Rusiya Debaltsevonu da işğal etdi Dünya

Rusiya Debaltsevonu da işğal etdi

Ukrayna ordusu şəhəri tərk etmək məcburiyyətində qalıb

Cavid

Ukrayna-Rusya cəbhəsində vəziyyət getdikcə gərginləşir. Fevralın 12-də Minskdə atəşkəs razılaşmasının bütün şərtləri demək olar ki, pozulub. Xatırladaq ki, Minskdə əldə edilmiş razılaşmaya görə, tərəflər fevralın 15-də atəşkəs elan etməli və ağır silahları cəbhə xəttindən geri çəkməli idilər.
Ukraynanın Müdafiə Nazirliyi dünən ölkənin şərqindəki Debaltsevo şəhərindən çəkilməyə başlayıb. Ukrayna Ali Radasının üzvü, "Donbass" batalyonunun komandiri Semyon Semyonçenko bildirb ki, Ukrayna qüvvələri mühasirə şəraitindəki Debaltsevo şəhərindən geri çəkilib.
Batalyon komandiri qoşunların hərəkət etdiyi Debaltsevo-Artyomovsk yolunda yerləşən kəndlərdən birinin (Loqvinovo) separatçıların nəzarətində olduğunu bildirib: "Loqvinovo onların əlində olduğu üçün Debaltsevo-Artyomovsk yoluna tam nəzarət edə bilmirik. Yolun digər hissələri bizim nəzarətimizdədir. Düşmən bu yolları da kəsməyə və bizim qruplaşmanın çıxmasına mane olmağa çalışır. Bizim artilleriya düşmənin toplaşmasına imkan verməmək üçün onlara zərbələr endirir. Terrorçuların hücumlarını dəf edərək həyat yolunu əlimizdə saxlayırıq. "Qrad"lar, "Uraqan"lar, qaubitsalar, tanklar, minaatanlar işləyir. Ümumən, çox istidir".
Ukrayna qoşunlarının çəkilməyə başlamasını jurnalist Andrey Tsaplienko da təsdiqləyib.
Qeyd edək ki, Debaltsevo şəhəri ötən ilin sentyabrında atəşkəs sazişi imzalanandan bəri yarımmühasirə şəraitində olub. Bu ilin yanvarında hərbi əməliyyatlar bərpa olunduqdan sonra separatçılar şəhərin Donbassın Ukraynanın nəzarətindəki digər hissəsi ilə əlaqəsini təmin edən yeganə yolu kəsmək və Ukrayna qüvvələrini tam mühasirəyə almaq üçün arasıkəsilməz hücumlar ediblər. Fevralın 17-də onlar Debaltsevo şəhərinə daxil olublar. Debaltsevo və ətrafında davam edən qanlı döyüşlərdə hər iki tərəfdən yüzlərlə ölən və yaralanan var.
Ukraynanın "Hromadske TV" kanalının jurnalisti Anastasiya Stanko Debaltsevonu tərk edən hərbi karvanın fotolarını yayıb. "Bir çoxları şəhəri piyada tərk edib və Artyomovsk yolundakı hərbi hissələrə qoşulub. Bütün hərbi birləşmələr döyüşə-döyüşə şəhərdən çıxıb", - deyə A. Stanko bildirib. O bildirib ki, ordu hissələri komandanlıqdan gələn əmrlə mühasirə həlqəsini yararaq şəhərdən çıxmağa başlayıb.
"Krivbass" batalyonunun komandiri Nikolay Kolesnik özünün "Facebook" səhifəsində artıq Debaltsevonu tərk etdiklərini yazıb: "Şəhərin müdafiə qərargahı, "Krivbass" və digər dəstələr itki vermədən döyüşə-döyüşə çıxıblar. Əlbəttə ki, həlak olanlarımız, yaralılarımız, əsir düşənlərimiz var. Ölənləri dəfn edib, yaralıları sağaldıb, əsirləri azad edərək müharibədə qalib gələcəyik".
