Türkiyədə “Azərbaycan Xocalı” küçəsi Dünya

Türkiyədə “Azərbaycan Xocalı” küçəsi

Azərbaycanın Türkiyədəki səfirliyinin dəstəyi ilə Xocalı soyqırımının 23-cü ildönümü ilə bağlı Türkiyənin Kırıkkale şəhərində "Xocalı soyqırımı və erməni gərçəkləri" mövzusuna həsr olunmuş konfrans keçirilib.
Türkiyə Kamu Çalışanlar Fondunun (TÜRKAV) Kırıkkale Şöbəsi tərəfindən təşkil olunan tədbirdə səfirliyin, Kırıkkaleyə bağlı Sulakyurt rayonunun nümayəndələri, çox sayda elm adamları və türk ictimaiyyətinə məxsus şəxslər iştirak ediblər.
Tədbir zamanı Qazi Universitetinin professorları Əflatun Nemətzadə və Cəmaləttin Taşkıran, həmçinin Türkiyə Birjalar Birliyi Universitetinin professoru Saleh Sultansoy çıxış edərək Xocalı soyqırımı və onun nəticələri barədə iştirakçılara ətraflı məlumat veriblər. Çıxışlar zamanı məruzəçilər Xocalısoyqırımının törədilməsində təcavüzkar Ermənistan dövlətinin əməllərini, dünya ictimaiyyətində soyqırımla bağlı bilinməyən gərçəklərin mövcudluğunu və son illərdə türk dünyasında müşahidə olunan inkişafa diqqət çəkiblər.
Eyni zamanda, tədbir çərçivəsində, səfirliyin təklifinə əsasən Sulakyurt rayonunda yerləşən bir küçəyə "Azərbaycan Xocalı" adı verilib. Mərasim zamanı səfirliyin əməkdaşı Nadir Cəfərov çıxış edərək sözügedən küçənin iki ölkə arasında mövcud olan "bir millət iki dövlət" şüarının göstəricisi olduğunu qeyd edib. Küçənin açılış mərasimini Sulakyurt rayonu icra başçısı İsmail Bildik, Mərkəzi İdarə Heyətinin sədri Halil Öztürk və TÜRKAV-ın Kırıkkale şöbəsinin rəhbəri Murat Buluç həyata keçiriblər.