“Brexit” uzun müddətə təxirə salınır Dünya

“Brexit” uzun müddətə təxirə salınır

Britaniya parlamenti baş nazirin layihəsinə qarşı səs verdi

Britaniyanın millət vəkilləri Avropa İttifaqından rəsmi çıxış gününün təxirə salınması üçün müraciət edilməsi barədə qərarı qəbul ediblər. Birləşmiş Krallığın Avropa İttifaqından çıxmasına yalnız 15 gün müddətin qaldığı bir vaxtda keçirilən parlament sessiyasında "Brexit"in ləngidilməsi üçün müraciət qərarı İcmalar Palatasında 412-202 nisbətində qəbul olunub.
Martın 14-də qəbul edilmiş qərarda deyilir ki, parlament ittifaqdan çıxışa dair Brüssellə əldə olunmuş razılaşmanı gələn həftə qəbul edərsə, onda Avropa İttifaqından martın 29-dan başlayaraq daha üç ay möhlət istənəcək.
Məsələ burasındadır ki, Britaniya parlamenti baş nazir Tereza Meyin təklif etdiyi həmin sazişi artıq iki dəfə rədd edib. Hökumət bildirir ki, baş nazirin Brüssellə razılaşdırdığı bu saziş təklifi üçüncü dəfə də rədd edilərsə, onda ölkənin Avropadan çıxışı daha uzun müddətə təxirə salınacaq. Britaniyanın ittifaqdan çıxşı müddətinin uzadılmasına Avropa İttifaqının 27 üzvü razılıq verməlidir.
Günün əvvəlində Britaniya parlamenti ən azı hazırda yeni Avropa referendumunun keçirilməsinə dairtəklifi rədd edib. Bu təklifin əleyhinə 334, leyhinə isə 85 səs verilib.