Ermənistan yenidən çalxalandı Dünya

Ermənistan yenidən çalxalandı

Sarksiyanın arvadının büdcəni talaması, etirazlar, iqtisadiyyatın çökməsi...

Cavid

Rusiya Ukraynanı işğal etmək fikrinə düşdükdən sonra işğalçı Ermənistanda da Putinin irticaçı siyasətinə qarşı etiraz aksiyaları keçirilib. Bir müddət öncə Maydanda keçirilən etiraz aksiyaları ilə paralel olaraq ermənilər də Sarksiyan və Putin əleyhinə, daha doğrusu, Ermənistanın Gömrük İttifaqına qoşulmasına etiraz əlaməti olaraq küçələrə axışdılar. Bundan bir müddət öncə isə Ermənistanın paytaxtı İrəvanda yaşı 40-dan aşağı olanların pensiya fonduna daha çox vergi ödəməsi barədə qanuna etiraz olaraq aksiya keçirilib.
Martın 13-də isə İrəvanda onlarla vətəndaş Nazirlər Kabineti binası önündə etiraz aksiyası keçirib. Ermənistan mətbuatının verdiyi məlumata görə, etirazçılar hökumət binalarını yandıracaqlarını bildiriblər. Baş naziri və paytaxt merini yalan vədlər verməkdə ittiham edən aksiya iştirakçıları Nazirlər Kabineti binasına yaxınlaşmağa cəhd etsələr də, polis əməkdaşları buna mane olublar.
"Onlar evlərimizi qaytarmasalar, İrəvana od vuracağıq. Qruplara bölünəcəyik və benzinlə dolu şüşələrin köməkliyi ilə hökumət binalarını yandıracağıq", - deyə aksiya iştirakçılarından biri bildirib.
Qeyd edək ki, 2008-ci ildə İrəvanda bəzi fərdi evlər dövlət maraqları zonalarına düşdüyündən sökülüb. Ev sahiblərinə 3 il müddətində yeni mənzillər veriləcəyi bildirilsə də, bu vaxtadək bu vədə əməl olunmayıb.
Bu arada ermənilərin Rusiyadan kütləvi şəkildə çıxarılmaları də ölkədə sosial vəziyyəti gərginləşdirib. Rusiya Federasiyasının miqrasiya ilə bağlı yanvar ayının 1-dən etibarən qüvvəyə minən yeni qanununa görə, aprel ayının əvvəllərində 220 min erməni ölkəni tərk etməli olacaq.
Demoqraf Ruben Yeqinyanın Parisdə erməni lobbisinin vəsaiti hesabına nəşr olunan "Ermənistan xəbərləri" jurnalında dərc edilmiş məlumatında bildirilir ki, son bir neçə ildə 500 mindən artıq erməni Rusiyanı tərk edib və adları qara siyahıya düşən bu ermənilərin yenidən Rusiyaya qayıdışı qadağan edilib. O, Rusiyadan çıxarılan ermənilərin ailələrini dolandırmaq naminə bu ölkəyə işləməyə getdiklərini bildirsə də, rus mətbuatı onun fikrini tamamilə təkzib edir və ermənilərin Rusiyaya qeyri-qanuni yollarla daxil olduqlarını, heç bir yerdə qeydiyyatda durmadıqlarını, ölkənin qanunlarını pozduqlarını, cinayətkar dəstələrə qoşularaq quldurluq və soyğunçuluqla məşğul olduqlarını, qətllər törətdiklərini, elə bu səbəblərdən də ölkədən çıxarıldıqlarını bildirir.
Xatırladaq ki, bu yaxınlarda Rusiyanın Ermənistandakı səfirliyi adları artıq qara siyahıya düşmüş 170 min erməniyə viza verməkdən boyun qaçırıb.
Ekspert Akop Badalyan bildirib ki, Ermənistanda vəziyyət getdikcə ağırlaşır. Onun sözlərinə görə, burada yaşayan ermənilərin əksəriyyəti sosial problemlər burulğanından çıxa bilmir: "Sarksiyan hakimiyyətinin iqtisadi siyasəti ölkəni iflic vəziyyətə salıb. Dolanışıq çətin, yalnız məmurlar kef edə bilirlər. Dövlət büdcəsi isə oliqarxlar tərəfindən talanır. Ölkə ildənilə boşalır. Əhali dolanmaq üçün xaricə üz tutur. Bir ümid yerimiz Rusiya idi ki, indi oradan da çıxarılırıq. Bura gələn ermənilər isə dolana bilmədiklərindən Avropa ölkələrinə üz tutmaq məcburiyyətindədirlər".
Bu arada Ermənistanda prezident Serj Sərkisyanın arvadı Rita Sərkisyanın dövlət vəsaitini sağa-sola səpməsi məsələsi ətrafında qalmaqal yaranıb. epress.am portalı xəbər verir ki, bu barədə yerli "Aykakan jamanak" qəzeti məlumat yayıb.
