Bakının dərdi var: Tıxacdan necə çıxaq? - ARAŞDIRMA Hadisə

Bakının dərdi var: Tıxacdan necə çıxaq? - ARAŞDIRMA

Bakının üstü də dolub, altı da... Xüsusən günün pik saatlarında paytaxtın bir tərəfindən digər tərəfinə getmək müşkülə çevrilib. Görünən mənzərə isə odur ki, getdikcə dərinləşən tıxac probleminə qısa müddətdə həll yolu tapılmasa, gündən-günə daralan Bakı daha yaşanmaz vəziyyətə gəlib çıxacaq. Artıq dalandan çıxmaq üçün nə alternativ yol qalıb, nə də alternativ nəqliyyat vasitəsi.

Elə nəqliyyat sahəsi üzrə ekspert Eldəniz Cəfərov da bu fikirdədir. O, APA-ya açıqlamasında qeyd edib ki, düzdür, tıxacların səbəbi həddindən artıq çoxdur, lakin qurumlar problemin həllində istəkli olsalar, qısa müddətdə bunu aradan qaldırmaq mümkündür:

“Bakıda avtomobillərin sayı çoxdur”

“Yol infrastrukturunun yaxşı təşkil olunmaması, vaxtilə avtomobil yollarının, piyada səkilərinin, parklanma yerlərinin zəbt edilib, yerində hündürmərtəbəli binaların tikilməsi, tikilən yaşayış və biznes mərkəzlərinin parklanma yerlərinin olmaması və s. başlıca səbəblərdir. Şəhərsalma və arxitektura qaydalarına görə, hər bir obyektin parklanma yeri olmalıdır. Mövcud pulsuz parklanma yerləri var, amma onların ünvanlarını vətəndaşların çoxu bilmir. Kimlərinsə maraqları naminə bu ünvanlar gizli saxlanılır. Digər tərəfdən, Bakıda avtomobillərin sayı da çoxdur.

Əksəriyyətinin istifadə müddəti bitib və yarasız vəziyyətdədir. Təcrübəsiz sürücülər çoxluq təşkil edir. Yol təmirləri günün günorta çağı, bəzən hərəkətin intensiv olduğu vaxtlarda aparılır. Lakin bütün bunlara baxmayaraq, tıxacların qarşısını almaq mümkündür. Burada əsas meyar istəkdir. Müvafiq qurumların istəyi olsa, Bakının tıxac problemi 2-3 aya həll edilə bilər. Şəhərdə sıxlığın olması normaldır. Çünki Bakı çoxmilyonlu şəhərdir. Lakin çalışmaq lazımdır ki, bu tıxaclar daimi hala çevrilməsin. Bütün bu problemləri həll etmək üçün yol xəritələri, proqramlar var. Onlardan ən gözəli də 2019-cu ildə dövlət başçısının imzaladığı “Yol Hərəkətinin Təhlükəsizliyinə dair Dövlət Proqramı”dır. Proqram mükəmməl qaydada hazırlanıb. Maddə-maddə hansı ildə hansı qurumun hansı işi görməli olduğu qeyd olunub. Təbii ki, yol hərəkətində təhlükəsizliyə nail olunsa, avtomatik olaraq tıxaclar da aradan qaldırıla bilər”.

Ekspert tıxacların xüsusən tədris ilinin başlamasından sonra artdığını diqqətə çatdırıb. Qeyd edib ki, ali təhsil müəssisələrinin, kolleclərin bəzi korpusları şəhər kənarına çıxarıla, həmçinin dərs saatları dəyişdirilə bilər:

“Universitetlərimizin yaxşı büdcəsi var. Pullu fakültələrimiz çoxdur. Büdcələri bunu etməyə imkan verir. Bir sözlə, tıxacların qarşısını almaq üçün variantlar çoxdur. Sadəcə olaraq müvafiq qurumların istəkləri lazımdır ki, problem aradan qalxsın. Əks halda vəziyyət daha da pisləşəcək”.

