Rəsmiyyə Sabirin İstanbulda Mübariz İbrahimov adına məktəbdə görüşü keçirilmişdir Hadisə

Rəsmiyyə Sabirin İstanbulda Mübariz İbrahimov adına məktəbdə görüşü keçirilmişdir

2022-ci il iyunun 10-da Türkiyənin İstanbul şəhərində Mübariz İbrahimov adına məktəbdə Azərbaycan ədəbiyyatı günləri çərçivəsində tədbirlər planına uyğun olaraq müasir poeziyamızın istedadlı nümayəndəsi, Prezident təqaüdçüsü, iqtisadiyyat elmləri doktoru, şair, tərcüməçi və ictimai xadim Rəsmiyyə Sabirlə müəllim və şagird kollektivinin görüşü keçirilmişdir.
Məktəbin müdiri Aygün Həsənoğlu Rəsmiyyə Sabirin həyat və yaradıcılığı haqqında məlumat vermiş, şair və alimin çoxşaxəli fəaliyyətinin və şəxsiyyətin örnək olduğunu qeyd etmişdir. Rəsmiyyə Sabir Azərbaycandan şair və yazıçılarının, alimlərimizin, hazırda İstanbulda Beynəlxalq Dərgilər Sərgisində təmsil etdiyi "Ulduz" jurnalı kollektivinin salamlarını çatdıraraq uşaqlara elm və təhsilin əhəmiyyətindən danışmış, yaxşı oxumağı, vətənlərinə layiq övlad olmağı tövsiyyə etmişdir.
Tədbirdə uşaqlar Rəsmiyyə Sabirin şeirləri ilə bərabər, digər şairlərin şeirlərini söyləmiş, mahnılar oxumuşlar. Məktəbin ən istedadlılarından olan 7-ci sinif şagirdi Fariz Nəsirov özünün 44 günlük müharibə dövründə yazdığı "Azərbaycan əsgəri" və "Şuşa" şeirlərini söyləmişdir. Jurnalist Yaqut Misirxanlı böyük şairimiz Sabir Rüstəmxanlının "Vətən" şeirini ifa etmişdir.
Tədbirdə Rəsmiyyə Sabir uşaqların suallarını cavablandırmış, məktəbin və dərnəyin kitabxanasına öz kitabları ilə birlikdə Azərbaycan uşaq ədəbiyyatı nümunələrini və nağıl kitabları hədiyyə etmişdir. Şeir məclisindən və görüşdən çox məmnun qalan uşaqların xahişi ilə R.Sabir onların dəftərlərinə imzasını atmışdır.