Şəhid Elşad Əliyevin anım günü keçirilib Hadisə

Şəhid Elşad Əliyevin anım günü keçirilib

O Azərbaycan torpaqlarının bütövlüyü uğrunda canından keçən minlərlə şəhid əsgərdən biridir. Əliyev Elşad Hacıbala oğlu. Bu gün onun şəhadətə yüksəlişindən 29 il ötür. Elşad Əliyevin anım gününə həsr olunmuş tədbirdə onun ailə üzvləri, sinif yoldaşları, qazilər iştirak edib. Yaxınları onunla bağlı xatirələrini bölüşüb. Mərasim Azərbaycan Himninin sədaları altında şəhidlərimizi bir dəqiqəlik sükutla yad etməklə başlayıb.
Əliyev Elşad Hacıbala oğlu 1975-ci ilin fevralında Binəqədi rayonunda anadan olub. Atasının zamansız ölümü onu vaxtından əvvəl böyüməyə sövq etmişdir. Məktəbi bitirdikdən sonra Elşad Texniki Universitetə qəbul olur. Ailəsini təmin etmək üçün oxumaqla bərabər həm də, işləyirdi. Şəhidimizin anası Flora xanım oğlu ilə bağlı xatirələrini bölüşərkən qeyd edir ki:

“20 yanvar hadisələri Elşadın gənclik illərinə təsadüf etdiyi üçün vətənin ağır günləri onu dərindən sarsmışdı. Buna görə də, o könüllü ordu sıralarına yazıldı və təhsilini yarımçıq qoyaraq cəbhəyə yollandı”
16 iyul 1993- cü ildə Ağdam uğrunda gedən döyüşlərdə Elşad şəhadətə yüksəlir. Flora xanım deyir ki, Elşad cəbhədə olduğu o qısa müddət ərzində mənə iki məktub göndərmişdi.İkinci məktubda yazmışdı ki, mən evimizə Azərbaycanın Milli Qəhrəmanı kimi qayıdacam . Dediyi kimi də oldu. Buna görə də, Elşad tək mənim yox, Azərbaycan xalqının oğludur.

Sonda Flora ana ona göstərilən qayğı və mənəvi dəstəyə görə Texniki Universitetin rəhbərliyinə, eləcə də universitetin əməkdaşı, xeyriyəçi Zöhrə Məmmədovaya təşəkkürünü bildirib:
“Elə bilirəm ki, oğlum nə vaxtsa qayıdıb, universitetini bitirib o diplomu mənə gətirəcək. Texniki Universitetdə Zöhrə xanım Şəhidlər və Milli qəhrəmanlar üçün muzey yaradıb. Həmin muzeydə oğlumun xatirəsinə də guşə təşkil olunub. Bu mənim üçün böyük iftixardır”.
Çıxışlardan sonra tədbir bədii hissə ilə davam edib.
Allah şəhidlərimizə rəhmət eləsin!