Türkiyə İŞİD-lə təkbaşına mübarizə aparacaq Dünya

Türkiyə İŞİD-lə təkbaşına mübarizə aparacaq

Ölkədə isə terror təhülkəsi genişlənə bilər

Türkiyənin İŞİD-ə qarşı mübarizəsi isə davam edir. İŞİD isə hər an rəsmi Ankaraya təhlükə ola biləcəyini bəyanlayıb və Türkiyə ilə sərhəddinə doğru irəliləməkdədir. Qərb mətbuatı Avropanın rəsmi Ankaranı İŞİD-lə təkbətək qoyduğunu yazır. Bəs İŞİD-lə təkbaşına mübarizə Türkiyəyə nə verə bilər?
Prezident Yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi Araşdırmalar İnstitutunun rəhbəri, politoloq, professor Elman Nəsirov son zamanlar Türkiyə sərhəddində yaranan gərginlik və bu dövlətin İŞİD-ə qarşı mübarizəsi ilə bağlı şərhində deyib ki, rəsmi Ankara Türkiyənin özünün də ciddi təhlükələrlə üz-üzə qalacağının fərqindədir. Ölkədə terror fəaliyyətinin genişlənməsi ehtimalı kifayət qədər böyükdür. Ona görə bu məsələlərdə Türkiyə tərəfi bir qədər ehtiyatlı davranış tərzinə üstünlük verir. Ölkə, qısa zamanda məsələlərin həlli younu tapmalıdır. Burada nə yubanmaq, nə də tələsik addımlar atmaq olar.
O, qeyd edib ki, hadisələrin gedişatı İŞİD-ə qarşı mübarizədə Türkiyənin mövqeyini dəyişməsinə zəmin yaratdı: "Türkiyə İŞİD-ə qarşı mübarizədə, əvvəlcə, bu prosesə qoşulmaq istəmədiyi ilə bağlı mövqeyi ortaya qoydu. Ancaq hadisələrin gedişatı, sərhəd yaxınlığında gərginliyin artması, ölkə ərazisinə təhdidlərin yaranması reallığı artıq Türkiyənin mövqeyinə təsir etməyə başladı. Türkiyə həmin prosesdə fəal iştirakçı qismində çıxış edir. Baş nazir Əhməd Davudoğlunun bu məsələlərlə bağlı mövqeyi belə idi ki, havadan zərbələr istənilən nəticəyə gətirib çıxarmır. Ona görə də quru əməliyyatlarına ehtiyac var . Belə olan halda düşmənə qalib gəlmək mümkündür.
Bu məsələ ilə əlaqədar artıq Türkiyə parlamenti qanunvercilikdə dəyişiklik edib. Oktyabr ayının 2-də Böyük Millət Məclisində Türkiyə ərazisindən kənarda hərbi əməliyyatların aparılması ilə bağlı yeni qanun qəbul olundu. Bu qanuna görə, Türkiyənin, prinsip etibarı ilə, İŞİD terror qruplaşmasına qarşı müharibəyə başlamasına yaşıl işıq yandırıldı. Türkiyə baş nazirinin də, prezident R.T.Ərdoğanın da mövqeyi belədir ki, İŞİD-ə qarşı müharibə lokal məzmun kəsb etməməlidir. Elə etmək lazımdır ki, bu təşkilata daha çox dəstək vermiş Bəşər Əsəd rejiminin iflası gerçəkləşsin".
Politoloqun sözlərinə görə, hələ ki, müttəfiqlər Türkiyənin mövqeyini lazımi səviyyədə dəstəkləməyiblər: "Artıq Türkiyənin ərazi bütövlüyünə qarşı təhdidlər yaranıb. Onun bu proseslərə quru qoşunları timsalında qatılmasının mümkünlüyünü, prinsip etibarı ilə, söyləmək mümkündür. İndiki halda Türkiyə bu addımları atmayıb. Hazırki vəziyyətdə Türkiyə hərbi hava bazalarından İŞİD-ə qarşı istifadəyə icazə verib. Bu istiqamətdə addımlar atılmaqdadır. İstisna deyil ki, vəziyyət gündən- günə dəyişilə bilər. Ən son məlumatlara görə, İŞİD Türkiyə sərhəddində də müəyyən hərbi əməliyyatlar keçirib. Bu vəziyyət Türkiyə quru qoşunlarının məsələyə müdaxiləsini zəruri edir".