Ermənistandan növbəti həyasızlıq Dünya

Ermənistandan növbəti həyasızlıq

Nalbandyan Türkiyə prezidentini "erməni soyqırımı"nın yubileyinə dəvət etdi

Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan Türkiyənin yeni prezidenti Rəcəb Teyyub Ərdoğana 2015-ci ilin aprel ayının 24-də İrəvana səfər üçün rəsmi dəvət təqdim edib.
Nalbandyan Ərdoğanın andiçmə mərasimində iştirak edib. Tədbirdən sonra, nümayəndə heyətlərinin rəsmi qəbulu zamanı Nalbandyan və Ərdoğanın qısa söhbəti baş tutub. Nalbandyan ona Ermənistan prezidentinin 2015-ci ilin aprelin 24-də qondarma erməni soyqırımı ilə bağlı İrəvanda keçiriləcək tədbirə rəsmi dəvətini çatdırıb.
Ekspertlərə görə, Türkiyə və Ermənistan rəsmilərinin qarşılıqlı səfərləri və dəvətlər iki ölkə arasında sərhədlərin açılması məsələsinin reallaşmasına qədər irəliləyə bilər. Bu isə Azərbaycanın maraqlarının bu münasibətlərin kənarında qalması deməkdir.
Baxmayaraq ki, Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşqun Ermənistanın xarici işlər nazirinin Ərdoğanın inaqurasiya mərasimində iştirakı ilə bağlı Azərbaycan cəmiyyətinin narahatlığına əsas olmadığını bildirib. Əlbəttə, Türkiyə diplomatının arqumentləri rəsmi Ankaranın atdığı addımlara haqq qazandırmağa çalışıb. Məqsəd olsun ki, Türkiyədə "xalqın dövlətlə bütünləşməsi baxımından baş verən dəyişikliyi tək Türkiyənin dostlarının deyil, hər kəsin görməsi"dir və ya hər kəsin andiçmə mərasimində Türkiyənin dostluğunun çox dəyərli olacağını göstərməkdir. Amma Türkiyə-Azərbaycan qardaşlığının bütün dostluqların fövqündə olduğunu da diqqətdən kənarda qoymaq olmaz. Cənab səfirin "Türkiyə ilə tarixi təhrif etməklə, gərəksiz qarşıdurmaya sürüklənmək heç kimə fayda gətirməyəcək" fikirləri tamamilə haqlıdır.
Amma Ermənistanın davranışlarında nə dəyişib və Halbandyanın o mərasimə qatılmasından sonra nə dəyişdi? Halbandyan bu gün ən rəzil gündə olan və ən alçaldıcı şərtlərlə Rusiyanın yedəyində gedən ölkəsinin Türkiyənin məlum jestinə təhqiramiz münasibətini sərgilədi. Türkiyənin ilk dəfə xalq tərəfindən seçilmiş prezidentinə qondarma erməni soyqırımının 100 illiyi ilə bağlı mərasimdə iştirak etmək üçün dəvət təqdim olundu. Bundan böyük həqarət və tərbiyəsizlik ola bilərdimi?
Ermənistan Qarabağda təcavüzkarlığını, işğal siyasətini bu gün də davam etdirir. Eyni qayda ilə ermənilər dünya çapında qondarma soyqırımı iddiaları ilə Türkiyənin şərəfinə, ləyaqətinə və tarixi keçmişinə, Türk xalqının hisslərinə qarşı təcavüzkarlığını davam etdirir, 2015-ci ilin aprelinə dünyanın gündəmini öz yalanları ilə işğal etmək kimi xəbis bir siyasətlə gedir.