Türkiyənin məhvi planı: Ərdoğana qarşı oyun - Sensasiya Dünya

Türkiyənin məhvi planı: Ərdoğana qarşı oyun - Sensasiya

Səudiyyə Ərəbistanı rəhbərliyinin Türkiyəni məhv etmək üçün hazırladığı iddia edilən “strateji plan”ın detalları bəlli olub.
Bu barədə “Middle East Eye” nəşri yazıb.
Məlumata görə, plan Səudiyyə Ərəbistanı və müttəfiqi BƏƏ tərəfindən açıq və gizli kəşfiyyat mənbələrinin informasiyaları əsasında formalaşdırılıb və müvafiq hesabat hazırlanıb.
May ayında Ər-Riyada Türkiyə hökumətinə qarşı durmaq üçün hazırlanan “strateji plan”ın fəaliyyətə başlaması üçün göstəriş verilib. Planın əsas hədəfi kimi Ərdoğan hakimiyyətinə təzyiq göstərmək, onu zəiflətmək və daxili məsələlərlə məşğul olmasını təmin etmək üçün mümkün olan bütün vasitələrdən istifadə edilməsi seçilib. Səudiyyə Ərəbistanı Ərdoğanın və Türkiyənin regional nüfuzuna son qoymağı planlaşdırıb:
“Krallıq türk iqtisadiyyatını hədəf almağa, Türkiyədəki Səudiyyə investisiyasını mərhələli olaraq sonlandırmağa, Türkiyəni ziyarət edən Səudiyyə turistlərini alternativ regionlar yaradaraq mərhələli şəkildə azaltmağa, türk mallarının idxalını azaltmağa və ən önəmlisi islamla bağlı mövzularda Türkiyənin regional təsirinin azaldılması üçün təzyiq göstərməyə başlayacaq”.
Hesabata görə, krallığın faktiki lideri Məhəmməd bin Salman Türkiyəyə qarşı durmaq qərarını jurnalist Camal Qaşıqçının İstanbulda öldürülməsindən sonra qəbul edib.
Ərdoğanın krallıq, xüsusən də vəliəhdə qarşı “qarayaxma” kampaniyası zamanı həddi aşdığı fikrinin müdafiə edildiyi hesabatda Türkiyənin sui-qəsdlə bağlı Səudiyyə Ərəbistanındakı istintaqa dəstək üçün “spesifik və dürüst” informasiya vermədiyi, bunun əvəzinə mətbuata krallıq imicini pozmaq və vəliəhdin nüfuzunu yox etmək məqsədi daşıyan dezinformasiya sızdırdığı iddia edilib.
İlk əlamətlər üzə çıxıb
Əmirliklərin Siyasət Mərkəzi tərəfindən hazırlanan hesabatda göstərilən əməliyyatın ilk işarələri ötən həftə hiss olunub. Səudiyyə rəsmiləri Türkiyənin tekstil məmulatları və kimyəvi maddələr daşıyan 80 yük maşınını Duba limanında saxlayıb və ölkəyə girişini qadağan edib. Nəşrə danışan türk rəsminin sözlərinə görə, Türkiyədə istehsal edilən meyvə və tərəvəzlərin yükləndiyi 300 konteyner isə Ciddə limanında saxlanılıb.
Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin yaydığı rəsmi məlumatlara görə, 2019-cu ilin ilk 6 ayı ərzində ölkəyə gələn turist sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 276 mindən 234 minə düşüb.
Ankara hər şeydən xəbərdardır
Türk hökuməti Səudiyyə vəliəhdinin münasibətləri bitirmək yolundakı təşəbbüslərinin fərqinə varıb və buna cavab olaraq birbaşa kralla əlaqə yaradıb. Məsələ ilə bağlı danışan yüksək çinli türk rəsmisi bildirib:
“Qaşıqçı cinayətindəki qəti mövqeyinə görə Türkiyəni cəzalandırmaqla bağlı Səudiyyə strategiyasının varlığı təəccüblü deyil. Etdiklərinin fərqindəyik. Səudiyyə Ərəbistanına tabe sosial şəbəkə hesabları və dövlət mediasının fəaliyyətlərini görmək mümkündür”.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ötən həftə Səudiyyə limanlarında gözləyən türk ixrac məhsulları probleminə diqqət çəkmək üçün Səudiyyə kralına zəng edib. Bununla bağlı danışan digər bir türk rəsmisinin sözlərinə görə isə Ərdoğan və kral arasında səmimi söhbət baş tutub, liderlər Suriya və Fələstin məsələlərini müzakirə ediblər. Söhbət zamanı Ərdoğan kral və vəliəhd də daxil olmaqla bütün kral ailəsini Türkiyəyə dəvət edib.