İdarə olunan qeyri-siyasi sabitlik Dünya

İdarə olunan qeyri-siyasi sabitlik

Və ya böyük güclərin Yaxın və Orta Şərq siyasəti

Cavid

Yaxın və Orta Şərq regionunda baş verən hadisələr hər kəsə məlumdur. Region həm təbii resurslarına, həm də əlverişli coğrafi mövqeyinə görə unipolyar sistemin dominant qüvvəsi olan ABŞ-ın, eləcə də onunla bu və ya digər sahələrdə qlobal liderlik uğrunda mübarizə əzmi göstərən Rusiya, Çin, həmçinin Avropanın güclü dövlətlərinin öz mənafelərini bir istiqamətə yönəldib, ABŞ-la səhnə arxası mübarizə apardığı Avropa İttifaqının ciddi olaraq diqqət mərkəzindədir. Tarixən olduğu kimi, yuxarıda sadalanan hər bir dövlətin bu regionda yürütdüyü özünəməxsus siyasəti vardır. Elə bu regionun politoloqlar tərəfindən "barıt çəlləyi" adlandırılmasının bir səbəbi regionun güclü dövlətlərinin liderlik uğrunda mübarizəsidirsə, digər səbəbi isə yuxarıda sadalanan dövlətlərin bu regiondakı maraqlarının bir-birinin maraqları ilə, bəzən isə region dövlətlərinin maraqları ilə üst-üstə düşməməsidir.
Politoloq Nahid Aslansoy Yaxın və Orta Şərqdə baş verənləri təhlil edib: "1991-ci ildə SSRİ-nin süqutu ilə bipolyar sistemin sonu, ABŞ-ın dominantlıq təşkil etdiyi unipolyar sistemin isə başlanğıcı qoyulmuş oldu. Belə olan halda təbii ki, ABŞ-ı, unipolyar sistemin dominant qüvvəsi kimi, bütün regionlarda baş verən hadisələr maraqlandırır. Bu dominantlığı saxlamaq üçün ABŞ bütün regionlarda özünəməxsus maraq və mənafelərini dəstəkləyən xarici siyasət konsepsiyasına malikdir. Yaxın və Orta Şərq isə sıradan bir region deyil, qədim sivilizasiyanın və hər üç monoateist dinin beşiyi, təbii resurslarla zəngin, eyni zamanda dini nöqteyi nəzərdən İslam dininə mənsub əhalinin üstünlük təşkil etdiyi bir regiondur. ABŞ-ın bu regiona marağı məhz yuxarıda qeyd olunan səbəblərdəndir. ABŞ bu regionda özünəməxsus xarici siyasət yürüdür, belə ki, region ölkələrinə hərbi təhlükəsizlik vəd edərək regionun təbii resurslarını digər dövlətlərdən daha ucuz əldə edir, dünyanın istənilən ölkəsində "demokratik dəyərlər" görmək istəyən ABŞ Yaxın Şərq ölkələrində, xüsusilə də Səudiyə Ərəbistanında bunu görməyə o qədər də niyyətli deyilmiş kimi davranır, əksinə monarxiyanın hökm sürməsinə çalışır, çünki təbii resursların xalqa nisbətdə monarxdan daha sərfəli əldə etməyin mümkünlüyünü daha yaxşı anlayır".