Qəzet yazır ki, Rita Sərkisyan martın 8-də İrəvan Dövlət Opera və Balet Teatrında təxminən 1000 qadın üçün konsert təşkil edərək onlara hədiyyələr bağışlayıb. Bu konsertin ən əlamətdar cəhəti o olub ki, tədbirin aparıcısı olan aktyor Qrant Toxatyan birbaşa səhnədən Serj Sərkisyana zəng vuraraq prezidentdən qadınları təbrik etməyini xahiş edib. Aktyor prezidentin nömrəsini isə zalda əyləşən Rita Sərkisyandan alıb.
Erməni qəzeti yazır ki, bu konsert Serj və Rita Sərkisyanların yox, Ermənistanın dövlət büdcəsinin vəsaiti hesabına təşkil olunubmuş. Ən pisi də odur ki, Rita Sərkisyan bu konserti özbaşına, hökuməti və digər müvafiq qurumları bu barədə öncədən xəbərdar etmədən, tədbiri plana və qrafikə salmadan keçirib. Yəni orada xərclənən vəsaiti ödəmək hökumət üçün gözlənilməz olub.
Ermənistan hökumətinin iclasının gündəliyinə bu konsertə çəkilən 22,4 milyon dram məbləğində xərcə görə təşkilatçılara pul ödənməsi məsələsi də daxil edilib. Məsələ mədəniyyət naziri Asmik Poqosyan tərəfindən qaldırılıb, həmin məbləğ isə konsertin təşkilatçısı olan "Erməni cazının 70 yaşı" adlı ictimai təşkilatın hesabına köçürüləcək. Bu qəfil xərc Sərkisyanların ünvanına əlavə ittihamlar yağdırılmasına səbəb olub, Rita Sərkisyanı isə Ermənistanda yeni qalmaqalın "qəhrəmanı"na çevirib.
Bu arada Ermənistan prezidenti Sarksiyanın ağır xəstələyiə düçar olduğu barədə məlumatların yayılması növbəti qalmalaqa səbəb olub. "İWPR" portalının yaydığı məlumata görə, qalmaqal prezident Serj Sarkisyanın Cənubi Koreyada lif hüceyrələri ilə müalicə alması barədə xəbər yayılmasından sonra başlayıb. Belə ki, Cənubi Koreyanın "Chosun.com" saytının yanvarın sonlarında yaydığı məlumata görə, Serj Sarkisyan bu ölkədə bir həftə vaxt keçirib və lif hüceyrələri ilə bağlı müalicə alıb.
Ciddi-cəhdlə gizlədilən məlumat ortaya çıxıb və erməni mətbuatı da bu barədə yazmağa başlayıb. Bundan sonra, prezidentin mətbuat xidməti də məlumatı təsdiq etməyə məcbur olub.
Lakin Serj Sarkisyan məsələni bu yerdə qoymayıb və geri qayıdan kimi məsələnin Koreya mətbuatına çıxmasında günahkar saydığı səfir Armen Sarkisyanı cəzalandırıb. Hətta baş nazir Tiqran Sarkisyanın qardaşı olması da ona yardım edə bilməyib. Serj Sarkisyan bununla kifayətlənməyib və Ermənistan milli təhlükəsizlik xidmətinin rəis müavini Romik Arutunyanı da işdən çıxarıb. Prezident bu addımlarına heç bir səbəb göstərməyib.
Erməni ekspertləri ölkədəki etirazları, oliqarxların dövlət büdcəsini talaması, prezident arvadının özbaşnalığını Sarksiyan hakimiyyətinin yaramaz siyasəti ilə bağlayıblar. Ermənilər ölkə iqtisadiyyyatının tam iflasa düçar olduğunu bildirirlər.
Baş nazir Tiqran Sarksiyan bildirib ki, ölkənin indiki daxili və xarici borclarının tam ödənməsi üçün 16 il zaman lazımdır. Sarkisyan etiraf edib ki, iqtisadi geriləməyə səbəb ölkədə biznes mühitinin acınacaqlı durumda olmasıdır. Xarici faktorlara gəlincə, baş nazir bunu Ermənistanla tərəfdaş ölkələrdə də iqtisadi tənəzzülün yaşanması ilə izah edib. Yeri gəlmişkən, bir müddət əvvəl Tiqran Sərkisyan dövlət büdcəsinin 100 milyard drama çatdırılacağını bildirmişdi. Təbii bir sual ortaya çıxır, bu pullar haradan götürüləcək və ən əsası isə büdcənin artımı biznes üçün yeni yük olmayacaqmı?
