İŞİD yenidən fəallaşdı Dünya

İŞİD yenidən fəallaşdı

Terrorçular Ənbar vilayətinin yarısına nəzarət edir

Cavid

İŞİD terror qruplaşmasının silahlıları Ramadi şəhərini ələ keçiriblər. Bu barədə xəbəri ölkə rəsmiləri yayıb. Bildirilir ki, günlərdir davam edən aramsız atışmalardan sonra polis və əsgərlər şəhərdən nizamsız qaydada çıxmalı olublar. Hazırda İŞİD Ənbar vilayətinin təxminən yarısına nəzarət edir. Ənbar qubernatorunun müavini Faleh al-Issavi bildirib ki, Ramadidə gedən döyüşlərin son iki günündə 500 nəfər həlak olub. İŞİD-in yaydığı bəyanatda deyilir ki, onun döyüşçüləri hökumət qoşunlarının tərk etdiyi 8-ci briqada bazasını, tankları və raket qurğularını ələ keçiriblər. Xəbər verilir ki, hökumət qoşunları yaxınlıqdakı Xalidiyyə şəhərinə çəkiliblər. Həmçinin da bildirilir ki, hökumət qoşunlarının silah-sursatı tükənmək üzrə imiş. Bəzi məlumatlara görə, İŞİD şəhəri ələ keçirməzdən əvvəl Ramadidə bir neçə kamikadze parrtlayışları törədib. Eyni vaxtda dörd intihar partlayışı Ramadinin cənubundakı Malaab məhəlləsində yerləşən polis korpusunu hədəfləyib. Baş nazir Heydər al-Abadi qoşunlara şəhəri nəyin bahasına olursa-olsun müdafiə etməyi əmr etmişdi. İraqın ən böyük əyaləti olan Ənbarın əsas şəhəri Ramadi Bağdadın 112 kilometrliyindədir. Xəbər verilir ki, Tikrit şəhərinin İŞİD-dən geri alınmasında əsas rol oynamış şiə birləşmələri zorakılıq etdikləri barədə iddialardan sonra döyüşlərdən geri çəkiliblər. Bu arada "Reuters" xəbər verir ki, strateji şəhərin İŞİD tərəfindən zəbt edilməsinə Pentaqon reaksiya verib. ABŞ müdafiə nazirliyindən bildiriblər ki, hətta Ramadi terrorçular tərəfindən alınsa belə bu İraq silahlı qüvvələrinin bütövlükdə uduzması demək deyil. Pentaqonun mətbuat katibi Ellis Smitin sözlərinə görə şəhərin itirilməsi yalnız müəyyən müddət üçün terrorçuların propoqandasına kömək edəcək, belə ki, şəhər geri alınacaq. "Hər bir halda koalisiya İraq silahlı qüvvələrinə dəstək olacaq və şəhər geri alınacaq".
O da bildirilir ki, İraq ordusu ilə İŞİD silahlıları arasında gedən döyüşlər Ramadi şəhərinin əhalisini öz yaşayış yerlərini tərk etməyə məcbur edib. Yüzlərlə sakin sığınacaq üçün paytaxt Bağdada üz tutub. Lakin güllə yağışından canlarını götürüb qaçanları təhlükəsizlik qüvvələri nə Bağdada, nə də ətraf ərazilərə buraxıb. Qaçqınlar Bağdad şəhərindən 65 kilometr məsafədə Fərat çayı sahilində saxlanılıb. Ənbar əyalətinin qubernatoru bu hadisə ilə bağlı Bağdada gedərək, ölkə rəsmiləri qaçqınların təhlükəsiz bölgələrə buraxılması məqsədilə danışıqlar aparıb. İraqın qərbində Ənbar əyalətinin mərkəzi olan Ramadi şəhərinin böyük hissəsin bir neçə gün əvvəl İŞİD silahlılarının nəzarətinə keçib. Ötən gün isə ABŞ xüsusi təyinatlıları Suriyanın şərqində keçirdikləri xüsusi əməliyyat zamanı İŞİD terror qruplaşmasının 10 silahlısını məhv edib. "RİA Novosti"nin verdiyi xəbərə görə, əməliyyat zamanı İŞİD liderlərindən biri Əbu Səyyaf məhv edilib, onun həyat yoldaşı Ümm isə saxlanılıb. Məlumata görə, Əbu Səyyaf İŞİD-in əsas gəlir mənbəyi olan neftin Suriya və İraqda qanunsuz hasilatının əsas əlaqələndiricilərindən biri olub. O həmçinin İŞİD-in hərbi əməliyyatlarında da iştirak edib. Əbu Səyyafın saxlanılan həyat yoldaşının da terror fəaliyyəti ilə məşğul olduğu bildirir.
Bu arada məlumat yayılıb ki, İŞİD silahlıları qaçqın adı ilə Avropaya yerləşirlər. Bu barədə BBC-yə Liviya hökumət nümayəndəsi bildirib.
Dövlət müşaviri Abdul Basit Harun söyləyib ki, qaçaqmalçılar İŞİD terrorçularını qeyri-leqal mühacir daşıyan gəmilərdə gizlədirlər. Məmurun sözlərinə görə, bunu cihadçıların nəzarət etdiyi Şimali Afrika bölgələrində qayıq sahibləri etiraf edib. Harun deyib ki, İŞİD öz adamlarını Avropaya göndərmək üçün katerlərdən istifadə edir. "Avropa polisi İŞİD silahlılarını adi qaçqınlardan ayırmaq iqtidarında deyil", - dövlət məmuru bildirib. O qeyd edib ki, cihadçılar Avropaya keçmiş üzvlərindən gələcəkdə hücumlar təşkil etmək üçün istifadə etmək niyyətindədir.