Qeyd edək ki, Debaltsevonu tərk edən Ukrayna qüvvələri yaxınlıqdakı Artyomovsk şəhərində toplaşır.
Yaranmış vəziyyətlə əlaqədar Pyotr Poroşenko ABŞ-dan hərbi yardım istəyib. Ukrayna prezidenti Pyotr Poroşenko ABŞ-ın vitse-prezidenti Cozef Bayden ilə telefon danışığı zamanı ölkənin şərqində münaqişənin gərginləşməsinin dayandırılması üçün təcili addımlar atılmasının zəruriliyini qeyd edib.
APA-nın "Gazeta.ru"ya istinadən verdiyi xəbərə görə, bu barədə Ukrayna prezidentinin mətbuat xidmətinin məlumatında bildirilir.
Bundan başqa, Poroşenko ölkənin müdafiə qabiliyyətinin möhkəmləndirilməsi üçün Ukraynaya əlavə vəsaitlərin ayrılması barədə bir müddət əvvəl verilən bəyanatları reallaşdırmağa çağırıb.
Bayden, öz növbəsində, ABŞ-ın Ukraynanı tam dəstəklədiyini qeyd edib.
Cozef Bayden və Pyotr Poroşenko separatçıların atəş açması səbəbindən atəşkəs rejiminin pozulmasını qeyd ediblər.
Qeyd edək ki, bundan əvvəl KİV-lər Ukrayna Müdafiə Nazirliyinin lazımi hərbi texnikanın siyahısını ABŞ-a təqdim etdiyini bildiriblər.
Bu arada "Wall Street Jorunal" yazır ki, Poroşenko ilə Putinin mübahisə etdikləri barədə xəbər yayıb. Məqalədə qeyd olunur ki, Minsk danışıqlarında Almaniya kansleri Angela Merkel ilə Fransa prezidenti Fransua Olland Debaltsevoda döyüşlərin dərhal dayanrılmasını tələb etsələr də, Putin fevralın 15-nə qədər möhlət istəmişdi. Poroşenko isə Rusiya prezidentinin bu istəyi ilə razılaşmaq məcburiyyətində qaldı. Fevralın 15-də Putinin Olland və Merkellə baş tutan telefon danışıqlarında bölgədə baş verən gərginlik müzakirə edilib. Rusiya prezidenti deyib ki, Ukrayna qoşunları ərazini mühasirəyə alıblar və imzalanan sənədin əksinə gedirlər.
Poroşenko buna sərt şəkildə etiraz edib. Bundan sonra "Normand dördlüyü" arasında telefon danışığı olub və qarşılıqlı ittihamlar burada da davam edib. Jurnal yazır: "Putinin özündən razı şəkildə hadisə yerindən məlumatlı olması barədə dedikləri və Rusiya qoşunlarının Debaltsevoda olmasını inkar etməsi Poroşenkonu özündən çıxardıb. O, Rusiya prezidentini riyakarlıqda ittiham edib.
Politoloq Rasim Musabəyov yaranmış vəziyyəti yoluna qoymaq asan olmayacaq: "Rusiya bu razılaşmanın şərtlərinə əməl etməyəcəyi təqdirdə Qərb ölkələri açıq-aşkar Ukraynaya hərbi dəstək verməyə başlayacaq. Amma inanmıram ki, Rusiya öz təxribatçı əməllərindən əl çəksin. Rusiya istəyir ki, Ukraynada gərginlik artsın, hakimiyyət dəyişilsin. Rusiya Ukraynanı öz nəzarətində saxlamaq istəyir". Fransua Ollandın və Merkelin Minsk razılaşması haqqında o qədər də nikbin olmamasına da aydınlıq gətirən R. Musabəyov bildirib ki, Rusiya bundan əvvəlki atəşkəs razılaşmasına da məhəl qoymayıb: "Qərb Putinin heç bir sözünə inanmır".