Kabildə terror aktından sonra 400 əcnəbi təxliyə edilib Dünya

Kabildə terror aktından sonra 400 əcnəbi təxliyə edilib

Əfqanıstan polisi yaxınlığında partlayışın baş verdiyi və etiraz aksiyalarının başladığı “Green Village” kompleksindən 400 nəfərə yaxın xarici ölkə vətəndaşını təxliyə edib.
Bu barədə Tolo News telekanalı xəbər verir.
Partlayış Kabilin PD9 rayonunda, bir sıra xarici kompaniyaların ofislərinin yerləşdiyi “Green Village” kompleksinin yaxınlığında törədilib. Əfqanıstan Daxili İşlər Nazirliyi insidentin yaşayış binalarının yerləşdiyi ərazidə baş verdiyini bildirib. Partlayış zamanı binaların əksəriyyəti zədələnib. Son məlumata görə, hücum nəticəsində azı 16 nəfər həlak olub, 119 nəfər yaralanıb. Partlayışdan sonra yaxınlıqda yerləşən yanacaqdoldurma məntəqəsi də alışıb.
“Taliban” hərəkatı partlayışın məsuliyyətini öz üzərinə götürüb və hədəflərinin xarici qüvvələr olduğunu deyib. Əfqanıstan Prezidenti Əşrəf Qəni terror hücumunu qınayıb. Ölkənin təhlükəsizlik qüvvələri hücumda iştirak edən beş silahlının öldürüldüyünü bildirib.
Terror aktından sonra həmin rayonun onlarla sakini etiraz aksiyasına başlayıb və “Green Village” kompleksinin bir hissəsini yandırıb. Onlar xarici ölkə ofislərinin və kompleksin yaşayış rayonlarından kənara çıxarılmasını tələb edirlər.