Avropa ittihamlar məngənəsində Dünya

Avropa ittihamlar məngənəsində

Britaniya və Fransa rəsmiləri bir-birilərini riyakarlıqda ittiham edirlər

Cavid

Rusiyaya qarşı Avropa Birliyinin sektor sanksiyaları gələn həftədən sonra qəbul ediləcək.
Bu haqda Avropa Komissiyası xəbər verib. Avropa Birliyinin səfirləri Avropa Birliyinin maliyyə, texnologiya və energetika sahələrinə Rusiyanın girişinin məhdudiyyəti haqqında təklifləri müzakirə ediblər.
Sanksiyaların əlavə paketini İtaliya nümayəndələri təklif edib.
Avropa Komissiyasının nümayəndəsi Conatan Toddanın sözlərinə görə, müzakirə gələn həftə davam edəcək. Onda sanksiyalar üzrə konkret qanunverici təkliflər təqdim ediləcək.
Toddanın sözlərinə görə, onlar artıq gələn həftə qəbul edilmiş ola bilərlər.
Onu da bildirək ki, Avropa Birliyinin Ukrayna münaqişəsindəki roluna görə 15 ukraynalı və rusiyalını, həmçinin 18 qurumun adını sanksiya siyahısına salacağı gözlənilir.
Diplomatik mənbələr deyirlər ki, qurumların 9-u şirkət, 9-u Ukraynadakı separatçı qurumlardır.
Avropa Birliyi səfirləri artıq görüşüblər. Görüşün nəticələri AB-nin rəsmi jurnalında dərc olunacaq.
Səfirlər həmçinin maliyyə bazarlarına, silah və enerji texnologiyalarına Rusiyanın girişinin əngəllənməsi yollarını da müzakirə edib.
Yollardan biri kimi təklif edilir ki, Avropa Birliyi investorlarına Rusiyanın 50 faiz və ondan çox səhminə sahib olan banklardan iri borc və ya səhm almaq qadağan edilsin.
Qadağa təklifləri arasında silah embarqosu, enerji və texnologiya sahəsində ixracın məhdudlaşdırılması da var.
Bu ərəfədə Kanada hökuməti bəyan edib ki, Rusiya şirkət və banklarına geniş miqyaslı sanksiya tətbiq etmək lazımdı.
Fransa ilə Böyük Britaniya arasında isə fikir ayrılığı yaranıb. Belə ki, Fransanın xarici işlər naziri Laurent Fabius artıq əsəblərini gizlədə bilməyərək, Londonun tənqidlərinə və Rusiya ilə ticarət əlaqələri üzündən qısnamasına cavab verib.
Ötən çərşənbə axşamı Britaniya hökuməti Fransanın Rusiyaya helikopter daşıyan gəmi satmaq planlarını tənqid edib.
Paris bu tənqidlərə cavab olaraq bildirib ki, "Rusiya oliqarxları ilə qaynaşan London öz gözündəki tiri görsə, daha yaxşı olardı".
Sözügedən müqaviləyə əsasən, Fransa Rusiyaya ümumi dəyəri 1,2 milyard avro olan iki gəmi satmalı idi.
Belə görünür ki, bu sövdələşmə pis vaxta - Ukrayna böhranının şiddətlənməsi, Moskvanın bu münaqişədəki rolunun artması və nəhayət, Malayziya Hava Yolları şirkətinə məxsus təyyarənin vurulması zamanına düşüb.
Paris artıq iki gəmidən birini Rusiyaya təhvil verməyə hazırlaşır və bildirib ki, Moskvanın Ukraynadakı davranışından asılı olaraq ikinci gəmini verib-verməmək qərarına baxacaq.
Britaniyadan gələn tənqid xorunda ən ucadan eşidilən baş nazir David Kameronun səsidir.
Fabius bu tənqidlərə Fransa televiziyasına müsahibəsində çox istehzalı cavab verib: "Əziz britaniyalı dostlar, gəlin maliyyədən danışaq. Mənə belə gəlir ki, Londonda Rusiya oliqarxları az deyil".
Jurnalistin "yəni siz demək istəyirsiniz ki, Britaniya əvvəlcə özünə baxmalıdır" sualına, Fabius "tamamilə doğrudur" cavabını verib.
O, prezident Olandın verdiyi bəyanatı bir daha təsdiqləyərək bildirib ki, ilk hərbi gəmi Moskva ilə müqaviləyə uyğun olaraq oktyabr ayında veriləcək.
Maraqlıdır ki, Fransanın Rusiya ilə hərbi ticarətini tənqid edən təkcə Britaniya deyil. Məsələn, ABŞ dövlət katibinin müavini Marie Harf jurnalistlərə bildirib ki, "bu sövdələşmə tamamilə məqsədəuyğun deyil".
