Ukraynanın şərqində atəşkəs rejimi hər gün pozulur Dünya

Ukraynanın şərqində atəşkəs rejimi hər gün pozulur

Müdafiə Nazirliyi: "Ukrayna hərbçiləri bir qayda olaraq yalnız kiçik çaplı silahlardan cavab atəşi açır"

Cavid

Atəşkəs razılaşmasına baxmayaraq, Ukraynanın şərqində sabitliyi bərpa etmək hələ də mümkün olayıb. Ukrayna Müdafiə Nazirliyinin dünənki xəbərinə görə, Donetsk bölgəsindəki ordu bölmələrinin mövqeləri yenidən atəşə məruz qalıb. Nazirlikdən bildiriblər ki, Ukrayna ordusu bütün hallarda birtərəfli qaydada atəşkəsə əməl edir.
"Ukrayna hərbçiləri bir qayda olaraq yalnız kiçik çaplı silahlardan cavab atəşi açır. Ukrayna ordusu tərəfindən aviasiya və artileriyadan istifadə edilməyib" - deyə nazirliyin xəbərində qeyd edilir.
Ukrayna prezidenti Pyotr Poroşenko isə bildirib ki, rus separatçıları son 4 gündə 1200 ukraynalı əsiri sərbəst buraxıb. Bu, cümə günü əldə edilən atəşkəslə bağlı tərəflər arasındakı qarşılıqlı razılaşma əsasında baş tutub.
Yeri gəlmişkən, Ukrayna və Rusiya prezidentləri arasında növbəti telefon danışığı olub. Tərəflər Ukraynanın cənub-şərqində vəziyyətin sülh yolu ilə nizamlanmasına dair addımları müzakirə ediblər. Bu haqda Kremlin mətbuat xidməti məlumat yayıb.
"Ukrayna prezidenti Poroşenko ilə Putinin telefon danışığında Ukraynanın cənub-şərqində vəziyyətin sülh yolu ilə nizamlanmasına dair addımları müzakirə olunub. Dialoq davam etdiriləcək", - xəbərdə deyilir.
Bu arada Poroşenko orduya daim Ukraynanın müdafiəsinə hazır olmağa çağırıb.
Minsk danışıqlarının protokoluna əsasən, Donbass ərazisinin üçdə biri ərazi bütövlüyü qorunan Ukraynanın tərkibində xüsusi status alacaq.
Ukrayna prezidentinin müşaviri Yuri Luçenko yerli telekanallardan birinə açıqlamasında deyib ki, protokolda aydın şəkildə göstərilib ki, bütövlükdə iki vilayətə deyil, yalnız həmin iki vilayət daxilində Ukrayna hökumətinin nəzarətindən çıxan rayonlara xüsusi status veriləcək.
Donetsk və Luqansk vilayətlərinin rusların əlində olan rayonları isə Donbas bölgəsinin üçdə birini təşkil edir. Hazırda ərazidə mövqelərin demarkasiyası aparılır.
Luçenko onu da bildirib ki, Qərb Rusiya ilə Üçüncü Dünya Müharibəsini Donbas konfliktindən başlamayacaq.
O, Qərbin Ukraynaya yalnız sanksiyalarla yardım etməyə hazır olduğunu bildirib: "Qərbin nümayəndələri deyirlər ki, biz III Dünya Müharibəsini sizə görə başlamayacağıq. Bəli, biz sizə sanksiyalarla kömək etməyə hazırıq, amma bu, hərbi yolla alınmayacaq. Ona görə də məsələ Avropanın ən güclü ordusundan gedəndə biz Qərblə birgə Rusiya ilə danışmaq məcburiyyətindəyik".
Onu da vurğulayaq ki, NATO isə Uelsin Nyuport şəhərində keçirilən sammitində Ukraynadakı kimi bənzər təcavüzlərə qarşı yeni 4000 hərbi birləşmə yaratdığını elan edib.
