İki gündə 110 separatçı məhv edilib Dünya

İki gündə 110 separatçı məhv edilib

Donbas hövzəsində antiterror əməliyyatların başlanmasından bu yana 8 min separatçı öldürülüb

Cavid

Ukraynalı partizanlar Donetsk vilayətində iki gün ərzində 110 separatçını məhv edib. Ukrayna mediasının verdiyi məlumata görə, bu barədə antiterror qərargahının mətbuat mərkəzinin "Facebook" səhifəsində bildirilib. Məlumata görə, təkcə dekabrın 1-də partizan dəstəsinin döyüşçüləri Staromixaylovski ərazisində yerləşən fermada təxminən 50 döyüşçünü məhv edib.
Dünən isə antiterror qərargahı Donbas hövzəsində antiterror əməliyyatların başlanmasından bu yana 8 min separatçının məhv edildiyini bildirib.
Ukraynanın keçmiş prezidenti Leonid Kuçma bildirib ki, Donbas hövzəsində vəziyyətin nizama salınması üzrə danışıqların yeni raundu Belarusda gələn həftə keçirilə bilər.
Qeyd edək ki, Minsk formatında Rusiya, Ukrayna, ATƏT və Donbas hövzəsindəki separatçı qurumların nümayəndələri yer alıb. L.Kuçma isə burada Ukraynanı təmsil edir.
Keçmiş prezident Minsk razılıqlarının əsas sənəd olduğunu deyib: "Atəşkəs rejiminə əməl olunmadı. Amma hesab edirəm ki, bu, əsas sənəddir. Sənədə bütün dünya istinad edir və çox əhəmiyyətlidir ki, onun altında Rusiyanın imzası da var".
"Donetsk Xalq Respublikası" separatçı qurumun rəhbərliyindən isə bildiriblər ki, əlaqə qrupunun iclası haqqında informasiyaya malik deyillər.
Xatırladaq ki, Minsk əlaqə qrupu sentyabrın 5-də Donbas hövzəsində atəşkəs barədə sənədin imzalanmasına nail olub. Lakin atəşkəs mütəmadi pozulur və tərəflər bir-birini ittiham edirlər.
Onu da qeyd edək ki, Kremlin Ukrayna ilə məşğul olan bölməsində həyata keçirilən kadr dəyişiklikləri də elə rus politoloqları tərəfindən pislənilib. Rusiyalı politoloq Dmitri Oreşkin deyib ki, prezident Vladimir Putinin ətrafında "şahinlər"in gücləndiyinin göstəricisi sayıla bilər.
Qeyd edək ki, "Vedomosti" qəzeti dünənki sayında Rusiyanın "Novorossiya" layihəsinin müəlliflərinin Kremldəki postlarından uzaqlaşdırıldığını yazıb. "Novorossiya" layihəsindən çıxarılanlardan biri prezidentin köməkçisi, "boz kardinal" adlandırılan Vladislav Surkovun nəzarət etdiyi MDB, Abxaziya və Cənubi Osetiya ilə ictimai-iqtisadi əməkdaşlıq üzrə idarədə çalışan Boris Rapoportdur. O, idarənin Donetsk və Luqansk "xalq respublikaları" ilə məşğul olan bölməsində çalışırdı. İdarənin "Xalq respublikaları" ilə iqtisadi münasibətlər üzrə bölməsində çalışan Vladimir Avdeyenko da vəzifədən uzaqlaşdırılıb. Rapoport və Avdeyenkodan başqa son vaxtlar idarənin beş-altı adi əməkdaşının da getdiyi bildirilir.
Politoloq D.Oreşkin hesab edir ki, kadr "islahatları" "şahinlər"in V.Surkova hücumu ilə bağlıdır. "Görünür, Surkova qarşı güc bloku mübarizə aparır. Putinin təyin etdiyi Surkovun münaqişədə daha az səmərəli olduğu hesab edilir", - deyə D.Oreşkin qeyd edib.
Politoloq indiki vəziyyətin hansı istiqamətdə dəyişəcəyini proqnozlaşdırmaqda çətinlik çəkir. Amma o əlavə edib ki, "Novorossiya" layihəsindən uzaqlaşdırılanların yerinə başqa insanlarını təyin edilməsi Kremldə güc blokunun qələbə qazandığı anlamına gələcək. Qreşkin hesab edir ki, proseslərin bu istiqamətdə inkişaf edəcəyi halda, vəziyyətin gərginləşməsini gözləmək olar.
Politoloq Valeri Xomyakov da həmkarı ilə razıdır. O hesab edir ki, Kreml administrasiyasında Ukraynanın şərqi üçün məsuliyyət daşıyan məmurların postlarından uzaqlaşdırılması tamamilə məntiqlidir. Politoloq "kadr islahatları"nın kökündə "xalq respublikaları" siyasətinin iflasının dayandığını vurğulayıb: "Vladimir Putinə bunun üçün ayrı təşəkkür etmək lazımdır. Heç kim, o cümlədən Ukrayna prezidenti Ukrayna xalqını bu cür birləşdirə bilməzdi".
Bir müddət əvvəl "Donetsk Xalq Respublikası"nın sabiq "müdafiə naziri" İqor Qirkin də etiraf etmişdi ki, separatçılar Kremldən idarə olunur. O, "vəzifə"sindən məhz Putinin köməkçisi V.Surkov tərəfindən kənarlaşdırıldığını bildirib.