“Avtobuslar sıxlıq səbəbindən gecikir, zolaqların tələbinə riayət olunmur”

Tıxacların yaranmasının əsas səbəblərindən biri avtomobillərin qanunsuz şəkildə yol kənarlarında saxlanılmasıdır. Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev APA-ya açıqlamasında bildirib ki, hər hansı bir küçədə parklanma yerinin olmaması qanunsuz parklanmaya əsas vermir. Xüsusilə nəqliyyat vasitələrinin səkilərdə park edilməsi qanunun tələbinin pozulması ilə yanaşı, həm də cəmiyyətə qarşı açıq hörmətsizlikdir:

“Bakı Nəqliyyat Agentliyi tərəfindən paytaxtda parklanma tələbatının yüksək olduğu ərazilərdə təhlillər aparılıb və qarajların tikilməsi mümkün olan yerlər müəyyən edilərək aidiyyəti qurumlara təqdim edilib. Qarajların tikintisinin maliyyələşməsinin dövlət tərəfindən deyil, özəl sərmayə hesabına baş tutmasını daha səmərəli hesab edirik. Özəl sektor üçün bu məsələnin cəlbedici olması isə küçə parklanmasının idarə edilməsi və ödənişli olmasından asılıdır. Bu məsələlər də bildiyiniz kimi, təklif halında təsdiq olunması üçün hökumətə təqdim edilib”.

Agentlik rəsmisi son günlərdə ictimai nəqliyyatda gediş haqlarının artırılacağı ilə bağlı məsələyə də aydınlıq gətirib. Bildirib ki, ictimai nəqliyyatda tariflərin tənzimlənməsi BNA-nın səlahiyyətlərinə aid məsələ deyil və qiymətlərin artırılması ilə bağlı Tarif Şurasına təklif verilməyib.

Amma bir məqamı da vurğulamaqda xüsusi fayda var. Belə ki, son aylar ərzində biz pik saatlarda sərnişinlərin dayanacaqlarda uzun müddət gözləməsinin şahidi oluruq. Yaxşı bəs, buna səbəb nədir? Bir çoxları iddia edir ki, xətt üzrə az sayda avtobus xəttə buraxılır. Sərnişinlər giley-güzar edirlər ki, “BakuBus”ın qarajında 500 avtobus var, amma camaat saatlarla gözləmək məcburiyyətində qalır.

BNA-dan isə fərqli mövqe ortaya qoyulur. Əsas səbəb kimi deyilir ki, avtobuslar sıxlıq səbəbindən gecikir, zolaqların tələbinə riayət olunmur:

“Bu gün tıxac səbəbindən pozulan avtobusların hərəkət qrafiklərinin stabilləşməsinin ən optimal həll yolu xüsusi avtobus zolaqlarının təşkil olunmasıdır. Deyərdim ki, bütün marşrut şəbəkəsi boyunca avtobus zolaqlarının təşkilinə nail olunmalıdır. Yalnız bu məsələ həllini tapdıqdan sonra avtobusların qrafik üzrə hərəkəti böyük ölçüdə təmin olunacaq. Eyni zamanda, çox vacib məqam ondan ibarətdir ki, avtobus zolaqları olan yerlərdə onun tələbinə ciddi riayət olunsun. Bu olmadığı halda zolaqların faydası olmayacaq”.

Tıxaclara səbəb olan əsas məsələlərdən biri də son illərdə paytaxtda taksilərin sayının həddən artıq çoxalmasıdır. Hətta vahid taksi xidmətinin yaradılması haqda da müxtəlif fikirlər səsləndirilmişdi. Mais Ağayev bildirib ki, burada taksi yox, qanunsuz sərnişindaşıma vasitələri ifadəsi daha düzgün olar: “Çünki bu gün gördüyümüz və taksi dediyimiz həmin nəqliyyat vasitələri qanunsuz olaraq istifadə olunur. Xatırlayırsınızsa BNA 2019-cu ildə taksi sahəsində islahatları nəzərdə tutan konsepsiya təqdim etmişdi. Lakin o zaman müəyyən insanlar məqsədli şəkildə bu konsepsiya ətrafında müxtəlif manipulyasiyalar etməklə onun reallaşmasına mane oldular. O vaxt sosial şəbəkədə, mediada və digər müxtəlif platformalarda bu sənədə qarşı çıxanlar indi özləri belə bir konsepsiyanın olmasını arzu edirlər”.

