AŞPA-dan Moskvaya ağır zərbə Dünya

AŞPA-dan Moskvaya ağır zərbə

Rusiya nümayəndə heyətinin səlahiyyətləri dondurulub

Cavid

Avropa Şurası Parlament Assambleyasının komissiya iclasında Rusiya nümayəndə heyətinin səlahiyyətlərinin qurumun aprel sessiyasına qədər dondurulması qərarı verilib.
Bu məsələ ilə bağlı qurumun Monitorinq Komitəsindən Stefan Şennaxın məruzəsi, Nizam-İntizam Komitəsindən isə Hans Frankenin hazırladığı xüsusi rəy müzakirə olunub.
AŞPA-nın ötən ilin aprelində keçirilmiş yaz sessiyasında qurum Rusiya nümayəndə heyətinin səsvermə səlahiyyətlərini 2014-cü ilin sonuna qədər dondurub. Bu sessiya ərzində isə bir qrup parlamentar Rusiyaya qarşı sanksiyanı daha bir il müddətinə uzadılması təklifi ilə çıxış edib.
İclasda Rusiyaya qarşı daha sərt sanksiyaların tətbiqi edilməsi ilə bağlı da təkliflər səsləndirilib. AŞPA bundan başqa Rusiyanı 24 saat ərzində ukraynalı pilot Nadejda Safçenkonu azad edərək, Ukraynaya və ya üçüncü ölkəyə- İsveçrəyə qaytarmağa çağırıb.
Qeyd edək ki, Rusiya hüquq-mühafizə orqanları Nadejda Savçenkonu Luqanskda rusiyalı jurnalistilərin qətlində ittiham edir. Rusiya istintaqçıları bildirir ki, "Aydar" batalyonunun tərkibində olan Savçenko Rusiyadan Ukraynanın şərqi bölgələrinə gedən jurnalistlərin yerini müəyyən edərək koordinatları "silahlı qruplaşmaya" ötürülməsinə şərait yaradıb: "Bundan sonra ərazi atəşə tutulub və Rusiya jurnalistlər peşə borclarını yerinə yetirərkən həlak olub".
Rusiya Dövlət Duması isə Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Rusiya ilə bağlı qəbul etdiyi tənqidi qətnaməyə cavab vermək niyyətindədir.
"İnterfaks" informasiya agentliyi xəbər verir ki, Dövlət Dumasının sədri Sergey Narışkin beynəlxalq işlər üzrə komitəyə "Almaniya Demokratik Respublikasının Almaniya Federativ Respublikası tərəfindən 1989-cu ildə zəbt edilməsi" barədə bəyanat üzərində işləməyi tapşırıb. Belə bir təşəbbüslə isə Rusiya Kommunist Partiyasından olan deputat Nikolay İvanov çıxış edib. Kommunist deputat bildirib ki, Krımdan fərqli olaraq Almaniya Demokratik Respublikasında ümumxalq referendum keçirilməyib.
Bu arada Ukrayna ordusunun mühasirədə olması ilə bağlı məlumatlar yayılıb. Bildirilir ki, Ukraynanın şərqində rusiyameyilli separatçılar əsas məntəqələrdən birini ələ keçiriblər.
Bu barədə qondarma Donetsk Xalq Respublikasının ordu rəhbərinin müavini Eduard Basurin açıqlama verib.
Onun sözlərinə görə, separatçılar Ukryananın cənub-şərqində yerləşən Debaltsevo məntəqəsində nəzarəti ələ alıblar.
Basurin bildirib ki, separatçılar məntəqəni ələ keçirmək üçün bütün günü döyüşüblər: "Hazırda Ukrayna ordusunun bölgədən çıxarılması üçün döyüşlər gedir. Döyüşçülər Artemovsk- Debaltsevo avtomagistralına da nəzarət edirlər. Şəhərdə təxminən 10 min Ukrayna əsgəri var. Şəhərdən çıxa bilmirlər".
Ukraynalı ehtiyatda olan polkovnik Mixail Savçenko isə Donbasda yaranan vəziyyətə münasibət bildirib. Onun sözlərinə görə, birinci variant hazırda Kiyevin nəzarətində olmayan Rusiya-Ukrayna sərhədinin tamamilə bağlanmasıdır: "Bu halda terrorçulara "Qrad"lar, tanklar və raketlər çatdırılmayacaq. Rusiyadan silah, hərbi texnika və "humanitar yardım" almayan "LXR" və "DXR" isə uzun müddət yaşaya bilməyəcək. Amma bunu yarım il əvvəl etmək mümkün idi, indi isə daha çətin görünür".
İkinci variant, ekspertin sözlərinə görə, danışıqlardır: "Hərbi hərəkətlər o halda dayandırıla bilər ki, "DXR" və "LXR" Ukraynadan maksimum muxtariyyət alacaq, bu "respublikalar"da oyuncaq hökumətlər qurulacaq və Rusiyanın marionetkaları Ukraynanın Ali Radasında oturacaq. Bu halda isə Ukrayna Donbas hövzəsini bərpa etmək öhdəliyini öz üzərinə götürməli olacaq".
Mixail Savçenko qeyd edib ki, beləliklə Rusiya rəhbərliyi Ukraynanın Moskvadan maksimum asılılığına nail olacaq və ölkəni iqtisadi kollapsa aparacaq. Ehtiyatda olan polkovnik hesab edir ki, bu variantların hansının reallaşdırılacağı bir çox amillərdən – dünya birliyindən, sanksiyaların Rusiyaya necə təsir edəcəyindən və ilk növbədə Ukrayna prezidentinin siyasi qətiyyətindən asılı olacaq".
O da bildirilir ki, BBC-nin rus xidməti Sankt-Peterburqda Donbas hövzəsinin döyüşçüləri üçün yaradılan məxfi məşq bazasını lentə ala bilib. Bazada döyüşçülər ilk hərbi hazırlığı keçir və daha sonra Şərqi Ukraynaya vuruşmaq üçün göndərilirlər. Bazanın dəqiq ünvanı açıqlanmır. BBC-nin rus xidmətinin əməkdaşı qeyd edir ki, onlara qədər heç bir jurnalist gizli məşq bazasını lentə almağa nail olmayıb. BBC-nin rus xidməti həmçinin Donbas hövzəsindəki müharibə ilə bağlı sənədli film çəkib. Döyüşçülər açıq şəkildə etiraf edirlər ki, onlar rusiyalılardır. Onlardan biri hətta pasportunu göstərib.