Türkiyə Kobanini terrorçulardan xilas edə biləcəkmi? Dünya

Türkiyə Kobanini terrorçulardan xilas edə biləcəkmi?

Toğrul İsmayıl: "İstisna etmirəm ki, Dəməşqin özü Türkiyədə vəziyyətin gərginləşməsində maraqlıdır"

Haldun Yalçın Kaya : "PYD antitürk fəaliyyətindən imtina edərsə və Əsədə qarşı mübarizədə Ankaranı dəstəkləyərsə, Türkiyə nəzəri baxımdan ona silah verə və istənilən dəstəklə təmin edə bilər"

Cavid

Bir neçə gündür Türkiyənin Suriya ilə sərhəddində hərbi gərginlik yaşanır. İŞİD qüvvələri tərəfindən atılam mərmilər artıq bir neçə dəfə Türkiyə ərazilərinə düşüb. Terrorçular Suriyanın Türkiyə ilə sərhəddə yerləşən Kobani yaşayış məntəqəsini isə əsl cəhənnəmə çeviriblər. Üstəlik, PKK-nın yaranmış vəziyyətdən istifadə edərək Türkiyə daxılındə iğtişaşlar təşkil etməsi Ankaranın həm ölkədaxili durumla bağlı, həm də regionda gün-gündən daha xoşagəlməz istiqamətdə cərəyan edən proseslərlə bağlı qayğılarını xeyli artırıb. Eyni zamanda Qərbin regionla bağlı qeyri-adekvat addımları Türkiyəni çox çətin sınaq qarşısında qoyub.
İndi gözlər Ankaraya dikilib. Türkiyə kürdlərin Kobanini müdafiə etmək bəhanəsilə törətdiyi iğtişaşlar fonunda hansı addımı atacaq. Ankara Kobanidə İŞİD-ə zərbə endirəcəkmi?
vestikavkaza.ru saytına danışan türkiyəli ekspertlər Türkiyənin Kobanini terrorçulardan xilas etmək üçün hərbi əməliyyatlara getməyəcəyini bildiriblər. Politoloq Toğrul İsmayıl qeyd edib ki, Türkiyə dünya birliyinin icazəsi olmadan, eyni zamanda, beynəlxalq prosedurlar tətbiq olunmadan Suriyaya müdaxilə etməyəcək. Politoloqun fikrincə, hərçənd Türkiyənin bunu etməsi üçün əsasları var. Türkiyənin cənub-şərq əyalətlərində toqquşmaları şərh edən türkiyəli ekspert istisna etməyib ki, burada Türkiyənin yeni münaqişəyə çəkmək məqsədi ilə provokasiyalar baş verə bilər.
"Türkiyənin şəhərlərindəki toqquşmaların arxasında Suriyadakı xüsusi qrup dayana bilər. Bilirsiniz ki, Türkiyə hökumətinin əsas məqsədi prezident Bəşər Əsəd rejiminin devirilməsidir. Bununla əlaqədar istisna etmirəm ki, Dəməşqin özü Türkiyədə vəziyyətin gərginləşməsində maraqlıdır. Axı rəsmi Ankaranın diqqətinin daxili problemlərə daha çox yönəlməsi bir o qədər Əsədi devirmək cəhdlərini azaldacaq. Ola bilər, Türkiyəyə sübut etmək istəyirlər ki, kimsə istənilən vaxt burada qarışıqlıq yarada bilər. Mən hesab edirəm ki, bu mesajlar nəzərə alınmalıdır", - deyə Toğrul İsmayıl vurğulayıb.