İşğalçı siyasəti ilə özünü regiondakı iri iqtisadi projelərdən təcrid vəziyyətə salmış Ermənistanda artıq orta və kiçik biznes sahəsi də çökür. Xüsusilə vergilərin çoxluğu orta və xırda biznesi sıradan çıxarır. Vergilərin çoxluğu isə biznesmenləri ya ölkədən qaçmağa, ya da bizneslərini kənar ölkələrdə qurmağa vadar edir.
Ermənistanın "Ameriya" konsaltinq kompaniyasının araşdırmaları ölkədə iqtisadi vəziyyətin ağır mənzərəsini ortaya çıxarıb.
"Ameriya"nın direktoru Tiqran Carbaşyan deyib ki, araşdırmalar ötən illə müqayisədə orta və kiçik biznes mühitində ciddi geriləmə olduğunu təsdiqləyib: "Əyalətlərdə isə vəziyyət daha fəlakətlidir. Biznes adamları vəziyyətin ağırlığı səbəbindən fəaliyyətlərinin dayandırmağa məcbur olublar. Böyük bir qisim isə müflis olub. Əyalətlərdəki bu vəziyyət əhalinin ölkəni tərk etmək tempini artırıb". Ermənistanda büdcə ilə bağlı vəziyyətin nə qədər ağır olduğunu parlament müzakirələri də ortaya çıxarıb. Hökumətin dövlət büdcəsindən maliyyələşən bir sıra sahələrdə büdcəni ixtisar etmək niyyəti ciddi etirazlarla qarşılanıb. Ermənistanın ombudsamanı Karen Andreasyan parlament komissiyasının iclasında deyib ki, əgər hökumət vəd etdiyi maliyyəni verməsə, onun rəhbərlik etdiyi qurumun yerli ofisləri fəaliyyətini dayandıracaq.
Hökumətin Qarabağ müharibəsi veteranları, münaqişə zonasında həlak olmuş hərbi qulluqçuların ailə üzvlərinin sosial ehtiyacları, həmçinin onlar üçün mənzillərin tikintisi üçün nəzərdə tutulan xərcləri 5 dəfə azaltması da etirazlara səbəb olub.
Parlamentin deputatı Vaqe Ovannisyan İrəvanın "Çoqqord işxanutyun" qəzetində "2014-cü ilin dövlət büdcəsi Ermənistanı iflasa aparır" adlı məqaləsində hesab edir ki, büdcənin nəzərdə tutulan artımı vergini artıracaq və bu da böyük və kiçik bizneslərin dağılmasına səbəb olacaq: "Biz əgər miqrasiyanın artımından danışırıqsa, deməli adamlar öz bizneslərini bağlayaraq ölkəni tərk edirlər". Deputat hesab edir ki, qeyri-düzgün iqtisadi siyasətə görə, Ermənistanda biznes sahəsi daralır. Bu azmış kimi hər ay işsizlərin sayı artır. Bu ölkəmizi çətinliklə dolandıran biznesi boğmaq üçün ən yaxşı vasitədir. Yeri gəlmişkən, Ermənistanın dövlət borcu hazırda 1 trilyon 752,966 erməni dramına bərabərdir. Bu məbləğin 233,273 milyard dramı daxili, 1 trilyon 519,693 milyard dramı və ya 3 milyard 740,783 milyon dolları isə xarici borcdur. Ermənistan Maliyyə Nazirliyinin ilin əvvəlində yaydığı ilkin hesabata görə, həmin borcların 37,5 faizi Ermənistanın Dünya Bankına, 33,2 faizi Beynəlxalq İnkişaf Assosiasiyasına, 23,2 faizi Beynəlxalq Valyuta Fonduna, 4,6 faizi Asiya İnkişaf Bankına, 4,2 faizi isə Beynəlxalq Yenidənqurma və İnkişaf Bankına olan borclardır.
Hesablamalara əsasən, Ermənistanın indiki daxili və xarici borclarının tam ödənməsi üçün Sərkisyan iqtidarı köklü islahatlar apararaq məmur özbaşınalığı, korrupsiya, haqsız rəqabət, kiçik və orta sahibkarlığa qarşı aparılan total terrora son qoymayacağı təqdirdə ən azı 16 il sərf etməlidir. Ümumiyyətlə, araşdırmalar göstərir ki, Ermənistanda iqtisadiyyatın ifrat mərkəzləşdirilməsi, bütün resursların hakimiyyətdəki ailə ilə oliqarxların əlində cəmləşməsi, vergilərin qarətə çevrilməsi nəticəsində bu ölkədə ağır bir situasiya formalaşmışdır. Bundan xilas olmaq üçün isə sadə vətəndaşlar xaricə qaçmağa üstünlük verirlər. Aparılan sorğulardan məlum olub ki, əhalinin 80 faizi yaşayış səviyyəsindən narazıdır.