Rusiya Ermənistanda təlimlərə başlayır Dünya

Rusiya Ermənistanda təlimlərə başlayır

Rusiyanın "forpostu" olan Ermənistandakı 102-ci bazasının hərbi qulluqçularının iştirakı ilə İrəvanda ən böyük taktiki təlimlərə başlayır. Bu barədə Rusiya Cənub Hərbi Dairəsi məlumat yayıb.
Bildirilib ki, oktyabrın 13-19-dək baş tutacaq təlimlərin əsas məqsədi hərbi birləşmənin döyüş hazırlığının yoxlamaqdır. Bu, həm də hərbçilərin yay təhsil müddəti üçün yekun imtahanı olacaq. Burada təqribən 3 min əsgər və zabit, 500 hərbi və xüsusi texnika iştirak edəcək. Müasir qırıcı təyyarələr hazırda İrəvanda "Erebuni" hərbi aerodromunda yerləşdirilib.
Təlimlərin gedişatında Rusiya hərbi qulluqçuları zirehli tank və avtomobil texnikasının müxtəlif növlərinin müşaiyəti ilə marş keçəcək, "Kamxud" və "Alaqyaz" yüksək dağ təlim-tədris kompleksində 30 mindən çox artilleriya mərmisi atılacaq, avtomatik toplardan və böyuk kalibrli pulemyotlardan 300 min atəş açılacaq.
Bununla belə qeyd edilir ki, bu il keçirilmiş təlimlərin sayinın və sursatın sərfinin göstəricilərinə görə Cənub Hərbi Dairəsi bazası hərbçilərinin hərbi hazırlıq intensivliyi 4.5 dəfə artıb.
Xatırladaq ki, son vaxtlar Rusiya Cənub Hərbi Dairəsinin Ermənistanda yerləşən bazasında tez-tez müxtəlif təlimlər və kurslar keçirilir. Bu il avqustun əvvəlində MiQ-29 qırıcılarının gecə uçuşları təlimləri, bundan əvvəl isə "taktiki snayper dueli" adlı xüsusi kurslar keçirilib.