Ukraynada müharibənin yeni mərhələsi başlaya bilər Dünya

Ukraynada müharibənin yeni mərhələsi başlaya bilər

Donetsk hava limanı uğrunda döyüşlər səngimir, Putin aeroporda hərbi baza yaratmaq istəyir

Cavid

Ukraynanın Donetsk şəhərində hökumət qüvvələri ilə separatçılar arasında gərginlik pik həddə çatıb. Məlumata görə, ötən gün də şəhərin mərkəzində güclü atışmalar olub. Silahlılar minaatanlardan ticarət mərkəzinə və doqquzmərtəbəli yaşayış binasına hücum ediblər. Atışmalar zamanı bir nəfər ölüb. Ölən şəxs beynəlxalq Qırmızı Xaç Cəmiyyətinin nümayəndəsidir.
Hökumət qüvvələri gün ərzində separatçıların iki genişmiqyaslı hücumlarının qarşısını aldıqlarının bildiriblər.
Artıq Avropa Birliyi Ukraynada gərginliyin yenidən şiddətlənməsi ilə əlaqədar narahatlığını ifadə edib.
Eyni zamanda, hava limanı ətrafında da döyüşlər gedib. Separatçılar hava limanına nəzarəti əllərində saxladığını iddia etsələr də, rəsmi Kiyev bu iddiaları təkzib edib.
Ümumiyyətlə sentyabrın 5-ində Belarusun paytaxtı Minskdə tərəflər arasında atəşkəs razılığı əldə olunsa da, regionda tez-tez atışma səsləri eşidilməkdə davam edir.
Qondarma "Donetsk Xalq Respublikası"nın silahlıları isə Donetsk hava limanını nəzarətə götürdüklərini bildiriblər.
Bu barədə "DXR"in Tvitter hesabında məlumat verilib: "5 ay davam edən döyüşlərdən sonra Donetsk hava limanı "Novorossiya ordusu" tərəfindən tutulub".
Xatırladaq ki, cümə axşamı qondarma "DXR"in silahlıları hava limanının 90 %-ini tutduqlarını və ertəsi gün bütünlüklə nəzarətə götürməyi planlaşdırdıqlarını bildirmişdilər.
Öz növbəsində Ukrayna antiterror əməliyyatlarının mətbuat katibi Vladislav Seleznyov silahlılar tərəfindən hava limanının tutulması xəbərini təkzib edib.
Xatırladaq ki, son günlər ərzində seperatçılar 2 dəfə Donetsk hava limanı ərazisində Ukrayna mövqelərinə hücumlar təşkil ediblər.
Donetsk vilayətinin qubernatoru oktyabr ayının 2-də Donetsk hava limanının vilayət mərkəzinə aid olan ərazilər müqabilində planlı dəyişdirilməsi barədə məlumatı təsdiqləyib.
Ukrayna xarici kəşfiyyatının xidmətinin sabiq rəhbəri, ordu generalı Nikolay Malomuj bildirib ki, Rusiya prezidenti Vladimir Putin Donetsk aeroportunda hərbi baza yaratmaq istəyir: "Ukrayna Donetsk aeroportunu vermək istəmir. Ona görə ki, Putin Donetsk aeroportunda hərbi baza yaratmaq istəyir. Aeroportun digər ərazilərlə mübadiləsi haqqında məsələ var. Amma biz bu mübadiləyə qarşıyıq. Ukraynanın özü burada güclü hərbi baza yarada bilər".
Qeyd edək ki, separatçılar Donetsk aeroportunda mühasirədə qalan Ukrayna hərbçilərini daim atəş altında saxlayır. Sentyabrın 29-da tank atəşi nəticəsində Ukraynanın 7 hərbçisi həlak olub. Dünən isə separatçılar aeroporta növbəti hücumu həyata keçirib və 7 döyüşçünü itirib.
Donetsk vilayəti dövlət administrasiyasının sədri Sergey Taruta da iki gün əvvəl aeroportun digər ərazilərlə mübadiləsi barədə danışıqların getdiyini bildirib.
"Donetskə bitişik ərazilərin Donetsk şəhər aeroportu ilə mübadiləsi barədə danışıqlar həqiqətən aparılır. Böyük ərazilərdən söhbət gedir. Təəssüf ki, bu danışıqlarda Novoazovskın mübadiləsi müzakirə edilmir. Şəhər hələ ki işğal altında qalacaq", - deyə Donetsk vilayət dövlət administrasiyasının sədri vurğulayıb.
Bundan əvvəl isə informasiyalar yayılmışdı ki, Ukrayna ordusu Donetsk aeroportunu 25 avqustda işğal edilmiş Novoazovsk şəhəri ilə mübadilə etmək istəyir.
Bu arada Donetskin atəşə tutulması zamanı Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) nümayəndəsi də həlak olub.
Donetskdə artilleriya atəşi zamanı mərmilərdən biri BQXK-nin yerləşdiyi Vişnyovski xəstəxanasına düşüb.