Lakin Parisi əsəbiləşdirən məhz Londonun qınaqlarıdır.
Fransanın hakim Sosialist Partiyasının lideri ölkəsinin Rusiyaya iki "Mistral" tipli hərbi gəmi satmasını tənqid edilməsini "riyakarlıq" adlandırıb.
Jean Kristope Kambadels deyib ki, cənab Kameron əvvəlcə Londonda kök atmış rus oliqarxlarına nəzər yetirsə, yaxşı olardı. "Bu, riyakarların saxta debatıdır", deyə fransalı siyasətçi bildirib.
Britaniyanın özündə millət vəkilləri rəsmi Londonu nazirlərin Rusiyaya silah satan şirkətlərə asanlıqla lisenziya vermələrini tənqid ediblər.
Britaniya Parlamenti Silah İxracına Nəzarət Komitəsi aşkar edib ki, 2014-cü ilin may ayına olan məlumata görə, Britaniya Rusiyaya silah satışı üçün dəyəri 132 milyon funt sterlinq olan 285 lisenziya verib.
Bu kontraktlara bədən zirehləri, atıcı silahlar və sursat daxildir.
Britaniya hökuməti tənqidlərə cavab verərək israr edir ki, bu silahlardan heç biri Rusiya hərbiyyəsi üçün nəzərdə tutulmayıb. Xarici işlər nazirinə məktubunda adı çəkilən parlament komitəsinin sədri lord Con Stanley yazır ki, bu lisenziyalardan dəyəri 30 milyon funt sterlinq olan 34-ü ləğv edilib. Bunlardan ən bahalısı 11 milyon funt sterlinq dəyərində olan raditeleskop qurğusu imiş.
Komitə hökumətdən soruşur ki, Rusiyaya hərbi avadanlıq və silah satışı üçün qalan lisenziyalar nə dərəcədə qanunidir?
Halbuki bu həftənin əvvəllərində parlamentdə çıxış edən baş nazir Devid Kameron deyib ki, London Rusiyaya hərbi malların satışını artıq dayandırıb və başqa Avropa ölkələrindən də bunu gözləyir.
İndi Fransa Britaniya liderinin məhz bu bəyanatından yapışıb və onu ikili standart adlandırır.
Rusiya Elmlər Akademiyasından siyasi şərhçi Andrey Piontovski deyib ki, başqa ölkələri Rusiya oliqarxlarının hesablarını dondurmağa çağıran Kameronun özü elə "Çelsi" klubunun sahibi Roman Abramoviçin hesabını dondurmaqdan başlaya bilərdi.
Digər tərəfdən Britaniya mətbuatı yazır ki, Avropa İttifaqının sanksiyaları Rusiyanın Ukraynaya müdaxiləsinə dolayısı ilə maliyyə dəstəyi verən oliqarxları nəzərdə tutur və buna görə də sanksiyalar Londonda əyləşən rus oliqarxlarına hələlik təsir etməyəcək.
Bütün bunlar azmış kimi parlamentin leyborist müxalifət deputatları hakim mühafizəkarlardan Rusiyanın keçmiş maliyyə nazirinin xanımından aldıqları 160 min funtluq ianəni geri ödəməyi tələb edirlər.
Keçmiş nazirin xanımı Lyubov Çernukşina mühafizəkarların fondtoplama auksionunda London meri və Britaniya baş naziri ilə tennis matçı keçirmək hüququ qazanıb, sözü gedən siyasətçilər isə belə görünür, matçı keçirməyiblər.
Rusiya pulunun Birləşmiş Krallıqda, xüsusən də paytaxt Londonda rolu böyükdür.
Rusiya oliqarxları, eləcə də biznesmenləri və siyasi elitası 10 milyon funt sterlinqdən baha London mülklərinin ən böyük alıcıları qrupuna başçılıq edirlər.
Hazırda London Birjasında Rusiyadan və MDB-dən olan 113 şirkətin səhmləri dövr edir.
Britaniyanın yeni xarici işlər naziri Filip Hammond Brüsseldə bildirib ki, Britaniya yeni sanksiyaların cənab Putinin dost-aşnasına təsir etməsini istəyir.
O deyib ki, Rusiyanın Ukraynadakı davranışına yalnız bu yolla təsir göstərmək olar.
Britaniya xarici işlər nazirinin sözçüsü isə bildirib ki, Britaniya Avropa İttifaqı sanksiyalarının ikinci mərhələsində daha çox Rusiya rəsmisinin adının əlavə olunmasını tələb edir.
Rəsmi London həm də Rusiyaya qarşı bütöv neft və qaz sektorunu hədəfləyəcək üçüncü mərhələ sanksiyalarının tətbiqini tələsdirir.
