İŞİD-ə qarşı ikinci koalisiya Dünya

İŞİD-ə qarşı ikinci koalisiya

Yaxın Şərq koalisiyası İslam Dövlətinə, yoxsa Qərb koalisiyasına qarşı yaradılıb?

Cavid

İŞİD-ə qarşı yeni koalisiya yaradılıb. Belə ki, İraq, İran və Suriyanın hökumət səlahiyyətliləri Tehran görüşündə İŞİD-ə qarşı birgə mübarizə aparmaq barədə razılığa gəlib.
İran xarici işlər naziri Məhəmməd Cavad Şərif verdiyi açıqlamada bu ölkələrin terrorizmə qarşı həmişə eyni mövqe sərgilədiyini bildirib: "Əməkdaşlığa davam etməyi qərarı aldıq. Bundan sonra sözügedən ölkələr bölgədə terrorizmə qarşı birgə mübarizə aparacaq. Biz koalisiya qüvvələrinə daxil deyilik".
Konfransın açılışında çıxış edən İran prezidenti Həsən Ruhani bölgə ölkələrinin əməkdaşlıq etməsinin vacib olduğunu bildirərək İŞİD kimi "İslam əleyhinə olan qrupların" xarici qüvvələrin dəstəyi olmadan məhv edilməsinin mümkün olduğunu deyib.
Daha sonra Ruhani beynəlxalq cəmiyyətə səslənərək terror təşkilatlarına birbaşa və ya dolayı yolla maliyyə dəstəyi verməyi dayandırmağa çağırıb.
Qeyd edək ki, bunadn bir müddət öncə də ABŞ-ın rəhbərliyi altında NATO-ya daxil olan 10-a yaxın dövlət İŞİD-ə qarşı koalisiya yaradıb. Hazırda koalisiya Suriya və İraq ərazilərində terror təşkilatına ağır zərbələr endirməkdədir.
Amma maraqlıdır ki, İŞİD-ə qarşı yaradılan koalisiyalardakı dövlətlər bir-birlərini terror təşkilatına işləməkdə, onu silahla təchiz etməkdə ittihamlayırlar. İran ABŞ-ı, ABŞ Türkiyəni, İraq isə bütünlükdə Qərbi.
Məsələn, İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini general Məsud Cəzairi bildirib ki, İŞİD terror qruplaşması ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi (CİA) tərəfindən qurulub. Bunu sübut edən sənədlər var.
İraq və Suriyanın bir hissəsini işğal edən və hazırda Yaxın Şərqdə sülhə ən böyük təhdid sayılan İŞİD-ə qarşı ABŞ-ın rəhbərlik etdiyi koalisiyanın keçirdiyi hava əməliyyatlarının görüntü xarakteri daşıdığını deyən iranlı general bildirib ki, Qərb ölkələri terror qruplaşmasını silah və hərbi formalarla təmin etməyə davam edirlər.
İŞİD-lə mübarizədə Tehranın roluna toxunan Cəzairi İraqdakı terrorun kökünü kəsmək üçün İranın öhdəlilikləri çərçivəsində kömək etdiyini deyib.
Onu da bildirək ki, İran sentyabr ayında ABŞ-ın İŞİD-ə qarşı mübarizə üçün mümkün əməkdaşlıq təklifini rədd etmişdi və ABŞ-ın Yaxın Şərqdə sülhün əldə olunmasında səmimi olmadığını bəyan etmişdi.
Bundan başqa Rusiya və İran kəşfiyyatı İŞİD sıralarında yüksək rütbəli komandirlərin bir çoxunun CİA ilə əməkdaşlıq etdiyini dəfələrlə bəyan ediblər.
ABŞ-ın nüfuzlu "Nyusvik" ("Newsweek") dərgisi isə İraqda İŞİD terrorçularına qarşı keçirilən əməliyyatlara İranın nəzarət etdiyini açıqlayıb. Jurnal əməliyyatların pərdə arxasında "İŞİD-in kabusu" ləqəbli iranlı general Qasım Süleymaninin olduğunu iddia edib.
Jurnalın verdiyi məlumata görə, Suriyadan sonra iyun ayından etibarən İraqın şimal və mərkəz vilayətlərinin böyük hissəsində nəzarəti ələ keçirən İŞİD terrorçularının irəliləməsinin qarşısı məhz Qasım Süleymaninin rəhbərlik etdiyi şiə ordusu tərəfindən alınıb.
