305 su anbarı yuyularaq təmizlənib və dezinfeksiya edilib - FOTO Hadisə

305 su anbarı yuyularaq təmizlənib və dezinfeksiya edilib - FOTO

“Azərsu” Açıq Səhmdar Cəmiyyəti (ASC) istehlakçıların su təminatının yaxşılaşdırılması, keyfiyyətli və dayanıqlı içməli su ilə təmin edilməsi istiqamətində kompleks tədbirlər həyata keçirir. Bakı şəhəri və Abşeron yarımadasında, həmçinin regionlarda yerləşən mərkəzi və məhəllədaxili su anbarlarının yuyulması işləri qrafikə uyğun davam etdirilir.

ASC-dən Trend-ə bildirilib ki, təsdiqlənmiş təlimata uyğun olaraq “Azərsu” ASC-nin balansında olan su anbarları ildə ən azı bir dəfə yuyulur və dezinfeksiya edilir. Bu məqsədlə anbarlar tamamilə boşaldılır və onların dib hissəsi lil çöküntülərindən təmizlənir. Daha sonra anbarların istismara yararlı olub-olmaması mütəxəssislər tərəfindən ciddi şəkildə yoxlanılır, təhlükə doğura biləcək yerlər müəyyənləşdirilərək bərpa işləri aparılır. Dezinfeksiya işləri aparıldıqdan sonra suyun keyfiyyətinə dövlət nəzarətini həyata keçirən Gigiyena və Epidemilogiya Mərkəzinin təqdim etdiyi arayışlar əsasında anbarlar yenidən istismara buraxılır. İstismar dövründə hər gün anbarlardan su nümunələri götürülərək Mərkəzi Laboratoriyada analiz olunur.

Bu sahədə işlər hazırda da intensiv qaydada davam etdirilir. 2022-ci ilin yanvar-aprel aylarında ümumi həcmi 490 min kubmetr olan 305 mərkəzi və məhəllədaxili anbar yuyularaq təmizlənib və dezinfeksiya edilib. Ümumilikdə, 2022-ci ildə Bakı şəhəri və Abşeron yarımadasında, həmçinin regionlarda ümumi həcmi 1 milyon kubmetrdən çox olan 870 anbarın yuyulub təmizlənməsi nəzərdə tutulur.

“Azərsu” ASC-nin balansında olmayan və mənzil-tikinti kooperativlərinə (MTK) məxsus su anbarları da ildə ən azı bir dəfə yuyulub təmizlənməlidir. Bununla bağlı MTK rəhbərləri məlumatlandırılır, əhaliyə verilən içməli suyun təhlükəsizliyi üçün anbarların yuyulub-təmizlənməsinin zəruri olduğu onların diqqətinə çatdırılır.

MTK-lar su anbarlarının yuyulub təmizlənməsi üçün bu sahədə ixtisaslaşmış təşkilatlara və ya “Azərsu” ASC-nin yerli sukanal idarələrinə müraciət edə bilər. Anbarların yuyulması tərəflər arasında bağlanmış müqaviləyə uyğun olaraq kooperativlərin vəsaiti hesabına həyata keçirilir. Yuyulub-təmizləndikdən sonra anbarların istismarına Gigiyena və epidemiologiya mərkəzlərinin rəyi əsasında icazə verilir.