Rusiyanın turizm sektorunda böhran Dünya

Rusiyanın turizm sektorunda böhran

Qərbin sanksiyaları üzündən aviasiya və turizm sahəsində fəaliyyət göstərən şirkətlər müflisləşirlər

Rusiyaya qarşı sərt sanksiyalar isə ölkənin milli turizminə ciddi təsir edir. Bu sanksiyalar turizm biznesi ilə məşğul olan təyyarələrin vəziyyəti üçün çox kritik hal ala bilər.
Belə ki, artıq Rusiyanın "Dobrolet" aviaşirkəti də uçuşlarını ləğv edib. Buna səbəb kimi isə şirkətin sığorta, lizinq və texniki baxış kimi müqavilələrinin ləğv edilməsi, həmçinin təyyarələrə aeronaviqasiya informasiyasının verilməməsi göstərilir. Aviaşirkət rəsmiləri problemlərin yaranmasına Avropa Birliyinin sanksiyalarının təsirinin olduğunu deyirlər.
Qeyd edək ki, "Dobrolet" Rusiya Hava Yolları "Aeroflot"un tərkibində 2014-cü ilin iyununda ucuz hava yolu şirkəti olaraq fəaliyyətinə başlamışdı. Şirkət, Krımın Rusiyaya birləşdirilməsindən sonra Moskva-Simferepol səfərlərində ucuz bilet satması ilə diqqət çəkirdi.
Onu da bildirək ki, Ukraynadakı mövcud problemlərlə bağlı siyasi qərarlar artıq bir neçə səyahət firmasını müflisləşdirib. Turist axınının kəskin azalmasına səbəb olan sanksiyalar valyuta məzənnələrinin artmasına gətirib çıxarıb. Proqnozlar isə göstərir ki, aviasiya və turizm sahəsində iflas edən şirkətlərin sayı daha da arta bilər.
Turizm sahəsindəki son vəziyyət Rusiyanı təcili iclas keçirilməsinə məcbur edib.
Qeyd edək ki, Rusiyanın Krıma uçuşları bərpa etmək istəyindən sonra AB-in sanksiyaları kəskinləşib. Simferopola və Volqoqrada bütün reyslər 4 avqust tarixindən etibarən ləğv edilib.
Bundan başqa Rusiya hökuməti Avropanın nəhəng aviaşirkətlərinin istifadə etdiyi Transsibir hava məkanını bağlamağa hazırlaşır.
Bu barədə Rusiyanın "Vedomosti" qəzeti məlumat yayıb.
Məlumata görə, məsələ ilə bağlı Rusiyanın Nəqliyyat və Xarici İşlər Nazirliyi səviyyəsində məsləhətləşmələr aparılır.
Rusiyanın bu addımı Qərbin ona qarşı tətbiq etdiyi sanksiyalara cavab kimi qiymətləndirilir. Bu sanksiyalardan sonra Avropa biznesi də ciddi ziyan çəkəcək. Transsibir hava məkanından "Lufthansa", "British Airways", "Air France" kimi nəhəng şirkətlər Avropadan Şərqi Asiyaya uçuşlar həyata keçirirlər. Avropalıların Rusiyanın bu sanksiyadan sonra düşəcəyi ziyanın məbləği milyardlarla avro ilə ölçülür.
Rusiyanın "Aeroflot" aviaşirkəti də ciddi ziyana düşəcək. Şirkət Transsibir dəhlizinin istifadəsinə görə, ildə 300 milyon dollar alırdı. Hər iki nazirlik məsələ ilə bağlı açıqlama verməkdən imtina edib.