Bu gün Rusiyaya qarşı sanksiyalar qüvvəyə minəcək Dünya

Bu gün Rusiyaya qarşı sanksiyalar qüvvəyə minəcək

Ukraynaya təcavüz rəsmi Moskvaya baha başa gələcək

Cavid

Ukraynada vəziyyət getdikcə gərginləşir. Dünən açıqlanan məlumata görə, Ukrayna Silahlı Qüvvələrinin 10 hərbi qulluqçusu həlak olub, 55 hərbçi isə yaralanıb. Ukrayna mətbuatının xəbərinə görə, dünən də Luqanskda terrorçularla döyüşlərdə daha 23 hərbçi həlak olub. Döyüşlər zamanı hərbçilərlə yanaşı dinc sakinlər də ölüb.
Qorlovkada gedən döyüşlərdə isə 17 sakin həlak olub. Ölənlər arasında 3 uşağın da olduğu bildirilir. Bu hadisədən sonra ölkədə üçgünlük matəm elan edilib. Qorlovka şəhər sovetinin saytı xəbər verir ki, şəhərin mərkəzi hissəsinin ağır artilleriyalardan atəşə tutulması nəticəsində 43 sakin yaralanıb. Həmçinin bildirilir ki, şəhərin mərkəzi küçələrində xeyli yaşayış evi dağılıb. Yerli təşkilatlar sakinlərlə birgə fəsadları aradan qaldırmağa çalışırlar. Qeyd edək ki, 27 iyul tarixində də Qorlovkada gedən döyüşlər zamanı 14 nəfər həlak olub. Ölənlərdən beşinin körpə uşaq olduğu qeyd edilib. Ukraynanın Avdeyevka şəhərində də zirehli texnikanın iştirakı ilə döyüş başlayıb. Məlumatı "İnterfaks" agentliyi separatçılara istinadən yayıb. Məlumata görə, Ukrayna ordusu 10 tank və digər zirehli texnikanın iştirakı ilə hücuma keçib. Avdeyevka şəhəri Donetsk hava limanının 10 kilometrliyində yerləşir.
Ukraynalı fəal Sergey İvanov isə sosial şəbəkədə Rusiyadan Ukraynanın Luqansk vilayətinə daha 20 hərbi maşın karvanının keçdiyini qeyd edib. Həmin avtomobillərin işıqlarını söndürərək sərhəddi keçdikləri deyilir. Xatırladaq ki, ötən gecə Rusiyadan Donbasa 40 hərbi maşın karvanının daxil olduğunu əks etdirən fotolar yayılmışdı.
Bu arada ABŞ və Avropa Birliyi ölkələrinin diplomatları Rusiyaya qarşı yeni sanksiyaları razılaşdırıblar. Dünən qəbul olunan sanksiyalar Rusiya banklarının maliyyə bazarlarına çıxışını, silah, ikili təyinatlı məhsullar və enerji texnologiyları idxalını məhdudlaşdırır. Yeni sanksiyalar bu gün qüvvəyə minəcək. Qeyd edək ki, Brüsseldə verilən bu qərarın qəbul olunmasında ABŞ prezidenti Barak Obamanı mövqeyi həlledici olub. Toplantıya telefonla bağlantı quran ABŞ prezidenti Rusiyaya qarşı yeni sanksiyaların tətbiqinin zəruriliyini əsaslandırıb. Bundan başqa Avropa Birliyi ölkələrinin səfirləri Brüsseldə Rusiyaya qarşı sanksiyalar siyahısına daha 8 fərdi, o cümlədən Putinin yaxın biznes tərəfdaşı olan 4 şəxsi və 4 biznes qurumunu əlavə edib. Avropa Birliyinin üzvü olan 28 dövlətin səfirləri iyulun 29-da axşam Rusiyanın enerji, müdafiə və bank sektorlarına qarşı əlavə sanksiyaları müəyyənləşdirməlidirlər. İndiyə kimi Avropa Birliyinin sanksiya siyahısında 87 fərdin və 20 biznes qurumunun adı var. Dünən həmçinin ABŞ-ın Maliyyə Nazirliyi Rusiyanın daha üç bankına qarşı sanksiya tətbiq etdiyini açıqlayıb. Sözügedən siyahıya "Bank Moskva", "VTB" və "Rosselxozbank"ın adları daxil edilib. Qeyd olunur ki, bu gündən etibarən Amerika vətəndaşları və şirkətləri həmin banklardan kredit götürə bilməzlər. Bundan başqa, onlar həmçinin həmin banklarla 90 gündən yuxarı müqavilə bağlaya bilməzlər. Xatırladaq ki, bir neçə gün bundan öncə "VTB" bankına qarşı Avropa Birliyinin də sanksiya tətbiq edəcəyi bildirilmişdi.
ABŞ-ın dövlət katibi Con Kerri isə Ukrayna hökumətinin ölkənin şərqində qarşılıqlı atəşkəsə hazır olduğunu bildirib. Con Kerri Ukraynanın xarici işlər naziri Pavel Klimkinlə Nyu-Yorkda keçirdiyi birgə mətbuat konfransında bəyan edib ki, Ukrayna böhranı həll etmək istəyir: "Prezident Poroşenko aydın dedi, nazir Klimkin isə təsdiqlədilər ki, ukraynalılar atəşkəsə hazırdırlar. Gələcəkdə deyil, indi. Onlar Rusiyanın dəstəklədiyi separatçılar ilə ciddi və məzmunlu dialoqa hazırdırlar. Ukrayna hökuməti dərk edir ki, bu böhrana son qoymağın yeganə yoludur". Kerri Rusiyanın separatçılara silah, maliyyə və canlı qüvvə ilə təmin etdiyini vurğulayıb: "Biz bunu görürük, əlimizdə dəlil-sübutda var. Məhz Rusiyadan aldıqları dəstəyə görə separatçılar silahı yerə qoymurlar". ABŞ-ın dövlət katibi bir daha bildirib ki, Rusiya münaqişənin nizamlanmasına dair müvafiq addımlar atmasa rəsmi Vaşinqton və Avropa Birliyi yeni, daha sərt sanksiyalara əl atacaqlar: "Rusiya yolundan dönməsə, beynəlxalq ictimaiyyətin ayrı seçimi olmayacaq".