Bununla belə, Britaniya hökuməti əlavə edib ki, Birləşmiş Krallıqda yaşayan Rusiya oliqarxları yeni sanksiyalardan qorxmamalıdır, çünki onların Ukraynadakı hadisələrlə bağlı Rusiyanı dolayısı ilə dəstəkləməsinə dair məlumatlar yoxdur.
Hərçənd bir sıra təhlilçilər, o cümlədən Piontovski deyir ki, Putinin zəngin dostlarından bir çoxu Londonda yaşayır.
Onlardan bəzilərinin burada Vladimir Putinin pullarını "fırlatdıqları" düşünülür. Məsələn bəzi dairələrdə elə həmin Abramoviçi "Putinin pul kisəsi" adlandırırlar.
Piontkovsky qeyd edir ki, Rusiya oliqarxlarının böyük əksəriyyəti Kremllə birbaşa bağlıdır.
"Hər bir oliqarxın uğuru prezident Putinlə münasibətlərin üzərində qurulub. Putin onları istədiyi vaxt həbsə ata bilər", Piontovski deyib.
Bu arada Qərb mediası Avropanı Rusiyanın Ukraynaya hərbi təcavüzünə sakitliklə yanaşmasını tənqid edib. Qərb mediası Putinin hərəkətlərini dünyaya təhlükə hesab edir. Yazırlar ki, dünya ayaca qalxmasa, sonra pis olacaq.
"Vaşinqton Post" qəzeti yazır ki, Ukrayna böhranı strategiyalı və məqsədli Avropanın olmadığını göstərdi. Bu böhrana reaksiyanı ABŞ göstərməlidir və reaksiyaya rəhbərlik etməlidir, ancaq Avropasız real heç nə etmək mümkün deyil. Avropa Rusiyadan külli miqdarda enerji alır, Rusiya şirkətlərinə ən böyük investor Avropadır, Avropa Rusiya kapitalının axdığı əsas yerdir. Barak Obamanın tənqidçiləri onu məcbur etmək istəyirlər ki, Putinlə bağlı bir iş görsün, ancaq Putinin həqiqətən narahat edə bilən məhz Avropanın sanskiyalarıdır.
Qəzet yazır ki, baxın, Avropa Ukrayna ilə necə hərəkət edib? Avropa illərlə müəyyənləşdirə bilmirdi ki, o, Ukraynanı Avropa Birliyinə üzvlüyə həvəsləndirsin, yoxsa yox. Avropa Birliyi Kiyevə qarışıq siqnallar göndərirdi. Bu, avropərəst ukraynalıları məyus edirdi, rusiyalıları qəzəbləndirirdi və hamını çaşdırırdı.
"Vaşinqton Post" qəzeti başqa bir məqaləsində yazır ki, əgər Qərb Ukrayna üçün indi nəsə etməsə, sonra gec ola bilər.
Qəzet yazır ki, Avropanın mövqeyi inanılmazdır - Avropa istəyir ki, Ukrayna hökuməti işğalçıları ölkədən qovmağı dayandırsın, onlarla danışıqlara getsin. Qəzet yazır ki, xöşbəxtlikdən yeni Ukrayna prezidenti Poroşenko bu strategiyaya təslim olmadı.
Əksinə,o, ABŞ-dan hərbi yardım və ya ən azı Rusiyaya qarşı əhəmiyyətli sanskiyalar istəyir.
Qəzet ABŞ prezidenti Obamanı tənqid edir ki, bu müraciətləri o və avroplalılar kənara qoyur.
Qəzet Obama haqda yazır ki, Putinin vəziyyəti gərginləşdirməsinin qabağını almaq üçün imkanı ABŞ prezidenti artıq əldən buraxıb və heç olmasa indi hərəkət etməsə, sonda gec olacaq.
"Finansial Tayms" qəzeti yazır ki, Rusiyanın hərəkətlərini pisləməkdə Avropa birdir. Ancaq sanskiyalara gələndə Avropa parçalanır.
Qəzetin fikrincə, Avropa Birliyinin 28 ölkəsinin hamısının qəbul edə biləcəyi sanskiyaları razılaşdırmağa vaxt gedəcək. Avropa Birliyi heç olmasa, ümumi prinsipi razılaşdırmalıdır.
"Economist" jurnalı isə yazır ki, 1991-ci ildə SSRİ dağılandan sonra rusiyalıların nəhayət ki, normal Qərb demokratiyası dünyasının üzvü olmaq şansı yaranmışdı, ancaq Putin Rusiyanı başqa yolla apardı.
Jurnal yazır ki, Putin dünyaya təhlükədir və bu təhlükəyə dünya cavab verməlidir, əgər dünya ayağa qalxmasa, sonra bundan da pis olacaq.