“İş saatlarının dəyişdirilməsi və ya hansısa müəssisələrin şəhərdən kənara çıxarılması tam olaraq məsələnin həlli deyil”

Qurum rəsmisi bir neçə il öncə tramvay xətlərinin bərpa olunacağı barədə yayılmış fikirlərə də münasibət bildirib: “Doğrudur alternativ ictimai nəqliyyat növlərinin olması şəhərin hərəkətlik imkanlarının yaxşılaşdırılması baxımından faydalıdır. Amma indiki halda bundan danışmaq bir qədər tezdir. Bu gün üçün diqqət ayrılmalı olan ən vacib məsələ avtobus zolaqları ilə bağlı olan məsələdir. Həmçinin 3-4 il əvvəl sürüşkən iş saatları ilə bağlı da təkliflər verilmişdi. Lakin yenə vurğunu mən avtobus zolaqlarına vurmaq istərdim. Çünki iş saatlarının dəyişdirilməsi və ya hansısa müəssisələrin şəhərdən kənara çıxarılması tam olaraq məsələnin həlli deyil. Bunlar sadəcə dəstəkləyici tədbir hesab olunur. O şərtlə ki, avtobuslar üçün ayrıca zolaqlar olsun”.

İddialar var ki, yol polislərinin hərəkətin təşkili ilə bağlı tətbiq etdiyi metodlar tıxacların qarşısını almaqdasa, əksinə daha da artırır. Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli APA-ya açıqlamasında qeyd edib ki, səsləndirilən fikirlər həqiqəti əks etdirmir:

“Respublika ərazisində avtomobil parklarının 70%-i paytaxt ərazisinin payına düşür. Gündəlik olaraq regionlardan paytaxta səfər edən insanların da sayını nəzərə alsaq, bu kifayət qədər ciddi göstəricidir. Bakı şəhəri ərazisində yay mövsümünün bitməsi, iş sezonunun açılması, yeni tədris ilinin başlaması sıxlıqları qaçılmaz edir. Polisin işi mövcud infrastrukturda xidməti təşkil etməkdir. Biz də xidmətimizi gücləndirilmiş formada, xüsusi plan üzrə təşkil edirik. Sıxlıqların qarşısını almaq üçün aidiyyəti dövlət orqanları da planlı şəkildə nələrsə etməlidirlər. Bunun üçün öz tərəfimizdən müəyyən təkliflər vermişik”.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən də məsələyə münasibət bildirilib.

Qurumun mətbuat katibi Anar Nəcəfli qeyd edib ki, AAYDA hərəkətin təşkili və tənzimlənməsi ilə məşğul olan qurum deyil: “Buna görə də tıxacların, sıxlığın qarşısının alınması üçün müvafiq qurumaların hər hansısa bir təklifi olarsa və bununla bağlı qərar qəbul olunarsa, təbii ki, Agentlik olaraq biz bunu yerinə yetirməyə hazırıq. Hələ ki, bununla bağlı hansısa layihə təqdim olunmayıb”.

“Qaydalara riayət olunsa, sərnişindaşımanı mövcud vəziyyətdən 10-15 faiz daha yaxşı təşkil etmək olar”

Günün pik saatlarında yerin üstündə olduğu kimi, altında da sıxlıq müşahidə edilir. “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov APA-ya açıqlamasında bildirib ki, sentyabrın 14-dən başlayaraq Bakı Metropoliteni yeni qrafik üzrə işləyir və tədris mövsümü nəzərə alınaraq metropolitenin texniki imkanlarına uyğun olaraq ən optimal qrafik tətbiq olunur:

“Həzi Aslanov-İçərişəhər istiqamətində pik vaxtlarda iki dəqiqəlik interval var. Gur saatların vaxtını da uzatmışıq. Əvvəl səhər 07:30-09:30 idisə, indi -7:00-dan 10:00-dəkdir. Axşam saatlarında isə 17:30-19:30 idisə, hazırda 17:00-dan 20:00-dəkdir. Yəni, səhər və axşam 1 saat uzadılıb. Bundan əlavə, günorta birinci növbə tədrisin başa çatması da nəzərə alınaraq, 13:00-dan 14:00-dək metroda sıxlıq müşahidə olunur. Beləliklə, 12:00-dan 14:00-dək ehtiyat qatarlar da daxil olmaqla bütün texniki qüvvələr səfərbər edilir. Bu mənada Bakı Metropolitenində əlavə tənzimləmələrə keçid edilir. Sərnişin axını sıx olan stansiyalarda platformalara, eskalator meydançalarına nəzarət gücləndirilir. Ən vacib məsələ bu gün sərnişinin təhlükəsiz daşınmasıdır. Çünki həmin hissələrdən sərnişin ya qatara minir, ya da düşür. Əlavə tənzimləmə mexanizmi olmadığından yüklənməyə yol verilməməlidir. Son günlərdə intervallarla bağlı çoxlu müraciətlər olur. Amma intervallarda bizim elan etdiyimizdən kənara çıxma halları yoxdur. Cüzi istisna stansiyalarda qatarların qapısının 10-15 saniyə saxlanılmasıdır ki, bu da texniki imkanlar hesabına tənzimlənir və problemlər aradan qaldırılır. Bizim üçün bu gün ən vacib olan sərnişinlərin qatara minib-düşmə qaydalarına riayət edib, qatarların stansiyalarda yubadılmamasıdır. Çünki ehtiyat qatarların xəttə buraxılması məhz bundan çox asılıdır. Qrafik pozularkən ehtiyat qatar xəttə veriləndə, hərəkətin tənzimlənməsi əmin olun ki, çox böyük əziyyətlər bahasına başa gəlir. Qaydalara riayət olunsa, əminəm ki, sərnişindaşımanı mövcud vəziyyətdən 10-15 faiz daha yaxşı təşkil etmək olar”.

Bakı şəhərində yaşanan tikinti bumu paytaxt üçün fəsadsız ötüşməyib. Vaxtıikən icazəsi verilmiş bəzi binalarda tikinti normalarının pozulması bu gün öz mənfi nəticəsini göstərir.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən​​​​​​​APA-ya bildirib ki, bunu nəzərə alaraq digər sahələrdə olduğu kimi, tikinti sektorunda da geniş islahatlara başlanılıb.

“Dövlət başçısının 2018-ci ilin 1 avqust tarixli Fərmanına əsasən, Bakı şəhərinə münasibətdə tikinti və istismara icazələr həmin müddətdən etibarən Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən verilməyə başlayıb. Tikintiyə icazə icraatı çərçivəsində Komitəyə təqdim edilən ərazi-planlaşdırma sənədlərinin, o cümlədən tikinti layihələrinin yoxlanılması zamanı bütün şəhərsalma və tikinti qaydalarının tələblərinə riayət edilir. Tikintiyə icazələr verildiyi zaman tikinti işlərinin aparılacağı əraziyə dair mülkiyyət sənədi və aidiyyəti dövlət orqanların müvafiq rəyləri əsas götürülür. Bu gün də bəzən müxtəlif yarımtikililərə rast gələ bilərik. Bunlar 2018-ci il avqust ayının 1-dək tikintisinə icazə verilmiş, lakin inşası gecikdirilmiş binalardır”, – qurumun mətbuat katibi Ramiz İdrisoğlu deyib.

“Bakı-Sumqayıt” şosesində, Xırdalan və “20 Yanvar” dairələrində nəqliyyat sıxlığının qarşısının alınması məqsədilə paytaxtın strateji 2-ci şimal-qərb yeni giriş-çıxış yolunun yaradılması planlaşdırılır