Politoloq qeyd edib ki, regionun ABŞ üçün önəmli bir region olduğunu sübut edən daha bir fakt odur ki, hazırda ABŞ xarici siyasətinin iki əsas məsələsi məhz Yaxın və Orta Şərq regionu ilə bağlıdır. Bunlardan biri İran hədəsidirsə, ikincisi hələ də öz həllini tapmamış İsrail – Fələstin münaqişəsidir. 2010-cu ildə Konqresə daxil olan hərbi və kəşfiyyat hesabatlarına əsaslanaraq, İran hədəsi haqda onu demək olar ki, İran hədəsi hərbi hədə deyil, çünki İranın ABŞ üçün hərbi təhlükə yarada biləcək imkanı yoxdur: "Belə ki, İranın hərbi xərcləri ABŞ-ın hərbi xərcləri ilə müqayisə edilməyəcək qədər azdır. Yuxarıda qeyd olunan hesabata görə, İran hərbi strategiyasının əsas məqsədi yalnız öz sərhədlərini istənilən təhlükə və hədədən qorumaqdır. O zaman İran hədəsi nədən ibarətdir? Hesabatda bu suala belə bir cavab tapmaq mümkün olur ki, İran qonşu dövlətlərdəki stabilliyi pozmaqla məşğuldur və bu yolla ətraf ölkələrdə, xüsusilə də İraq və Əfqanıstanda öz təsirini artırmağa çalışır. ABŞ isə məhz bundan narahatdır. Maraqlıdır ki, İran qonşu dövlətlərdə nüfuzunu artırma cəhdləri destabilizasiya adlandırıldığı halda, ABŞ-ın qonşu olmayan dövlətlərdə nüfuzunu artırma və yaxud müxtəlif vasitələrlə regiona müdaxiləsi hesabatda "stabillik" yaratma cəhdi kimi qələmə verilir. Deməli, ABŞ üçün stabillik yalnız öz kontroluna bərabərdir. ABŞ-ı qlobal liderliyi hələ ki əlində saxlayan bir dövlət kimi istənilən regionda lider dövlətin hansı dövlətin olması və ya liderliyə namizəd ölkələrin qüvvələr balansının saxlanılması məsələsi çox maraqlandırır. Yaxın və Orta Şərq regionunda isə İran Türkiyə, İsrail və Səudiyə Ərəbistanı arasında saxlanılan bu balansı dəf edib, liderliyə can atır. Buna isə öz sənayesinin, xüsusilə nüvə sənayesinin, və iqtisadiyyatının inkişafı ilə nail olmaq istəyir. ABŞ isə İranın uranın zənginləşdirilməsi sənayesinin inkişafına cəhdlərini əslində nüvə silahının hazırlamasına cəhdi adlandırır və İrana qarşı bir sıra sanksiyalar tətbiq edir, eyni zamanda müttəfiqlərini də bu tipli sanksiyalar tətbiq etməyə dəvət edir. İran isə öz növbəsində regionda nüvə tarazlığının pozulmasını iddia edir. Regionda yalnız İsrailin nüvə silahına malik olmasını ədalətli hesab etmir".
Ekspert qeyd edib ki, ABŞ-ın İranla digər problemi də İranın terrorizmi dəstəkləməsidir. Belə ki, ABŞ Dövlət Departamenti İranı dünyada "terrorizmin ən aktiv sponsoru" hesab edir. ABŞ rəsmiləri bildirirlər ki, İran əsasən İraq, Əfqanıstan və Livanda bir sıra terrorist qruplaşmanı maliyyə vəsaiti, silah, təlim və sığınacaqla təmin edir və beləliklə beynəlxalq ictimaiyyətin təhlükəsizliyini pozur. İranın uranın zənginləşdirilməsi və yeni nüvə texnologiyasının uğurla həyata keçirməsi haqda bəyənatları ABŞ və digər ölkələr üçün bu həyəcanı daha da artırır, çünki İran İslam Respublikası kütləvi qırğın silahlarını hərbçilərə və ya silahlı dəstələrə transfer edə bilər. İran liderləri isə bunu inkar edərək, nüvə enerjisini yalnız sülhməramlı məqsədlərlə istifadə etmə istəklərində israr edirlər. ABŞ-ın İranı terrorçu təşkilatları dəstəkləməkdə günahlandırması 11 sentyabr hadisələrindən sonra daha da kəskin xarakter aldı. İranın ABŞ tərəfindən həyata keçirilən Talibanın Əfqanıstandan çıxarılması kampaniyasında ABŞ-a yardım etməsinə baxmayaraq, İran da 2002-ci ildə İraq və Şimali Koreya kimi prezident C. Buş tərəfindən "şər oxu" ölkələrinə aid edilmişdi: "ABŞ-ın digər region ölkələri ilə münasibətlərinə gəlincə, Türkiyə, İsrail və Səudiyə Ərəbistanı ilə müsbət hesab edilə biləcək münasibətlər qurmaqla ABŞ regiona nəzarəti öz əlində saxlayır. İran hədəsini də məhz bu dövlətlər vasitəsilə aradan qaldırmaq istədiyi də politoloqları az düşündürmür. Bu üç dövlətdən heç birinin İranla münasibətləri qənaətbəxş deyil. Belə ki, İran İsrail dövlətinin varlığını tanımır, hər vəchlə bunu açıq-aşkar bildirir və İsraili xəritədən tamamilə silməklə hədələyir. İsrailin Fələstin ərazisində süni bir dövlət qurduğunu iddia edir. ABŞ-ı da İsrail dövlətinin bu torpaqlarda qurulmasına hərtərəfli dəstəkdə günahlandırır. ABŞ-ı "böyük şeytan", İsraili isə "kiçik şeytan" adlandırırr və digər müsəlman dövlətləri də bu "şeytanlarla" cihada çağırır və bu cihadı terrorist təşkilatlar vasitəsilə həyata keçirir".
