İŞİD türkmənləri qırır Dünya

İŞİD türkmənləri qırır

Türkiyə Kobanidə baş verən ağır döyüşlərdə yaralanan kürd döyüşçülərin sərhədi keçməsinə icazə vermir

Cavid

İŞİD terror təşkilatı işğallarına davam etdirir. "Odatv" xəbər verir ki, Suriyanın şimalında yerləşən Kobani şəhərindəki kürd qüvvələrlə İŞİD (İraq Şam İslam Dövləti) terror təşkilatı arasında döyüşlərdə YPG və Azad Suriya Ordusunun (ASO) nəzarətində olan Til Şeir kəndinin İŞİD-in əlinə keçdiyi bildirilib. Şimali İraqda Bərzaniyə yaxınlığı ilə tanınan "Rudav"ın xəbərinə görə, Şimali Suriyanın Kobani şəhərində dünən gecə yerli vaxtla saat 00:00 radələrində başlayan toqquşma səhər saat 08:00-a qədər davam edib.
Xəbərə görə, Kobaninin şimal-qərbində yerləşən və YPG döyüşçüləri ilə ASO-nun nəzarətində olan Til Şeir kəndinin İŞİD-in nəzarətinə keçdiyi bildirilib. Türkiyə sərhədinə çoxlu sayda mülki şəxsin gəldiyini deyən "Rudav"ın müxbiri Neçirvan Hüseyn deyib: "Türkiyə dünən gecə Kobanidə baş verən ağır döyüşlərdə yaralanan kürd döyüşçülərin sərhədi keçməsinə icazə vermir".
"Rudav" müxbiri İŞİD terror təşkilatının böyük bir dəstək gücünü Kobaniyə göndərdiyini və şəhərdəki toqquşmaların hələ də davam etdiyini deyib.
Onu da bildirək ki, İŞİD hər gün türkmənlərin yaşadığı kəndlərə, qəsəbələrə, şəhərlərə hücum edir. Ötən gün İŞİD türkmənlərin yaşadığı Qaratəpə qəsəbəsində 10 türkməni qətlə yetirib.
İraq Türkmən Cəbhəsinə daxil olan Türkməneli Partiyası sədrinin müşaviri Ersan Sarıkahya deyib ki, Telaferdə olduğu kimi, bu günə qədər hazırda İŞİD-in mühasirəyə aldığı Qaratəpəyə İraq mərkəzi hökuməti, ordusu, Şimali İraq Kürdüstan Muxtariyyətinə bağlı peşmərgə gücləri, ABŞ və müttəfiqlərinin hava qüvvələri tərəfindən hər hansı dəstək verilməyib: "Artıq İŞİD Mosulda İraq ordusunun bazasından ələ keçirdiyi hərbi texnikadan türkmən kənd, qəsəbə və şəhərlərinə hücumda istifadə etməyə başlayıb. Söhbət tək Qaratəpədən getmir. Ancaq İŞİD-in hücumuna məruz qalan çoxlu sayda türkmən yaşayış qəsəbələrinin adları nə İraq hökuməti, nə də dünya birliyi tərəfindən dilə gətirilmir. Bu gün Kobaniyə göstərilən diqqət Qaratəpəyə göstərilmədi. Ancaq hazırda İŞİD-in mühasirəyə aldığı türkmən qəsəbəsi Qaratəpədəki mülki şəxslərin sayı Kobanidəki əhalidən dəfələrlə çoxdur. Kobanidə faktiki mülki şəxslər qalmayıb, lakin 20 mindən çox əhalisi olan Qaratəpədə çoxlu sayda mülki şəxs qətliam təhlükəsi altında yaşamaqdadır. Xüsusən İŞİD şiə türkmənlərin heç bir yerdə qalmamasına, yaşamamasına çalışır. Türkmənlər yüngül silahlarla böyük qəhrəmanlıq göstərərək mühasirə vəziyyətinə düşmüş Əmirli şəhərinin müdafiə edilməsinə və mühasirədən çıxarılmasına nail oldular. Ancaq Qaratəpənin müdafiəsini təşkil etmək, müqavimət göstərmək imkanları çox azdır. Artıq 10 nəfər öldürülüb, ancaq bu, 10 nəfərlə bitməyəcək, bu gün, ya sabah Qaratəpədə bir faciə yaşana bilər".
