq mümkündür ki, Azərbaycan "Bişkek protokol"una uyğun olan yeni bir sənədə imza atsın. Bununla həm rayonların bir hissəsini qaytarış olacağıq, həm də Minsk qrupu çərçivəsində yeni bir sülh protokolu imzalanmış olacaq. Bu çərçivədə də Qarabağda yaşayan ermənilərin Azərbaycanın suverenliyi altında təhlükəsizliyinin təmin edilməsi onların qazancı olardı".
Politoloq Elxan Şahinoğlu isə deyib ki, ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Bolton Azərbaycan Prezidenti İlham Əliyevlə telefonda danışdığı saatlarda Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasin İrəvanda idi, Ermənistanın xarici işlər naziri ilə görüş keçirirdi. Maraqlı kombinasıyadır. Karasin Rusiyanın məşhur diplomatı Aleksandr Qriboyedovun ölümünün 190 illiyi ilə bağlı İrəvanda büstünün açılması mərasiminə qatılmışdı.
Onun sözlərinə görə, İrəvana gələn Karasin fürsətdən istifadə edib Dağlıq Qarabağ münaqişəsi ilə bağlı da maraqlı açıqlamalar verib:
"Birincisi, Karasin deyib ki, Moskva Ermənistanla Azərbaycan arasında müxtəlif səviyyələrdə rəsmi görüşləri dəstəkləyir. Ancaq önəmli əlavəsini də unutmayıb: "Görüşlər yaxşı təşkil olunmalıdır ki, nəticə olsun və bizi irəli aparsın". Yəqin demək istəyib ki, Rusiyadan fərqli olaraq digər dövlətlərin təşkil etdiyi görüşlərdə nəticə olmur.
Halbuki illərdir münaqişənin həlli prosesi ilə daha çox Moskva məşğul olur və görüşlərin çoxu Rusiya ərazisində keçirilir. Bəs belə isə məsələyə Karasinin məntiqi ilə yanaşsaq Rusiyadakı görüşlərdə niyə nəticə yoxdur?
İkincisi, Karasin deyib ki, Moskva atəşkəsə riayət olunmasından məmnundur: "Elə etmək lazımdır ki, güc ssenariləri istisna olunsun". Karasinin kimin ünvanına daş atdığı bəllidir. Güc ssenarisi haqqında ancaq bir tərəf – Azərbaycan danışır, haqqımızdır, çünki işğalçı status-kvonu davam etdirir.
Üçüncüsü, erməni jurnalistlərdən birinin "bu il münaqişənin həllində irəriləyiş ola bilərmi" sualına Karasin belə cavab verib: "Danışıqları sakit şəraitdə davam etdirmək lazımdır". Yəni Karasin demək istəyib ki, hadisələri qabaqlamaq lazım deyil".
Elxan Şahinoğlu hesab edir ki, rusiyalı yüksək rütbəli diplomat Qriroqi Karasin İrəvanda nə deyibsə hamısı işğalçının xeyrinədir: "Bu arada, Ermənistanın baş naziri Nikol Paşinyan açıqlama verib ki, sülh əvəzinə Dağlıq Qarabağ ətrafındakı rayonları boşaltmayacaq".
Politoloq Qabil Hüseynli isə bildirib ki, bu, Amerikanın Dağlıq Qarabağ və ümumilikdə, postsovet məkanındakı münaqişələrinin həllinə dair fəallığını artırması ilə bağlıdır: "Doğrudur, zamanla Amerikanın Dağlıq Qarabağ məsələsinə müdaxiləsi intensiv olub. Məsələn, 2000-ci ildə İstanbulda keçirilən ATƏT-in zirvə toplantısında Klintonun iştirakı ilə həm Bakı-Ceyhan-Tbilisi neft-qaz kəmərinin marşrutunun müəyyən edilməsi, həm də Azərbaycan-Ermənistan arasındakı Dağlıq Qarabağ münaqişəsinin sülh sazişi ilə nəticələnməsi ehtimalı ilə bağlı görüş keçirilmişdi. O zaman Amerika tərəfi müzakirələrdə xeyli fəallıq sərgiləmişdi. Həmin zamanlar Rusiyanın çox zəif dövrlərinə təsadüf edirdi. Amerika demək olar ki, bütün ipləri əlinə toplamışdı. Zənnimcə, ABŞ həm də Ermənistan üzərində ciddi təsirə malik idi. Həmin dövrdə mərhum liderimiz Heydər Əliyevin rəhbərliyi altında sülhyaratma prosesləri çox fəal aparılırdı. Buna görə də bu məsələdə müsbətə doğru irəliləyiş əldə edilmişdi. Qeyd etdiyimiz zaman çərçivəsində Amerikanın təklif etdiyi variantlar daha məqbul hesab edilirdi. Lakin 2000-2018-ci illər ərzində Rusiyanın məsələ ilə bağlı mövqeyi daha çox diqqət cəlb etdi. İndi müşahidə etdiyimiz aktivlik ABŞ-ın ikinci həmləsidir".