Rusiyada isə artıq vəziyyət kritik həddə çatıb. Belə ki, eyni vaxtda Rusiyanın 3 avtomobil zavodu işini dayandırır və işçilərini kütləvi məcburi məzuniyyətə göndərir. Bunlar Tolyatidəki "AvtoVAZ", "GM-AvtoVAZ" və Kaluqadakı "Volkswagen" konserninin zavodudur. Məlumata görə, "Volkswagen Qrupp Rus" şirkətinin əməkdaşları avqustun 25-dək, avtomobil zavodlarının işçiləri isə avqustun 17-də məcburi məzuniyyətdə olacaqlar. "AvtoVaz"ın 45 minə yaxın işçisinin birdən məzuniyyətə göndərilməsi birinci dəfədir baş verir. Avropa biznes Assosiasiyasının bir müddət əvvəl açıqlanan proqnozuna görə, 2014-cü ildə Rusiyada avtomobil satışı 12 faiz (335000) aşağı düşəcək. Rusiyanın elitası isə ölkəni tərk etmək məcburiyyətində qalıb. "Business İnsider" portalının yazdığına görə isə, iş hətta o yerə çatıb ki, imkanlı rusiyalılar tarixçi-geneoloqlara müraciət edərək ailə köklərində xarici rişələr tapmağa çalışırlar ki, xarici vətəndaşlıq almaq üçün əsaslar olsun. "Bunlar ilk növbədə o insanlardır ki, böyük pullar qazanıblar və indi onları itirməkdən qorxurlar" - deyir moskvalı genealoq Vladimir Paley. Qeyd edək ki, rəsmi məlumata görə, son il ərzində Rusiyadan 186 min nəfərdən çox adam tərk edib. 2012-ci ildə bu rəqəm 123 min, 2011 və 2010-cu ildə isə müvafiq olaraq 37 və 34 min nəfər olub. Ekspertlər isə real rəqəmlərin qat-qat böyük olduğunu düşünürlər. Bundan əlavə, təlaş ovqatı Rusiyanın işgüzar dairələrində də hökm sürür. Belə ki, artıq keçən həftə bəlli olub ki, Rusiya milyarderlərinin çoxu panik əhvaldadır. "Çoxlarına aydındır ki, Putinin Ukrayna siyasəti Rusiyanın dünyada izolyasiyasına və mümkündür ki, onun iqtisadiyyatının çöküşünə gətirəcək. Bununla belə, mümkün repressiyalardan dolayı qorxu üzündən praktik olaraq heç kim Putini tənqidə risk eləmir" - söyləyir Moskvadakı Siyasi Texnologiyalar Mərkəzinin rəhbəri İqor Buni. Əlavə edək ki, Putini Ukrayna siyasətindən narazılıq yavaş-yavaş Rusiya KİV-lərində də özünü büruzə verməkdədir. Ələlxüsus, Malayziya sərnişin təyyarəsinin vurulmasından sonra dünyanın Kremlə münasibətdə daha sərt mövqe sərgiləməsi istət-istəməz yazılı və elektron medianın ovqatında da özünü göstərməkdədir. Bundan başqa, Ukrayna ordusunun ölkənin şərqində separatçı qüvvələrə qarşı mübarizədə bir-birinin ardınca qazandığı hərbi uğurlar Rusiya siyasi elitasına və mətbuatına başqa yandan öz neqativ, daha doğrusu, ayıldıcı təsirini göstərməkdədir. Vəziyyətin ciddiliyini təbii ki, Rusiya müxalifəti də görür və nəticələri hesablamağa çalışır. Məsələn, müxalifət liderlərindən olan Boris Nemtsov öz fasebook səhifəsində Putinin siyasətinin ölkəyə vəd elədiyi ağır sonuclar barədə yazdığı axırıncı statusda bildirir ki, xalqın Putinlə mifik anlaşmasının pozulacağı gün heç də uzaqda deyil. "O zaman qocaların pensiyalarını vaxtlı-vaxtında almamasını, ərzaq məhsullarının bahalaşmasını insanlara Obamanın "pis oğlan" olması ilə izah eləmək çətin olacaq". Bütövlükdə Rusiyanın praqmatik düşüncəli siyasətçiləri və ziyalıları Kremlin hazırkı avantürist rəhbərinin ölkəni siyasi bataqlığa saldığını indi daha aydın şəkildə başa düşürlər. Bataqlıqda istənilən hərəkət isə yalnız dərinə aparır. Əfsuslar olsun ki, sadə rus müjiki bu sonucu görmək iqtidarında deyil. Onun gözləri neoimperiya xülyası ilə yaşayan Putinin körüklədiyi velikorus xəstəliyi nəticəsində tutulub. Açılanda isə gec olacaq.