Politoloq əmindir ki, heç bir aksiya, mitinq və ya toqquşmalar Ankaranı Suriya ərazisindəki münaqişəyə birbaşa qarışmağa məcbur edə bilməyəcək: "Türkiyə "İslam Dövləti"nə qarşı döyüşlərdə kürd özünümüdafiə dəstələrinə (YPG) kömək etməkdən imtina edir. Bunun da obyektiv səbəbləri var: Kobanini müdafiə edən kürd özünümüdafiə dəstələri Türkiyədə həbsxanada cəza çəkən terrorçu PKK lideri Abdulla Öcalanı özlərinin ideoloqu hesab edirlər. Ankara PKK kimi YPG-ni də terror təşkilatı hesab edir. Bundan başqa, Abdullah Öcalan Hafiz Əsədin hakimiyyəti illərində kürd terrorçularının fəaliyyətini Suriyadan idarə edirdi. Nəticədə, PKK Ankara və Dəməşq arasında münasibətlərə ciddi zərər vurdu. Bu baxımdan Ankara Kobaniyə həm də ona görə kömək edə bilmir ki, şəhəri türklərin nöqteyi-nəzərindən terrorçular müdafiə edirlər".
Türkiyəli digər bir ekspert Haldun Yalçın Kaya da Kobani uğrunda İŞİD-lə PYD-nin hərbi qanadı olan YPG-nin vuruşduğuna diqqət çəkib: "Hər ikisi terrorçu təşkilat elan edilib. Ankara üçün bu döyüş iki terror qruplaşmasının döyüşüdür".
Ekspert qeyd edib ki, Kobanini qorumaq üçün vuruşan YPG-nin silahlandırılması Türkiyə hakimiyyətinin nəzərində əslində terrorçuların silahlandırılması anlamına gəlir. Lakin türkiyəli ekspert Türkiyənin YPG-yə silahla yardım edəcəyini də istisna etmir: "Müharibə nəzəriyyələrindən birinə görə, sən başqa bir dövlətin ərazisində bir təşkilata qarşı mübarizə aparmağa qərar verirsənsə, o halda yerli əhalinin dəstəyini əldə etmək lazımdır. Sadə xalqın dəstəyini təmin edən Qərb koalisiya gücləri Əfqanıstana daxil oldu. İndiki vəziyyətdə isə Türkiyə Kobanidə vuruşan iki tərəfdən birinin - İŞİD və yaxud PYD-nin dəstəyini təmin etməlidir. Bəli, hər iki qrup Türkiyə tərəfindən terrorçu təşkilat elan edilib. Əgər PYD antitürk fəaliyyətindən imtina edərsə və Əsədə qarşı mübarizədə Ankaranı dəstəkləyərsə, Türkiyə nəzəri baxımdan ona silah verə və istənilən dəstəklə təmin edə bilər".
Baş verə biləcək Türkiyə-İŞİD qarşıdurmasının diqqətçəkən məqamı həm də Azərbaycanın Türkiyəyə necə dəstək verməsi məsələsidir. Mütəffiq olsaq da, bu məsələdə fikirlər yekdil deyil. Parlamentin Təhlükəsizlik və Müdafiə Komitəsinin üzvü Siyavuş Novruzov İŞİD-in Türkiyə ərazisində təhlükə yaradacağı halda, Azərbaycanın da strateji müttəfiq kimi Türkiyəni hərtərəfli şəkildə dəstəkləyəcəyini bildirib. Onun sözlərinə görə, iki ölkə arasındakı təhlükəsizlik müqavilələri buna imkan verir: "Lakin Türkiyə hələ ki İŞİD-ə qarşı müharibəyə başlamayıb. Baş nazirin koalisiya qüvvələri qarşısında şərti var ki, Türkiyə İŞİD-ə qarşı o zaman quru əməliyyatlarına başlayacaq ki, bu əməliyyatlar sonradan Suriyada davam edəcək. Hələlik Ankara nə NATO, nə də koalisiya qüvvələri ilə razılığa gəlməyib"
Təhlükəsizlik Araşdırmaları Mərkəzinin rəhbəri, Milli Təhlükəsizlik Nazirliyinin sabiq polkovniki İlham İsmayıl də bildirib ki, Türkiyə İŞİD-ə qarşı mübarizə şərtlərini açıqlayıb: "Baş nazir Əhməd Davudoğlunun sözlərinə görə, əgər Bəşər Əsəd rejimi dəyişəcəksə, Türkiyə bütün gücü ilə İŞİD və digər qruplaşmalara qarşı mübarizəyə hazırdır. Ümumiyyətlə, İŞİD tərəfindən Türkiyəyə qarşı hansısa müdaxilə olarsa, Türkiyə buna dərhal cavab verəcək. NATO-nun baş katibi də alyansın Türkiyəni müdafiə edəcəyini bildirdi. Yəni, Türkiyə İŞİD-ə qarşı konkret olaraq mövqeyini bildirib. Onsuz da İŞİD-ə qarşı koalisiyada Türkiyə rəsmən var. Amma aktiv mübarizədə yoxdur. Hansısa müdaxilə olarsa, aktiv mübarizəyə qoşulacaq".