Nəticədə təşkilatın əməkdaşı 38 yaşlı İsveçrə vətəndaşı Loran Etyen həlak olub. İsveçrə vətəndaşı Vişnyovski xəstəxanasından çıxarkən mərmi qəlpəsinə tuş gəlib.
Mərmilər yaşayış sahələrinə həmçinin trolleybus deposunun ərazisinə də düşüb.
"Donetsk Xalq Respublikası"nın "rəhbərliyi" seperatçı qurum üçün himn yazılması üçün də Rusiyadan kömək istəyib.
RİA xəbər agentliyinin verdiyi məlumata görə, bu barədə seperatçı qurumun "mədəniyyət naziri"nin vəzifələrini icra edən Yuri Lekstutes bildirib: "Bizdə hələlik rəsmi himn yoxdur. Buna görə də Rusiya Yazılçılar İttifaqı və Rusiya Bəstəkarlar İttifaqına müraciət etmişik".
Bundan əvvəl isə "Novorossiya parlamenti"nin spikeri Oleq Sarev İosif Kobzona "Novorossiya" himnini yazmağı təklif edib. O.Sarev avqustun 13-də "DXR"in gələcək bayrağı kimi Rusiya imperiyasının bayrağından istifadə etməyi təklif edib.
Belarus prezidenti Aleksandr Lukaşenko isə "Euronews" telekanalına müsahibəsində bildirib ki, Belarus Ukraynanın Donbas hövzəsinə sülhməramlılarını göndərməyə hazırdır.
"Əgər Rusiya Qərbə, Qərb də Rusiyaya inanmırsa, mən öz silahlı qüvvələrimdən istifadə edərdim", - deyə Lukaşenko vurğulayıb.
Eyni zamanda əsgərlərinin həyatları ilə risk etmək istəmədiyini deyən Lukaşenko Belarus sülhməramlılarının Donbas hövzəsinə göndərilməsi üçün münaqişənin bütün tərəflərinin bu ideyanı dəstəkləməli olduğunu qeyd edib. A.Lukaşenko bu təklifi çoxdan səsləndirdiyini, lakin bütün tərəflərdən rədd cavabı aldığını dilə gətirib.
Rusiya prezidenti Vladimir Putin isə Ukraynada keçiriləcək parlament seçkilərinin ölkədə sabitliyi bərqərar edəcəyinə ümid bəslədiyini bildirib.
Putin oktyabrın 26-da keçiriləcək seçkilərin gətirəcəyi sabitliyin Rusiya tərəfindən alqışlanacağını qeyd edib.
"Ukraynanın parlament seçkilərinin çoxdan gözlənilən siyasi sabitliyi təmin edəcəyinə ümüd edirəm", - deyə Rusiya dövlət başçısı bildirib.
Putin bildirib ki, Ukraynanın iqtisadi və siyasi böhrandan çıxışı Rusiyanın maraqlarına xidmət edir. O, Ukraynanı Rusiyaya qardaş ölkə adlandırıb. Rusiya prezidenti iki ölkənin etnik, mənəvi, dini və tarixi ortaqlığı bölüşdüyünü deyib.
Eyni zamanda Rusiya lideri Ukraynaya xəbərdarlıq edərək, suverenliyi və ərazi bütövlüyünü qorumasının yalnız etnik ruslar və rusdilli əhali də daxil edilməklə, bütün vətəndaşlarının hüquqlarının təmin edildiyi halda mümkün olacağını bildirib.
Rusiya prezidenti Vladimir Putin onu da bildirib ki, Ukrayna yalnız bütün vətəndaşlara hörmət edərək ərazi bütövlüyünü saxlaya bilər.
"Ukraynanın istənilən guşəsində yaşayan insanlar beynəlxalq hüquqda nəzərdə tutulmuş bütün hüquqlardan istifadə etməli, heç kimin ana dilindən istifadə hüququ məhdudlaşdırılmamalıdır. Nə dini, nə də etnik prinsiplər üzrə ayrı-seçkilik olmamalıdır. Ukrayna yalnız bütün vətəndaşların hüquqlarına hörmət etməklə ərazi bütövlüyünü saxlaya biləcək", - deyə Rusiya prezidenti vurğulayıb.
Rusiya prezidenti Vladimir Putin həmçinin ölkəsinə qarşı sanksiyalar tətbiq etmiş ABŞ və Qərbə "barmaq silkəliyib".
ABŞ və Qərbi sərt tənqid edən Putin bu sanksiyalarla onların öz bizneslərinə məhdudiyyətlər qoyduğunu bildirib.
VTB Kapital "Rusiya çağırır" forumunun plenar sessiyasında çıxışı zamanı Vladimir Putin Rusiyaya qarşı sanksiyaları "bu axmaqlıq" adlandırıb. Dövlət başçısının sözlərinə görə, Qərb ölkələri perspektivli Rusiya bazarında yeri azad etməklə Avropa Birliyinin rəqibləri üçün yol açır.
"Sanksiyalar həmin ölkələrdə biznes fəaliyyətini məhdudlaşdırır. Bu isə tamamilə axmaqlıqdır. Biz buna sakit yanaşırıq, amma təəssüf ki, Ümumdünya Ticarət Təşkilatının fundamental prinsipləri, bazar iqtisadiyyatı, rəqabətlər pozulur, beynəlxalq maliyyə institutlarına, ehtiyat valyutalara - dollara və avroya etibar azalır", - deyə Vladimir Putin bildirib.