Ağır silahlara malik İraq ordusu, peşmərgə kimi qüvvələrin İŞİD qarşısında duruş gətirə bilmədiyini qeyd edən E. Sarıkahyanın sözlərinə görə, belə bir qüvvəyə qarşı türkmənlər təklikdə müqavimət göstərə bilməz. O nəzərə çatdırıb ki, Səddam Hüseyn dönəmində ordunun rəhbərliyində general və digər yüksək rütbə daşımış hərbçilərin, əsgərlərin çoxu sünni ərəblər olub və onlar hazırda İŞİD-lə birləşib: "İŞİD tək bir təşkilat kimi başa düşülməməlidir. İraqdakı İŞİD-in tərkibində müxtəlif qruplar var. Səddam Hüseyn dönəmində orduda xidmət etmiş hərbçilər də İŞİD qrupunda döyüşür. Bu qüvvələr coğrafi baxımdan o torpaqları, zəif və güclü istiqamətləri daha yaxşı tanıyır, ən böyük üstünlüklərindən biri də budur".
E.Sarıkahya bir neçə ay əvvəl Kərkük və ətrafdakı türkmən yaşayış məntəqələrinin müdafiəsi məqsədilə könüllü türkmən gənclərindən ibarət 5 min nəfərlik birləşmənin yaradıldığını, ancaq onların müəyyən yollarla əldə etdikləri yüngül silahlarla silahlandığını, peşəkar hərbi təlim keçmədiklərini xatırladıb.
E.Sarıkahya onu da bildirib ki, İraqda Telafer və digər yaşayış məntəqələrini tərk etmək məcburiyyətində qalmış 100 mindən çox türkmən İraqın müxtəlif bölgələrində çadır şəhərciklərində çox ağır vəziyyətdə yaşamaqdadır, onlara dünya birliyindən hər hansı dəstək yoxdur: "Söhbət insani durumun nəzərə alınmasından gedir. Çadırda yağış altında, palçıqda, sağlamlıq üçün ağır fəsadlar törədəcək şəraitdə yaşayan uşaqları görəndə insan qəlbinin dözməsi mümkün deyil. Ancaq bunu kimsə dilə gətirmir. Keçən həftə çadır şəhərciklərinin birində bir türkmən uşağın ürəyi dayandı, UNİCEF yardım etdi. Ancaq o çadır şəhərciklərdə yardıma ehtiyacı olan və həyatını itirən çoxsaylı uşaq var".
Onu da qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İraq Kürdüstanındakı PKK silahlılarının Kobaniyə Türkiyə ərazisi ilə keçidinə icazə verib. Ərdoğanın bu addımını terror təşkilatı ilə anlaşmaq, onunla əmədkaşlıq etmək kimi dəyərləndirən bəzi siyasilər bu addımın Türkiyənin sivil, demokratik ölkə imicinə ciddi xələl vura biləcəyi qənaətindədir. Bundan başqa, siyasilər hesab edir ki, Ərdoğanın məlum addımı Türkiyənin terror təşkilatı ilə əməkdaşlıq etmədən ötüşə bilmədiyini də göstərir ki, bu da dost ölkənin hərbi-siyasi qüdrəti ilə bağlı səslənən fikirlərin obyektivliyinə şübhələr yaradır.
Müzakirəyə səbəb olan digər bir məsələ isə Türkiyə-Suriya sərhəddindəki buraxılış məntəqəsinə edilən İŞİD hücumunun türk ordusu deyil, PKK tərəfindən dəf edilməsi ilə bağlıdır. Siyasilərin qənaətincə, türk ordusu tərəfindən yerinə yetirilməsi gərəkən missiyanın PKK tərəfindən gerçəkləşdirilməsi də Türkiyə-Suriya sərhəddindəki vəziyyətin türk ordusunun nəzarəti altında olmadığını, yaxud türk ordusunun İŞİD-lə qarşıdurmada maraqlı olmadığını göstərir.