Rusiyalı nazirdən acı etiraf Dünya

Rusiyalı nazirdən acı etiraf

"Heç bir çıxış yolu yoxdur"

Rusiyanın iqtisadi inkişaf naziri Aleksey Ulyukayev ölkənin üç tərəfli iqtisadi böhranla üzləşdiyini etiraf edib. "Vedemosti"yə verdiyi sensasion müsahibədə nazir hökumətin bu böhrandan çıxmaq üçün heç bir strateji plana malik olmadığını, ümumiyyətlə hansısa plan hazırlamağın qeyri-mümkünlüyünü etiraf edib.
Ulyukayevin bildirdiyinə görə, Rusiyada üst-üstə düşən üç böhran eyni vaxtda baş verib. Bu, Rusiya iqtisadiyyatında islahatların aparılmaması, makroiqtisadi göstəricilərin pisləşməsi və sanksiyalarla bağlıdır. Nazir ABŞ-ın Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaların "on illiklərlə davam edə biləcəyini" bildirib. "Bu, bizim özümüzün hazırladığı ideal qasırğadır. Struktur böhranı baxımından islahatların yarımçıq buraxıldığı iqtisadiyyat və bizim indiyədək etməli olduqlarımızın, ancaq etmədiklərimizin nəticəsidir"-Ulyukayev bildirib.
Nazirin dediyinə görə, ikinci böhran tələbatın məhdudlaşmasından irəli gələn işüzar geriləmə, nəhayət üçüncüsü sanksiyalar və anti-sanksiyalar mexanizmi ilə bağlı olan geosiyasi böhrandır. Ulyukayev eyni vaxtda baş qaldıran üç böhrana qarşı strateji planın hazırlanmalı olduğunu deyib, ancaq indiki şərtlərdə onu işləyib hazırlamağın mürəkkəb olduğunu əlavə edib. "Biz şahmat taxtasında vəziyyəti dəyişməliyik, əks halda fiqurların əvvəl necə dayandığını təkrarlaya-təkrarlaya ancaq spiralvari aşağı hərəkət etməli olacağıq" nazir vurğulayıb.
Ulyukayev deyib ki, vəziyyəti dəyişə bilən ciddi plan indiyədək olmayıb: "Hərçənd bizim ixracın strukturunun dəyişməsinə, prioritet layihələrə dair çox planlarımız olub-bütün bunlar yaxşı işdir. Lakin bu taktikadır, reaksiyadır. Strateji plan lazımdır…situasiya isə o qədər mürəkkəb və ağlasığmazdır ki, biz gələcəkdə onu dəyişdirməyə hazır ola bilmərik".
İqtisadi inkişaf nazirinin bildirdiyinə görə, ABŞ-ın Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar olduqca uzun müddət, on illərlə davam edə bilər. Sadəcə olaraq ona görəki, ABŞ-da qəbul edilmiş qanunları ləğv etmək proseduru çox çətindir. "Cekson-Venik düzəlişi (SSRİ-yə qarşı iqtisadi sanksiyalar layihəsinin müəllifi olan ABŞ konqresmenləri.-red) kimi olacaq. İndi nə Cekson var, nə Venik, ancaq 40 ildir bu əhvalat davam edir. Amerikada qanun qəbul ediləndə onu sonradan ləğv etmək çox çətin olur, proses on illərlə davam edir".
Ulyukayev biznesin hakimiyyətə inamının itdiyini də etiraf edib. "Çünki biznes görür ki, biz ona ilişmək üçün hansısa qarmaqlar axtarırıq. Prezident deyib ki, vergilər və vergi şərtləri dəyişməməlidir. Ancaq biznes fikirləşir ki, hakimiyyət hər halda nəsə yeni bir şey fikirləşib tapacaq"-nazir bildirib.
Ulyukayev Kremldə liberal bazar iqtisadiyyatı tərəfdarı olan azsaylı komandanın üzvlərindəndir və onun müsahibəsi Rusiyanı bürümüş iqtisadi böhranın nə dərəcədə dərin olduğunu göstərir. Və əksər analitiklər bu fikirdədir ki, Rusiyanın bu böhrandan çıxış yolu görünmür.