Rusiyanı sanksiyalarla çökdürmək istəyirlər Dünya

Rusiyanı sanksiyalarla çökdürmək istəyirlər

Tofiq Abbasov: "Belə taktika yaxın illərdə İrana qarşı tətbiq edilmişdi"
Anar Turan: "Bu proseslər Qərbin Ukrayna məsələsində Rusiyaya etdiyi təzyiqlərlər bağlıdır"
Razi Abbasbəyli: "Kreml çalışır ki, real itkiləri gizlətsin"

Rusiyanın valyuta ehtiyatı 1 həftədə (3-10 oktyabr) 3 milyard dollar azalaraq $451,7 milyarda düşüb. Rusiyanın büdcə təşkilatlarında kütləvi ixtisarlar baş verib. Maliyyə böhranı tibb sektorunu vurub. Bu sahədə əmək haqqları yarıbayarı azaldılıb, işçilər kütləvi şəkildə ixtisar edilir. Proseslər Rusiya üçün nə vəd edir?
Politoloq Tofiq Abbasov hesab edir ki, Rusiyaya qarşı tətbiq ediləcək sanksiyalar iflicedici şəkildə köklənir: "Əsas qayə isə ondan ibarət idi ki, ölkə daxilində sosial problemlər kəskinləşsin və insanlar hakimiyyətə qarşı etirazları fəallaşdıersınlar. Belə taktika İrana qarşı tətbiq edilmişdi. Lakin İran duruş gətirə bildi, halbuki ölkə daxilində qiymətlər bir neçə dəfə artdı, bəzi strateji malların çatışmazlığı gündəmə gəldi və s. Lakin Rusiyada bir qədər fərqli durum yarana bilər. Çünki bu ölkənin cəmiyyəti ilə İran cəmiyyəti arasında böyük fərqlər var. Əvvəla, İran cəmiyyətinin müqavimət ruhu Rusyadan üstündür. Digər tərəfdən rəsmi Tehran alternativ variantların işlənməsində daha çevikdir və reallıq göstərdi ki, İrana qarşı təzyiqlər artdıqca ölkənin ictimai dairələri səfərbər olmağa qadirdir. Rusiyada isə problem ondadır ki, vəziyyətdən çıxış yolları tapmaqda lənglik müşahidə olunur. Bununla yanaşı 90-lardan sonra meydana gəlmiş nəsillər nümayəndələrində bir o qədər də vətənpərvərlik ruhu yüksək deyil və onların sıralarında neo-liberal ruh mövcuddur".
Onin sözlərinə görə, Qərbin təpkilərinə müqavimət göstərməyə hazır olanlar, əsasən yaşlı nəsil nümayəndələridir ki, onların da rolu o qədər də həlledici sayıla bilməz: "Odur ki, hazırki durumda Rusiya hakimiyyəti ilk növbədə gərək iqtisadi sahəyə diqqətini o dərəcədə artırsın ki, narazılıq dağıdıcı şəkil almasın. Rusiya cəmiyyəti yaxşı anlayır ki, ölkədə böhranlı vəziyyətin yaranmasında günahkarlar təkcə xarici qüvvələr deyil, eləcə də hökumətdir".
Politoloq Anar Turan isə dedi ki, bu proseslər Qərbin Ukrayna məsələsində Rusiyaya etdiyi təzyiqlərlə bağlıdır: "Qərb hər vəchlə Rusiyanın Ukraynaya qarşı aqressiv siyasətinə düzəliş etməsini ondan tələb edir. Bu yolda müharibədən, yəni güc vasitəsilə təzyiqdən başqa bütün metodlara əl atır. Qərb xüsusilə iqtisadi embarqolarla Rusiyanı zəiflədib aqressiv siyasətdən çəkindirmək yolunu tutub. Bu minvalla bu ölkənin iqtisadiyyatını tamam çökdürməyi hədəf götürən Qərb ölkələri Rusiyanı sanki vaxtilə Napoleon Bonapartın İngiltərəni kontinent