Xəbərdə yer alan digər maraqlı məqam Tehran rəhbərliyinin İraqda yazdan bəri aparılan əməliyyatlara böyük miqdarda pul xərcləməsidir:
"İran-İraq müharibəsi dövründə yaradılan şiə silahlı qruplaşmaları Bağdadın təhlükəsizliyinin təmin edilməsində və İraq ordusunun təlimlərində fəal iştirak edir. Məhz Süleymaninin səyi nəticəsində Bağdadın bir addımlığına çatan İŞİD üzvləri məğlub edilərək şimala çəkilib".
Jurnal 2011-ci ildə Ayətullah Xameneyi tərəfindən general-leytenant rütbəsinə layiq görülən Süleymanini "mükəmməl komandir" adlandırıb. Eyni zamanda, İran qoşunlarına başçılıq edən Süleymaninin sentyabrda Əmirli vilayətinin İŞİD terrorçularından təmizlənməsində böyük rolu olduğunu bildirilir.
İranın briqada generalı Mohammad Bakeri bildirib ki, Tehran İraq və Şam İslam Dövləti (İŞİD) silahlı qruplaşmasına qarşı birbaşa döyüşlərə əl ata bilər.
Onun sözlərinə görə, İran qarşı bütün gücündən istifadə edərək terrorçuları və onların qərargahlarını dağıdacaq.
Yeni yaradılan koalisiyaya Suriyanın da daxil olmasının səbəbi məlumdur. Çünki Suriya beynəlxalq ictimaiyyəti Parisdə keçirilən İŞİD qrupuna qarşı beynəlxalq konfransa daxil edilmədiyinə görə tənqid edib.
Suriya xarici işlər nazirinin müavini Feysəl əl-Miqdad Paris konfransını yanlış istiqamətdə atılan növbəti addım adlandırıb. "Paris görüşü yanlış istiqamətdə atılan daha bir addımdır. Biz inanırıq ki, terrorizmə qarşı beynəlxalq əməkdaşlıqda heç bir təsirli tərəf istisna edilməməlidir. Suriya üç ildir terrorizmə qarşı mübarizə aparır. İŞİD həm İraq, həm də Suriyada insanlara qarşı müharibə aparır. Suriyanı unutmaq, ya da onun rolunu rədd etmək həm Paris, həm də Ciddədə terrorizmə qarşı mübarizə şüarı altında görüş keçirənlərin uğursuzluğuna gətirib çıxaracaq"-deyə o bildirib.
Amma İŞİD-ə qarşı koalisiyanın terror təşkilatı ilə mübarizəsi heç də ona asan başa gəlmir. Məsələn, ABŞ-ın İŞİD-ə qarşı əməliyyatlar üçün külli miqdarda pul xərclədiyi məlum olub.
Bu barədə CNN kanalında çıxış edən lakin adı açıqlanmayan yüksək rütbəli dövlət məmuru məlumat verib.
CNN kanalı qeyd edib ki, ABŞ Əsədi devirmədən İŞİD-ə qalib gələ bilməz. Buna görə də Obama Suriya siyasətini yenidən götür- qoy etməyə başlayıb.
Adı açıqlanmayan yüksək çinli məmur bildirib: "Prezident bizdən Suriya və İŞİD strategiyamızı təhlil etməyimizi istədi. Mən isə bildirdim ki, əgər İŞİD-ə qalib gəlmək istəyiriksə mübarizəni tək İraqda deyil Suriyadakı İŞİD qüvvələri ilə də aparmalıyıq".
O daha sonra ABŞ-ın İŞİD-ə qarşı xərclədiyi pullardan danışıb: "ABŞ İŞİD-ə qarşı əməliyyatlar üçün saatda 300 min dollar xərcləyir. Bir günlük xərci 8 milyon dollardır.
Xərclənən ümumi məbləğ isə 768 milyon dollar məbləğindədir. Bura İraq və kürd qüvvələrini silahlandırmaq, hava hücumları, hərbi və məişət ehtiyacları da daxildir. 13 il davam edən Əfqanıstan müharibəsi üçün gündə 200 min dollar xərclənmişdi".
Ekspertlərin fikrincə isə İranın rəhbərliyi ilə yaradılan koalisiya İŞİD-ə qarşı sonadək mübarizə apara bilməyəcək. Çünki İranın özü iqtisadi cəhətdən axsayır. Amma koalisiyalar qüvvələrini birləşdirərlərsə müsbət nəticə əldə oluna bilər.