Bakı şəhərinin hazırlanan yeni Baş planının ilkin versiyasında isə qeyd edilir ki, yeni sənəddə nəqliyyat infrastrukturunun yaxşılaşdırılması istiqamətində bir sıra işlər nəzərdə tutulub. 2027-ci ilədək “28 May”-“Cəfər Cabbarlı” keçid stansiyasında “yaşıl” və “qırmızı xətlərinin” bir-birindən ayrılması və yeni dəstəkləyici infrastrukturun yaradılması planlaşdırılır. 2040-cı ilədək metro xətləri şəbəkəsinin ümumi uzunluğunun hazırkı 36,7 km-dən 76.2 km-ə, stansiyaların sayının isə 25-dən 51-ə çatdırılması nəzərdə tutulur. 2027-ci ilin sonunadək paytaxtın şimal giriş-çıxış nəqliyyat probleminin əsaslı həll edilməsi məqsədilə Bakı və Sumqayıt şəhərlərini birləşdirəcək yeni magistral avtomobil yolu planlaşdırılıb. Xarici həlqəvi yolun tamamlanması məqsədilə Səttar Bəhlulzadə küçəsi ilə “Zığ-Hövsan” şosesini, o cümlədən Sabunçu dairəsi ilə Bülbülə gölünün qərbindən keçməklə Zığ şosesini birləşdirəcək yeni həlqəvi yolların yaradılması, bunlarla yanaşı, mövcud nəqliyyat tıxaclarının qarşısının alınması və paytaxtın küçə-yol şəbəkəsinin inkişaf etdirilməsi məqsədilə əlavə bir sıra zəruri tədbirlər də nəzərdə tutulur. Qeyd edilən tədbirlərin həyata keçirilməsi nəticəsində 2040-cı ilədək Bakı şəhərində küçə-yol şəbəkəsinin ümumi uzunluğunun yerli əhəmiyyətli yollarla birlikdə 2300 km-dən 2550 km-ə çatdırılması, velosiped zolaqları şəbəkəsinin ümumi uzunluğunun təxminən 250 km təşkil edəcəyi, xüsusi hərəkət zolaqlarının ümumi uzunluğunun hazırkı 16 zolaq-km-dən 198,4 zolaq-km-ə qədər genişləndirilməsi planlaşdırılır. Xarici həlqəvi marşrutların tamamlanması məqsədilə “Xarici Dairəvi Yolu-Böyükşor-Ziya Bünyadov” həlqəvi marşrutunun, habelə “Lökbatan-Xocasən-Binəqədi-Böyükşor-Sabunçu” Xarici Həlqəvi Yolunun, “Zığ-Aeroport” şosesi vasitəsilə şəhərin şərq və şimal-qərb hissələrinin həlqəvi birləşmə marşrutunun tamamlanması məqsədilə “Xırdalan-M1 avtomobil yolu-Digah-Zabrat-Hava Limanı” həlqəvi magistralın yaradılması nəzərdə tutulur. Paytaxtın mərkəzi hissəsinin əlavə nəqliyyat yükündən qorunması məqsədilə “Mehdiabad-Dərnəgül-Ziya Bünyadov prospekti-Keşlə-Babək prospekti-“Ağ şəhər”-Nobel prospekti” yeni diaqonal nəqliyyat marşrutunun yaradılması planlaşdırılır.

“Bakı-Sumqayıt” şosesində, Xırdalan və “20 Yanvar” dairələrində nəqliyyat sıxlığının qarşısının alınması məqsədilə paytaxtın strateji 2-ci şimal-qərb yeni giriş-çıxış yolunun yaradılması planlaşdırılır. Dəmir yolları şəbəkəsinin inkişafına gəlincə, 2027-ci ilin sonunadək Abşeron yarımadasında 20 sərnişin stansiyasının yenidən qurulması, aktivləşdirilməsi və ya inşası, o cümlədən Biləcəri stansiyası ilə Bakı Dəmir Yolu Vağzalı arasında “Şimal-Cənub” istiqamətindəki dəhliz boyu 4 yeni stansiyanın tikintisi nəzərdə tutulur. 2040-cı ilədək Abşeron yarımadası üzrə dəmiryol şəbəkəsinin ümumi uzunluğunun 198 km-dən 280 km-ə, stansiyaların sayının isə 26-dan 55-ə çatdırılması nəzərdə tutulur.

Mövcud mənzərə və yol xəritəsi bəllidir. Bircə qalıb bunu reallaşdırmaq. Planda nəzərdə tutulan işlərin icrasının bu problemin həllinə necə töhfə verəcəyini isə zaman göstərəcək.