Bakıda "Dərinləşən media islahatları: Yeni hədəflərə doğru” mövzusunda konfrans keçirilir - FOTO Hadisə

Bakıda "Dərinləşən media islahatları: Yeni hədəflərə doğru” mövzusunda konfrans keçirilir - FOTO

21 iyul tarixində - Milli Mətbuat Günü ərəfəsində Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi tərəfindən "Dərinləşən media islahatları: Yeni hədəflərə doğru” mövzusunda konfrans keçirilir.

Beynəlxalq media və ictimaiyyət nümayəndələri, xarici və yerli media ekspertlərinin iştirak etdiyi konfransın təşkil edilməsində məqsəd Azərbaycan mətbuatının keçdiyi inkişaf yolu, müasir dövrdə media islahatları, əldə olunan ilkin nəticələr və təhlilə yönələn fikir mübadiləsinin aparılmasıdır.

MEDİA-nın İcraçı direktoru Əhməd İsmayılov açılış nitqində bildirib ki, Medianın İnkişafı Agentliyi ilk növbədə media subyektlərinin iqtisadi müstəqilliyinin gücləndirilməsi, maddi-texniki və hüquqi bazalarının möhkəmləndirilməsi, infrastrukturun modernləşdirilməsi, müvafiq sahədə yeni iqtisadi modelin yaradılmasını hədəfləyir və bu istiqamətdə atılacaq addımlara dəstək göstərir.

Konfrans "Xalq cəbhəsi" qəzetinin baş redaktoru Elçin Mirzəbəylinin moderatoru olduğu panel sessiyanın müzakirəsi ilə davam edib.

Paneldə çıxış edən Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin müdir müavini Səadət Yusifova bildirib ki, Ümummilli Liderin həyata keçirdiyi fundamental islahatlar nəticəsində müstəqil Azərbaycanın informasiya siyasətinin prioritetləri müəyyən edilmiş, senzura ləğv edilmiş, media üzərində dövlət nəzarəti aradan qaldırılmış, onun maddi- texniki bazası möhkəmləndirilmiş, yeni inkişaf perspektivləri açılmışdır.

S.Yusifova cəmiyyətin həyatında medianın rolunun durmadan artdığını deyib, medianın fəaliyyətində hər zaman obyektivlik, modernləşmə, rasionallıq, kreativlik, sosial məsuliyyət prinsiplərinin, milli maraqların daim rəhbər tutulmasının zəruriliyini vurğulayıb.