Rusiya Almaniyadan pul tələb edir Dünya

Rusiya Almaniyadan pul tələb edir

Rusiya Dövlət Dumasının deputatları SSRİ-yə hücuma görə Almaniyadan təzminat tələb etməyi təklif ediblər. "İnterfaks" agentliyinə istinadən xəbər verir ki, artıq məsələ ilə bağlı xüsusi işçi qrupu məşğul olacaq.
"Faktiki olaraq Almaniya Böyük Vətən Müharibəsi illərində dağıntılar və törətdiyi vəhşiliklərə görə SSRİ-yə heç bir təzminat ödəməyib. Müharibədən sonra təzminatların alınmasının dayandırılması barədə Almaniya Demokratik Respublikası ilə razılaşma imzalanıb. Almaniya Federativ Respublikası, xüsusən birləşmiş Almaniya ilə belə bir razılaşma yoxdur. Deməli, təzminat məsələsi qaldırılmalıdır" - Rusiya Dövlət Dumasının Liberal Demokrat Partiyasından olan deputatı Mixail Deqtyarev bildirib.
Rusiyalı deputat xatırladıb ki, Almaniya hətta II Dünya Müharibəsində iştirak etməyən ölkələrə belə təzminat verib: "İsrail yəhudilərə qarşı soyqırıma əvəz olaraq Almaniyadan 60 milyard avrodan çox alıb. Müharibədə 6 milyon yəhudi öldürülmüşdü. Amma SSRİ-nin öldürülən 27 milyon insanına heç nə ödənilmədi. Düşünürəm ki, cari qiymətlərlə təzminatların yekun məbləği ən azı üç-dörd milyard avro olmalıdır. Bu məbləğ SSRİ-nin qanuni varisi olan Rusiyaya ödənilməlidir".
Qeyd edək ki, Yunanıstanın yeni baş naziri Aleksis Çipras ötən ayın sonunda Almaniyaya təzminat iddialarını təqdim etmək niyyətində olduqlarını bildirib. Bəzi qiymətləndirmələrə görə, Almaniyadan tələb olunacaq təzminatların məbləği 11 milyard avrodan 50 milyard avroya qədər təşkil edə bilər. Almaniya artıq rəsmi Afinanın iddialarına cavab verib və bildirib ki, Yunanıstana heç nə ödəmək niyyətində deyil.