STM korrupsiya ilə mübarizədə hansı töhfələri verəcək? Hadisə

STM korrupsiya ilə mübarizədə hansı töhfələri verəcək?

Sosial Tədqiqatlar Mərkəzinin (STM) işçi qrupu İdarə Heyətinin sədri, millət vəkili Zahid Orucun iştirakı ilə Prezidentin korrupsiyaya qarşı mübarizə ilə bağlı sərəncamında nəzərdə tutulan istiqamətlə bağlı ilk iclasını keçirib.STM-dən xalqcebhesi.az-a verilən məlumata görə,

əsas fəaliyyətlərindən biri həm də dövlət orqanlarının (qurumlarının) göstərdikləri xidmətlər üzrə keyfiyyət və məmunluğun qiymətləndirilməsi olan STM-in işçi qrupunun iclasında Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 4 aprel tarixli Sərəncamı ilə təsdiq edilmiş “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022─2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın Tədbirlər Planının 4-cü prioritet istiqaməti (Dövlət xidmətlərinin və idarəetmə mexanizmlərinin təkmilləşdirilməsi sahəsində tədbirlər) üzrə 9-cu tədbirdə, “Dövlət orqanlarının (qurumlarının) göstərdikləri xidmətlərin keyfiyyətinin qiymətləndirilməsi məqsədilə rəsmi internet saytları və sosial şəbəkələr vasitəsilə mütəmadi elektron məmnunluq sorğularının keçirilməsi, bu prosesə vətəndaş cəmiyyəti institutlarının və ictimai şuraların cəlb edilməsi” və s. kimi məsələlər müzakirə edilib.

Bu tədbir üzrə fəaliyyətlər mütəmadi olaraq və Milli Fəaliyyət Planının Tədbirlər Planının qüvvədə olduğu bütün dövrü (2022-2026-cı illər) əhatə etməlidir.

İclasda Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin 2022-ci il 11 aprel tarixli qərarı ilə yaradılmış işçi qrupun rəhbəri-Sosial Tədqiqatlar Mərkəzinin icraçı direktoru Sahib Məmmədov çıxış edərək işçi qrupunun fəaliyyəti barədə məlumat verib. O bildirib ki, 140-a yaxın dövlət orqanı və dövlət təsisatının göstərdiyi 1000-dən artıq xidmət, o cümlədən 500-dən artıq elektronlaşdırlmış xidmət üzrə əhalinin məmunluğu və göstərilən xidmətlərin keyfiyyətinin müəyyən edilməsi məqsədi ilə metodologiya hazırlanıb. Hazırda ictimai rəyin öyrənilməsi üçün zəruri işlər həyata keçirilir. Yaxın vaxtlarda maraqlı tərəflərlərlə, o cümlədən ixtisaslaşmış vətəndaş cəmiyyəti qurumlarının və ictimai şuraların nümayəndələrinin iştirakı ilə məsləhətləşmələr keçiriləcək.

İclasda bildirilib ki, “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022─2026-cı illər üçün Milli Fəaliyyət Planı”nda göstərildiyi kimi “ölkəmizdə sosial dövlətin yeni modeli formalaşmışdır və dövlət siyasətinin əsas məqsədi insanların yüksək sosial rifahına nail olmaqdır”. Bu baxımdan dövlət orqanlarının və dövlət təsisatlarının, həmçinin dövlətə tabe olan və ya səhmlərinin nəzarət paketi dövlətdə olan kommersiya qurumlarının, həmçinin kommunal sferada olan kommersiya qurumlarının əhaliyə göstərdiyi xidmətlərin keyfiyyətinin, xidmət alanlarda məmunluğun artırılması, xidmətlərin maksimum əlçatan və asan olması üçün son 15 ildə əhəmiyyətli fəaliyyətlər həyata keçirilib.

Qeyd edilib ki, dövlət orqanlarının (qurumlarının) göstərdikləri xidmətlər üzrə keyfiyyət və məmunluğun qiymətləndirilməsinin əsas məqsədi Milli Fəaliyyət Planından irəli gələn vəzifələrin dövlət orqanları və dövlət təsisatları tərəfindən yerinə yetirilməsinin müəyyən edilməsi, qanunvericilik və onun tətbiqi prosesində mövcud olan problemləri öyrənməklə əhaliyə göstərilən xidmətlərin keyfiyyətinin daha da yüksəldilməsi, əhalinin məmunluğunun artırlması üçün müvafiq qurumlara siyasətin müəyyən edilməsi istiqamətində təkliflər hazırlamaqdır.

Daha sonra qurumun sözügedən fəaliyyət istiqamətində həyata keçiriləcək tədqiqatların metodologiyasına dair geniş fikir mübadiləsi aparılıb.