Ukrayna İranı məhkəməyə verir Dünya

Ukrayna İranı məhkəməyə verir

İran isə ABŞ-dan şikayətçidir

İranda raket hücumuna məruz qalan Ukrayna Hava Yollarına məxsus sərnişin təyyarəsi ilə bağlı Beynəlxalq Ədalət Məhkəməsinə müraciət ediləcək.
Bu barədə Ukrayna Xarici İşlər Nazirliyi məlumat yayıb.
Ukraynanın Xarici İşlər nazirinin müavini Yevgeni Yenin mövzu ilə bağlı bunları deyib: “İstinaqla əlaqədar müzakirələr tıxanarsa, Beynəlxalq Ədalət Məhkəməsinə müraciət etmək məcburiyyətində qalacağıq. Bu, sadəcə Ukraynanı maraqlandıran məsələ deyil. Kanada, İngiltərə, İsveç, Əfqanıstan və Ukrayna dövlətlərinİn birləşdirilmiş cəbhəsindən söhbət gedir. İstinaq istənilən sürətdə getmir. Təyyarənin "qara qutusu" və kodların açılması prosesində irəliləyiş yoxdur”.
Qeyd edək ki, 8 yanvar tarixində Ukrayna Hava Yollarına məxsus "Boeing 737-800” tipli sərnişin təyyarəsi İran İnqilab Keşikçiləri Korpusunun hava hücumundan müdafiə sistemləri tərəfindən raket hücumlarına məruz qalmış, nəticədə təyyarədə olan 176 nəfərin hamısı dünyasını dəyişmişdi. Ölənlərdən 11-i Ukrayna, 82-si İran, 63-ü Kanada, 10-u İsveç, 4-ü Əfqanıstan, 3-ü Almaniya, 3-ü Britaniya vətəndaşı olub.
İran təyyarənin qırıcı olduğunu, buna görə də yanlışqla hədəf alındığını açıqlamış, günahkarların cəzalandırılacağını bildirmişdi.
Bu arada İran ABŞ-dan Birləşmiş Millətlər Təşkilatına şikayət edib.
Bu barədə ölkənin Xarici İşlər Nazirliyi məlumat yayıb.
Nazirlikdən bildirilib ki, ABŞ İranın Venesuelaya neft satışının qarşısını almağa cəhdlər edib. Buna görə də nazir Məhəmməd Cavad Zərif ölkəsi adından BMT-nin baş katibi Antonio Quterreşə xitabən məktub yazıb.
O, məktubunda ABŞ-ın qanunsuz, təhlükəli və təxribatçı təhdidlərini beynəlxalq sülh və təhlükəsizliyi təhdid edən quldurluq növü adlandırıb: “ABŞ-ın dünyada gücdən istifadəyə son verməsi və beynəlxalq hüququn qaydalarına, xüsusilə açıq dənizlərdə nəqliyyat sərbəstliyinə hörmət etməsi vacibdir”.
Zərif ABŞ-ın sözügedən təhdidlərinə qarşı İranın lazımi tədbirləri görəcəyini qeyd edib.
Qeyd edək ki, İran mediasında bu ölkə tərəfindən Venesuelaya göndərilən yanacaq tankerlərinin qarşısını almaq üçün ABŞ-ın 4 döyüş gəmisi və bir kəşfiyyat təyyarəsi göndərdiyi iddia olunub. Dünyanın ən böyük yanacaq ehtiyatlarına sahib ölkələrdən biri olan Venesuela sanksiya və iqtisadi böhran səbəbilə neft platformalarını işlədə bilmir, İran isə istehsal etdiyi nefti satmaqda çətinlik çəkir. Hər iki ölkə ABŞ-ın ağır sanksiyalarından əziyyət çəkir.