Nazarbayevdən Putinin planına sərt reaksiya Dünya

Nazarbayevdən Putinin planına sərt reaksiya

"Sovet İttifaqını yaratmaq istəyənin ümumiyyətlə beyni yoxdur"

Cavid

Belarus prezidenti Aleksandr Lukaşenkodan sonra Qazaxıstan prezidenti Nursultan Nazarbayev Kiyevə rəsmi səfərə gəlib. Rusiyadakı iqtisadi böhrandan sonra Moskvanın Avrasiya İqtisadi İttifaqı üzrə əsas tərəfdaşları olan Belarus və Qazaxıstanın rəhbərlərinin Ukraynaya ardıcıl səfərləri diqqəti cəlb edir.
Putinin Ukraynaya hərbi təcavüzündən sonra adıçəkilən dövlətlərin başçıları təzadlı fikirlər irəli sürüblər. Məsələn, Belarus prezidenti Aleksandr Lukaşenko "Euronews" telekanalına müsahibəsində bildirib ki, Ukrayna böhranlna görə məsuliyyəti Rusiya yox, Qərb daşıyır.
"Həmin Maydanda münaqiənin eskalasiyasını Rusiya etməyib. Orada Rusiya yox, bəzi Qərb dövlətlərinin vəzifəli şəxsləri fəaliyyət göstərirdilər. Bunu bütün dünya bilir. Biz də bilirik, çünki, yanaşı idik", - Lukaşenko bəyan edib.
Amma Belarus prezidenti onu da deyib ki, Belarus Ukraynada yaradılan separatçı "respublika"ları tanımağa hazır deyil: "Biz tamam başqa mövqedəyik".
O, daha sonra qeyd edib ki, Ukraynanın şərqindəki konflikt Ukrayna ilə bərabər Belorusa və Rusiyaya da sərfəli deyil. Prezident hazırda Ukraynada qardaş qırğınının getdiyini bildirib:
"Bu konflikt heç kimə lazım deyil və bütün həyatı məhv edir. Mən sizi əmin edirəm ki, burada baş verən hadisələr Belorusa təsir etmir. Ukraynada baş verənlər yalnız bu ölkədə baş qaldırmış korrupsiya, banditizm, hakimiyyətin süqutu ilə əlaqədardır".
Lukaşenko həmçinin sülhməramlı qoşunları Ukraynaya göndərməyə hazır olduğunu bəyan edib.
"Rusiyanın Qərbə, Qərbin Rusiyaya, Amerikanın Rusiyaya, Rusiyanın isə Amerikaya inamsızlığı varsa, mən, lazım gəldikdə, münaqişə tərəflərini ayırmaq üçün silahlı qüvvələrimdən istifadə etməyə hazıram", deyə Lukaşenko bildirib.
Lukaşenko qeyd edib ki, onun böhrandan çıxmaq planı Belarus ordusunun sülhməramlı qismində iştirakını istisna etmir. Bu planı münaqişə tərəfləri hələlik qəbul etməyib.
Kiyevə gələn Lukaşenko Ukrayna prezidenti Pyotr Proşenko ilə görüşündə Belarusun Ukraynaya köməklik etməkdə hazır olduğunu bəyan edib.
Belarus liderinin səsləndirdiyi bu açıqlamalar isə daha çox diqqəti cəlb edib: "Sən bizdən köməklik üçün xahiş etsən, bunu bir gün ərzində edəcəyik. Mən açıq danışacağam, Ukrayna prezidenti nə xahiş edib, biz həmişə onu etmişik. Bundan sonra da belə olacaq".
Aleksandr Lukaşenko qeyd edib ki, bu yardım təkcə əmtəə dövriyyəsinə görə yox, həm də iki ölkənin bir-birinə yaxın və doğma olması baxımından önəmlidir.
"Deyirlər ki, Lukaşenko nədənsə qorxur. Mən qorxmuram. Biz hər şeyi etməyə hazırıq",deyə Lukaşenko bildirib.
Lukaşenkodan sonra Qazaxıstan prezidenti Nursultan Nazarbayev də Ukrayna prezidenti Petro Poroşenko ilə görüşüb. P. Poroşenko Ukraynanın ərazi bütövlüyü məsələsində tutduğu aydın mövqeyə görə N. Nazarbayevə təşəkkür edib: "Mən Ukraynanın suverenliyi və ərazi bütövlüyünə verilən qəti və ardıcıl dəstəyə görə sizə çox minnətdaram".