Rusiya isə son anda proseslərdən kənarda qaldığının fərqinə vardı. Bölgədə sabotaj yarada biləcək bir sıra hərəkətlər etdi. Bu hərəkətlər nəticəsində isə Ermənistan parlamenti gülləbaran edildi. Nəticədə parlamentin spikeri və bir neçə millət vəkili həlak oldu. Bununla da "Böyük Sülh Sazişi" adlandırılan razılaşma pozuldu. Beləliklə, bir tarixi fürsət əldən getdi. Amma indi Amerika proseslərə yenidən fəal müdaxilə etmək əzmindədir. Çünki ABŞ prezidentinin milli təhlükəsizlik üzrə məsləhətçisi Con Bolton Azərbaycana və Ermənistana səfər etdi. Daha sonra Boltonun məlumatları əsasında Donald Tramp Ermənistanın baş naziri Nikol Paşinyana təbrik məktubu göndərdi. O məktubun əsas canı isə Dağlıq Qarabağ probleminin həlli ilə bağlı tərəfləri daha cəsarətli addımlara səsləmək idi. Bu, Boltonun da, Trampın da çıxışlarında özünü biruzə verdi. İndi proses canlanıb. Bunun da əsas səbəbkarı ABŞ və Avropa dövlətləridir. ATƏT-in timsalında Avropa Birliyi bu canlanmanı dəstəkləyən addımlar atır: "Nəticə etibarilə Rusiya qış yuxusundan oyanıbmış kimi proseslərdə onun da iştirak etdiyi təəssüratını yaradır. Bu imitasiyalar gah "Lavrov planı", gah "Kazan razılaşması", gah da "Sankt-Peterburq" razılaşması adı altında 5 rayonun Azərbaycana qaytarılmasını yenidən gündəmə gətirməklə özünü göstərir. Amma hər halda, Azərbaycan xarici siyasətinin uğurlarından biri də odur ki, Dağlıq Qarabağ ətrafında superdövlətlərin rəqabətini yarada bilir. Bu rəqabət şəraitində tərəflərin problemin həllinə nə qədər səmimi yanaşmasını da "ölçmək" mümkün olacaq. Birmənalı qaydada bu prosesləri izləyən bir şəxs kimi deyə bilərəm ki, hər iki plan hələ ki, Azərbaycanın maraqlarını təmin etmir. Çünki məsələnin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməsinə tam təminat vermir. Amma bütövlükdə götürəndə, Amerikanın planı daha çox diqqət cəlb edir. Ona görə ki, Rusiya 5 rayonun Dağlıq Qarabağa status verilməsi müqabilində Azərbaycan qaytarılmasını tövsiyə edir. Lakin ABŞ statusla bağlı heç bir şərt irəli sürmür, erməni işğalçılarının 7 rayondan çıxmasını təklif formasında tələb edir. Amerikanın yeganə şərti budur ki, iki ölkə arasında kommunikasiya xətləri açılsın. Zənnimcə, bu o qədər də ağır tələb deyil. Hər halda, 7 rayonun müqabilində Ermənistan ətrafındakı blokadanın müəyyən səngiməsi Azərbaycanın maraqlarına tam cavab verməsə də, prosesin irəliyə doğru aparılmasında rol oynaya bilər".