Niderland və Belçikada koronavirusa təkrar yoluxma halları müşahidə edilib Dünya

Niderland və Belçikada koronavirusa təkrar yoluxma halları müşahidə edilib

Niderland və Belçikada COVID-19 xəstəliyindən sağalan pasientlər yenidən koronavirus infeksiyasına yoluxub.

Bu barədə NOS teleradio korporasiyası xəbər verir.

Bir müddət öncə Honkonq Universiteti koronavirusa təkrar yoluxma halının təsdiqləndiyi barədə məlumat yaymışdı. Mütəxəssislər əvvəlcə bunun təkrar yoluxma olduğuna, yoxsa virusun bütün bu müddət ərzində insan orqanizmində qaldığına əmin deyildilər. Lakin genetik analizlər xəstədə aprel və avqust aylarında aşkarlanan koronavirus ştamlarının tam fərqləndiyini göstərib.

Virusoloq Marion Kopmansın sözlərinə görə, bütün infeksiyalar müxtəlif genetik koda malik olur. Təkrar yoluxmanı rəsmən təsdiq etmək üçün koronavirusların DNA kodlarının fərqləndiyini sübut etmək lazımdır.

Niderlandda təkrar yoluxma zəifləmiş immun sisteminə malik yaşlı insanda, Belçikada isə üç ay bundan öncə COVID-19 infeksiyasına yoluxan qadında qeydə alınıb.

Sonuncu pasientdə əvvəlki xəstəlik yüngül keçdiyi üçün orqanizm az sayda anticisim istehsal edib. Bu halda anticisimlər təkrar yoluxmanın qarşısını almaq uçun yetərli olmur.

Qeyd edək ki, Çin hökuməti 2019-cu il dekabrın 31-də ölkənin mərkəzi hissəsində yerləşən Hubey əyalətinin Uxan şəhərində naməlum pnevmoniyanın yayılmağa başladığı barədə Dünya Səhiyyə Təşkilatını məlumatlandırıb. Mütəxəssislər xəstəliyə yeni növ koronavirusun səbəb olduğunu müəyyən edib və sonradan həmin xəstəlik rəsmən COVID-19 adını alıb. Mart ayının 11-də Dünya Səhiyyə Təşkilatı yeni koronavirus infeksiyasının yayılmasını pandemiya elan edib.