O da bildirilib ki, hazırda Suriyada baş verənlər əslində iki qütb arasındakı mübarizədir. Belə ki, qütblərdən biri ABŞ və Türkiyə də daxil olmaqla, onun müttəfiqləridir ki, onlar Suriya prezidentini qeyri-demokratik idarəetmədə günahlandıraraq, xalqın tələblərini haqlı hesab edərək, prezident Bəşər Əsədin hakimiyyətdən getməsini istəyirlər. Digər qütb isə İran və ABŞ-ı özünə rəqib görən dövlətlərdir ki, onlar da Suriyada rejim və hakimiyyət dəyişikliyini dəstəkləmirlər. Bəşər Əsəd də sələfi kimi İrana arxalanır: "ABŞ-ın regiondakı müttəfiqlərindən biri də Səudiyə Ərəbistanıdır. Onilliklər boyu ABŞ – Səudiyə Ərəbistanı əlaqələrinin əsasında iki dəyişməz faktor dayanıb: neft və Körfəzin, xüsusilə də Əs-Səud kral ailəsinin təhlükəsizliyi.
Belə ki, Səudiyə Ərəbistanı öz neftini ABŞ "təhlükəsizlik çətiri" altında krallığı xarici hədələrdən qorumaq naminə istifadə edir. Bu münasibətlər ABŞ-da müxtəlif prezidentlərin hakimiyyəti dövrlərində bəzən sərin, bəzən isti münasibətlərə çevrilsə də, ümumilikdə ABŞ-ı regiona daxil olduğu "qapılar"dan biri məhz Səudiyə Ərəbistanıdır".
Regionda ABŞ-ın nüfuzunun artmasından narahat olan və bunu öz nüfuzuna zərbə olaraq görən dövlətlərdən birinin də SSRİ-nin varisi olan Rusiya olduğunu deyən politoloq vaxtilə bipolyar sistemdə həm SSRİ, həm də ABŞ öz xarici siyasətlərində dost və düşmən dövlətlər olaraq, dövlətləri iki yerə ayırdıqlarının bildirib: "ABŞ indi də bu siyasəti davam etdirir, lakin Rusiya indi bütün dövlətlərlə nisbətən yaxşı münasibətlər qurur. Qeyd etmək lazımdır ki, Rusiya hal-hazırda Yaxın və Orta Şərq regionunda ABŞ-ı əvəzləmək siyasəti yeritmir, amma V. Putin ABŞ xarici siyasətini tənqid edir və digər dövlətləri də ABŞ hegemonluğuna və unipolyarlığa qarşı yönləndirir. Ümumilikdə Rusiya özünün əvvəlki nüfuzunu və gücünü geri qaytarmaq istəyir və dünya miqyasında ABŞ-ın nüfuzunun azalması, Rusiyanın isə əksinə nüfuzunun artması istiqamətində fəaliyyət göstərir. O səbəbdən Rusiya ABŞ-ın münasibətlərinin pis olduğu region dövlətləri ilə yaxın münasibətlər qurur. Məsələn, İran və Suriya ilə Rusiyanın münasibətləri çox yaxşıdır. 2008-ci ildən başlayaraq, rəsmi Moskva Körfəz Əməkdaşlıq Şurası dövlətləri, həmçinin Yəmənlə qənaətbəxş münasibətlər qurmuş və bu ölkələri silah və sursatla təmin edən bir nömrəli dövlətdir. İranla olan münasibətlərə gəlincə, vaxtilə şah hakimiyyəti dövründə İran daha çox pro-amerikan siyasət yürüdürdüsə, İslam inqilabından sonra inqilab höküməti "Nə şərq, nə qərb" siyasəti yürütməyə başlamışdı. Bu zaman İran nə pro-amerikan, nə də sovet yönümlü siyasət yürüdürdü. İndi isə Rusiya və İranın yaxınlaşması müşahidə olunur ki, buna da iki dövlətin maraqlarının üst-üstə düşməsi səbəb olmuşdur. Bu maraq da ABŞ-ın öz hegemonluğunu regionda yürütməsinə mane olmaqdan ibarətdir".