NATO-nun çevik reaksiya qüvvələrinin əsasında yaradılan "avanqard" qoşun birləşməsinin 1000 əsgəri Britaniya hərbçilərindən ibarət olacaq.
Bu qoşunlar Şərqi Avropanın hər hansı bir yerində böhran yaranacağı təqdirdə maksimum 2-5 gün arasında döyüş hazırlığı vəziyyətinə gətiriləcək.
Hazırda mövcud olan və bundan sonra da olacaq çevik reaksiya qüvvəsinin hazırlıq vəziyyətinə gətirilməsi üçün adətən daha uzun müddət lazım gəlir.
Prezident Obama Uels sammitində bəyan edib ki, NATO-nun belə bir yeni birləşmə yaratması Rusiyaya, gələcəkdə Ukraynadakı kimi bənzər təcavüzlərdən çəkinməsi üçün xəbərdarlıqdır.
Obama müxbirlərə deyib ki, Ukrayna və Rusiya tərəfindən dəstəklənən separatçılar arasında cümə günü əldə olunmuş atəşkəs razılaşmasına ümidlər bəsləyir, lakin keçmiş təcrübəyə əsaslanaraq separatçıların bu razılaşmaya əməl edəcəklərinə və Rusiyanın Ukraynanın suverenliyini pozmağa yönəlmiş zorakılığının dayanacağına inanmır. Obama NATO-nun yeni çevik reaksiya qüvvəsinin Rusiyanın hər hansı gələcək təcavüzdən çəkinməsi üçün yaradıldığını bir daha təsdiq edib. Britaniyanın baş naziri Devid Kameron bəyan edib ki, yeni "avanqard" hərbi birləşməyə Britaniyanın yüksək rütbəli zabitləri rəhbərlik edəcəklər.
Bundan əlavə Britaniya NATO-nun Şərqi Avropada növbəti 16 ay müddətində keçiriləcək hərbi manevrlərində iştirak üçün 3500 əsgər hazırlayacaq.
Kameron həmçinin bəyan edib ki, Kral Dəniz Donanmasının ikinci yeni "Prince of Wales" təyyarədaşıyan gəmisi xidmət üçün istifadəyə veriləcək. Britaniyanın baş naziri deyib ki, mövcud sanksiyalar Rusiya iqtisadiyyatına ciddi təsir göstərir: "Hər halda Rusiyanın Avropa İttifaqına və Birləşmiş Ştatlara daha çox ehtiyacı var, nəinki Avropa İttifaqının və Birləşmiş Ştatların Rusiyaya".
Baş nazir deyib ki, Ukrayna və separatçılar arasında atəşkəs pozularsa, Qərb Rusiya üzərinə daha sərt sanksiyaların qoyulmasında qətiyyətlidir.
Yeri gəlmişkən, Avropa İttifaqı Şurası Ukraynadakı vəziyyətlə əlaqədar Rusiyaya qarşı yeni sanksiyalar barədə qərar verib.
Ukrayna prezidenti Poroşenko ötən gün Rusiyanın açıq hədəfində olan Mariupolda hərbçilərlə görüşü zamanı deyib ki, Kiyev Şimali Atlantik alyansının bir neçə üzvü ilə birbaşa silah təchizatı barədə razılaşma əldə edib.
"Bir sıra NATO ölkələri ilə müasir silahların birbaşa təchizatı barədə danışıqlar aparılıb ki, bu da bizə müdafiə olunub qalib gəlməyə kömək edəcək" - deyə prezident bildirib.
"Düzdür, biz yalnız özümüzə güvənirik, lakin maliyyə və tüxniki-hərbi kömək vacibdir və biz onu alacağıq"- deyə o əlavə edib.
Qeyd edək ki, Ukrayna prezidentinin müşaviri Yuriy Lusenko da öz Facebook səhifəsində yazıb ki, Ukrayna ABŞ, Fransa, İtaliya, Polşa, Norveçdən silah təchizatı barədə razılıq əldə edib. Xəbər yayıldıqdan sonra Qərb KİV-ləri bildirdi ki, adı çəkilən dövlətlər məlumatı təkzib edib.