Qazaxıstan prezidenti isə Ukraynanı uğurlu demokratik seçkilərin keçirilməsi və yeni hökumətin formalaşması münasibətilə təbrik edərək bildirib ki, iki ölkə arasında iqtisadi əməkdaşlığın bərpası və Donbass probleminin həlli üzrə sülh prosesinin sürətlənməsində hər cür dəstək verəcək. O, sülh prosesinə qoşulmağa hazır olduğunu vurğulayıb.
Qazaxıstan prezidenti Nursultan Nazarbayev Ukraynaya səfərindən öncə bəyan etmişdi ki, ölkənin şərqindəki böhranı həll etmək üçün "ədalətli vasitəçi" olmağa hazırdır. Nazarbayev Ukraynaya kömək etməyə, ölkənin müstəqilliyinə və ərazi bütövlüyünə zamin olmağa söz verib.
Qazaxıstan prezidentinin bu fikirlərini Rusiyanın İnterfax xəbər agentliyi yayıb. Nazarbayev deyib ki, onların həm Rusiya, həm də Ukrayna ilə yaxşı əlaqələri var və bu münasibətlər də onun "sülh vasitəçisi"olmağına imkan verir.
Qazaxıstan prezidenti hazırda ortaya çıxan böhranlarla əlaqədar Avrasiya İqtisadi İttifaqının ciddi risklərlə qarşılaşdığını bəyan edib.
"Bu gün Aİİ çox böyük riskə məruz qalır, düzünü deyim – böhranlarla əlaqədar", - deyə, qazax lider ölkəsinin telekanallarına müsahibəsində bildirib.
Bununla yanaşı N.Nazarbayev Aİİ-nin yaradılmasının sovet keçmişinə qayıtmaq demək olmadığını vurğulayıb: "Bu gün bəziləri bunun müstəqilliyin itirilməsi olduğunu, Sovet ittifaqının yaradıldığını danışa bilər yaxud artıq danışıblar. Cəfəngiyyatdır! Sovet İttifaqını yaratmaq istəyənin ümumiyyətlə beyni yoxdur. Biz bu keçmişdən çoxdan uzaqlaşmışıq, bu, qeyri-mümkündür", - deyə, o vurğulayıb.
O həmçinin Rusiyaya qarşı sanksiyaların birbaşa olmasa da, dolayısı ilə Qazaxıstana təsir göstərdiyini bildirib:
"Bu sanksiyalar Qazaxıstana birbaşa təsir etməsələr də, yaxşı heç bir şey yoxdur, çünki Rusiya əsas tərəfdaşımızdır", - deyə, prezident bildirib.
Qazaxıstan prezidenti həmçinin bildirib ki, ölkəsinin neftin qiymətinin hətta bir barelə görə 40 dollaradək azalmasına qarşı da fəaliyyət planı var:
"Qoy Qazaxıstan əhalisi narahat olmasın. Bizim planımız var. 70 dollar üçün də, 60, 50, 40 dollar üçün də", - deyə, o, bildirib.
Onun sözlərinə görə, bu plan "işləyir". "O necə deyərlər, mənim əlimin altındadır", - deyə, dövlət başçısı izah edib.
Təhlilçilərin fikrincə Qazaxıstan və Belarus prezidentlərinin Ukraynaya səfərləri Rusiyanın xeyrinə ola bilər. Ekspert Tərlan Həsənovun sözlərinə görə, Rusiyanın marağındadır ki, indiki çətin durumda müttəfiqləri Ukrayna prezidenti ilə görüşsün: "Mən elə fikirləşirəm ki, Lukaşenko Poroşenko ilə görüşünün nəticələrini Putinə çatdıracaq. Putin indi üzləşdityi iqtisadi böhrandan çıxış yollarını arayır. Bunun üçün bütün vasitələri səfərbər edib, üstəlik Ukrayna ilə müharibə aparmaqdan da yorulub. Axı, bu ona heç bir divident gətirmir, əksinə ölkəsi iqtisadi, siyasi baxımdan zərər çəkir. Mənə elə gəlir ki, Nazarbayev və Lukaşenko Putinlə Poroşenko arasında vasitəçilik missiyasını üzərlərinə götürmək niyyətindədir".