Ekspert mümkün Türkiyə-İŞİD qarşıdurmasında Azərbaycanın Ankaraya nceə dəstək verə biləcəyi məsələsinə də toxundu: " Azərbaycan İŞİD-ə qarşı mübarizədə Türkiyənin mütəffiqi kimi yox, terrorizmə qarşı mübarizə aparan dövlət olaraq koalisiyaya qoşula bilər. Amma məhz Türkiyə ərazisinə müdaxiləyə görə İŞİD-ə qarşı mübarizəyə başlamağımız düzgün olmazdı".
Millət vəkili, professor Musa Qasımlı isə bildirib ki, region dövlətləri, o cümlədən Azərbaycan təhlükəsizlik tədbirlərini daha da gücləndirməlidir.
O, qeyd edib ki, son hadisə və proseslər ilkin mərhələdədir və gözə görünməyən tərəfləri var:
"İslam Dövləti" deyilən qruplaşmanın arxasında hansı qüvvələrin dayanmasına, onların gerçək niyyətlərinin nə olmasına dair məndə çoxlu suallar var. Hələ ki hadisə və proseslər ilkin mərhələdədir və gözə görünməyən tərəfləri var. Məlumata görə, bu qruplaşma Türkiyəni və regionun digər ölkələrini də təhdid edir. Ancaq Türkiyənin ərazisinə hər hansı bir hücum olarsa, Türkiyə dövləti və milləti onu cavabsız qoymaz. Fikrimcə, hazırki vəziyyətdə region dövlətləri, o cümlədən Azərbaycan bu istiqamətdə təhlükəsizlik tədbirlərini daha da gücləndirməlidir".
"Hazırda Türkiyədə vəziyyət çox təhlükəlidir. Hətta iş o yerə çatıb ki, kürdlər yaşayan bölgələrdə komendant saatının vaxtı da uzadıldı. Əslində Türkiyənin indi yalnız bir çıxış yolu var: İŞİD təhlükəsini öz sərhəddindən uzaqlaşdırmaq". Bunu isə hərbi ekspert Azad İsazadə hazırda Türkiyədə yaşanan gərginliklərə münasibət bildirərkən deyib. Politoloqun sözlərinə görə, Ankara bu təhlükənin baş verəcəyini gözləyirdi: "Türkiyə iki od arasında yerləşir. İran və Cənubi Qafqaz. Türkiyə istəmirdi ki, İŞİD təhlükəsi qonşularına da keçsin. Həm İranı, həm də Cənubi Qafqazı bu bəladan qorumağa çalışır. Çünki əks təqdirdə regionda vəziyyət nəzarətdən çıxa bilər".
Azad İsazadə həmçinin qeyd edib ki, indi rəsmi Ankaranın İŞİD-lə bağlı bir qərar verəcəyini gözləmək olar: "Artıq türklər İŞİD-lə müharibəyə gedib-getməyəcəyini düşünmürlər. İndi onlar ABŞ-ın cavabını gözləmədən təkbaşına hücum edəcəklərini qət ediblər. Çünki vəziyyət hər gün daha da gərginləşir. Bölgədə hər saat daha çox ərazi nəzarətdən çıxır. Bu isə Türkiyənin içdən çalxalanmasına gətirib çıxara bilər".
Hərbi ekspert deyib ki, ABŞ-ın NATO üzvü olan Türkiyəni bu durumda yalnız buraxdığını düşünmür: "ABŞ bu məsələdə nə reaksiya verməkdə gecikmir, nə də ki, Türkiyəni tək qoymayıb. Sadəcə, hadisələri dərindən təhlil edib, bu günə-sabaha yekun qərar verəcək".