mühasirəsinə almasına oxşar bir gediş edirlər. Lakin Rusiyanın təbii resurslarının zənginliyi, böyük əraziyə malik olması və hələ də dünyada söz sahibi olan ölkələrdən olması baxımından demək olar ki, təzyiqlərin yaxın perspektivdə hansısa nəzərəçarpacaq effekti verəcəyi gözlənilmir. Çünki Rusiya kimi nəhəng ölkələr hansısa münaqişəyə girərkən öz daxili potensialını nəzərdən keçirərək bu addımı atırlar. Yəqin ki, Ukrayna hadisələrinin bu cür nəticələnəcəyini Rusiya hakimiyyəti əvvəlcədən təxmin edirmiş və ona görə də belə təzyiqlərə əvvəlcədən hazırlaşıbmış. Düşünürəm ki, Rusiya bir müddət sonra hazırki çətin durumdan çıxacaq. Lakin Qərbin təzyiqlərinə tam davam gətirmək üçün Moskva da Ukrayna məsələsində nisbətən loyal siyasət yürütmək məcburiyyətində olacaq".
İqtisadçı-ekspert Razi Abbasbəyli dedi ki, Rusiya sanksiyalardan sonra faktiki olaraq 54 milyard dollardan çox vəsait itirib: "Kreml çalışır ki, real itkilərini gizlətsin. Bu yaxınlarda Rusiya Dövlət Duması sanksiyalardan sonra fərdi sığortaların ödənişi haqda qanun qəbul etdi. İstəyirlər ki, sanksiyaların vurduğu ziyanı bu şəkildə, oliqarxları qorumaqla sığortalasınlar. Lakin sosial sektoru xilas etmək kifayət qədər çətindir. Əgər büdcə təşkilatlarında çalışanlar kütləvi ixtisar edilirsə, əmək haqları aşağı düşürsə, bu faktiki olaraq böyük böhranın etirafı deməkdir. Prosseslərin bu şəkildə davam etməsi Rusiya üçün çox ağır günlər vəd edir. Rusiya siyasi iddialarından çəkilə bilmir, bu həm də gələcək üçün iqtisadi baxımdan yaxşı heç nə vəd etmir. Düşünürəm ki, Avropa və ABŞ İranla münasibətlərini yaxşılaşdırdığından Rusiya İranın taleyini yaşamalı olacaq. Lakin Rusiya qapalı bir coğrafiya olmadığından bu ağır bir mərhələdir".
İqtisadçı-ekspert Samir Əliyev Rusiyanın valyuta ehtiyatının 1 həftədə (3-10 oktyabr) 3 milyard dollar azalaraq 451,7 milyarda düşdüyünü bildirib. Beləliklə, Rusiya son 3 həftədə valyuta ehtiyatından 6,6 milyard dollar itirib: Halbuki beynəlxalq təşkilatlar, o cümlədən "Fitch" agentliyi sanksiya davam edəcəyi təqdirdə ehtiyatların ilin sonuna 450 milyard dollara düşəcəyini proqnozlaşdırmışdı. Göründüyü kimi, vəziyyət gözlənildiyindən də kritikdir. Bu sürətlə ehtiyat oktyabrın sonuna 450 milyard dollarlıq həddi keçərək aşağı üşəcək".
Ekspert deyir ki, bank sektorunda problemlərin sistemli xarakter daşımaşı getdikcə özünü daha çox büruzə verir: "Stanadard & Poor’s (S&P) agentliyi Rusiyanın bank sektorunun vəziyyətinin ağırlaşdığını əsas gətirərək bankların reytinqinin aşağı salınacağını bildirib. Agentliyin məlumatına görə, 2013-cü illə müqayisədə bankların xalis gəliri 2 dəfə azalacaq. Bir tərəfdən, sanksiyalar, digər tərəfdən, neftin ucuzlaşması Rusiyaya soyuq qış vəd edir".

Əli