Şuşada aparılan sürətli quruculuq erməni vandalizminə əsl cavabdır Hadisə

Şuşada aparılan sürətli quruculuq erməni vandalizminə əsl cavabdır

Azad olunmuş ərazilərdə “Azərışıq” ASC-nin gördüyü işlərlə tanış olmaq məqsədi ilə Füzuli, Hadrut və Şuşaya gedirik. Bizi aparan avtobus səhər tezdən yola düşür. Yolboyu avtobusda olanlar hamısı sevinir. Sərnişinlərdən əksəriyyəti azad olunmuş ərazilərə, bəziləri isə Şuşa və Hadruta ilk dəfə gedir.

Füzuli Rəqəmsal Stansiya İdarəetmə Mərkəzi ilə tanış olandan sonra üzü Hadruta tərəf istiqamətlənirik. 30 il Ermənistan tərəfindən işğalda qalmış ərazilərimiz xarabalığı xatırladır. Ermənilər bu ərazilərdə dünyada misli görünməmiş vandallıq törədib. Erməni vandalları bu ərazilərdə nəinki daş-üstə daş, addım atmağa yer də qoymayıblar. Ermənilərin əsl xisləti buradan başlayaraq özünü göstərir. Azərbaycan vətəndaşlarının didərgin düşdükləri doğma ocaqları yerlə yeksan edilib, yandırılıb, sökülüb, dağıdılıb. Yolboyu ona yaxın azərbaycanlı qəbirsitanlığının yanından keçirik, amma burada qəbirstanlıqdan əsər-əlamət yoxdur. Bütün qəbirlər dağıdılıb, qəbir daşları qəlpə-qəlpə edilib. Bəzi qəbiristanlıqların isə ərazisi şumlanıb.

Həmkarımız, bizimlə birlikdə səfərə çıxan, əslən Füzuli rayonunun Seyidəhmədli kəndindən olan və hazırda Bakıda məskunlaşan Xalid Kazımlı işğaldan azad edilən kəndlərinin yanından keçəndə köks ötürür, susur, gözündə qəhər yaranır. Bir kəlmə onu deyir ki, “Kəndimiz azad olunandan sonra iki dəfə burada oldum, amma evimizin xaraba qoyulmuş divarlarına yaxınlaşa bilmədim”.

Həmkarımın bu cümləsi məni qəhərdən boğdu, daha Xalid Kazımlının həmin an nələr keçirdiyini demirəm.

Füzuli rayonundan sonra Hadruta tərəf istiqamətlənirik. Böyük xarabalıqdan sonra düşməndən azad edilən Hadrut şəhərinə daxil oluruq. Hadrut ermənilərdən necə azad olunubsa, elə də qalıb. Ermənilər evləri necə qoyub qaçıblarsa, daşına da toxunulmayıb. Bəzi evlərin içərisində yanıq izləri var. Bu isə barbar tayfanın “əl işləri”dir. Hadrutu tərk edən ermənilər iri restoranları, təmirli evləri yandırmağa cəhd ediblər ki, azərbaycanlılara qalmasın. Yəni bu xislətə qadirdir bizim düşmənimiz. Hadrutda olduğu kimi qalan evlərə baxırsan, sonra da təxminən 1 saat əvvəl keçdiyim, 30 il işğalda qalan və Şanlı Ordumuzun azad etdiyi yerlərdə ermənilərin törətdiyi vandallığı xatırlayırsan. İnsan bu qədərmi vəhşi olarmış?
Hadrutda ermənilərin xəsarət yetirdiyi evlər, binalar belə azərbaycanlılar tərəfindən təmir edilib. “Azərişıq” ASC həmin binaları yeni elektrik xətləri ilə, sayğaclarla təmin edib. Sanki Hadrutda daş-divar da üzümüzə gülürdü.

Hadrutdan keçib Şuşaya gedirik. Dolayları qalxıb Şuşaya qalxanda Hadrutun üstündəki, məhşur qaya daşını görürük. O daş ki, ermənilər onun üzərində qondarma “DQR bayrağı” çəkmişdi. O daş ki, 44 günlük müharibədə rusiyalı ermənipərəst jurnalist Peqov həmin daşın yanından video paylaşaraq Hadrutun ermənilərin nəzarətində olduğunu deməklə həyasızlığını dünyaya çatdırmaq istəyirdi. Mən o daşa “Peqovun başına düşən daş” deyirəm. Azərbaycan Silahlı Qüvvələri artıq o daşın rəngini dəyişib, Azərbaycan bayrağını oraya həkk edib.

Şuşaya daxil oluruq. Şuşadan sonuncu dəfə 2 ay əvvəl qayıtsam da, mədəniyyət paytaxtımızı təkrar görəndə tanımadım. 2 ay ərazində Şuşada o qədər quruculuq işləri görülüb ki, əvvəl gördüyüm Şuşadan demək olar ki, əsər-əlamət qalmayıb. Küçələr təmir edilib, ermənilərin xaraba qoyduqları binalar yenilənib, otel və hostellər Şuşanın qədimiliyini saxlamaq şərti ilə təmir edilib. Ermənilərin Azərbaycan tarixini silmək məqsədi ilə dağıtdıqları binalar təmir edilib. Güllələnmiş heykəllər yenilənib, ermənilərin xaraba qoyduğu, general Mehmandarovun Ev muzeyi yenidən inşa olunub, Vaqifin məqbərəsi təmir edilib, Bülbülün evi yenidən tikilib. Hansı ki, həmin evlər və tarixi abidələr ermənilər tərəfindən darmadağın edilmişdi.

Şuşada bu faktları gördükcə, insan erməni xislətini açıq-aşkar görür. Erməni barbarlığını və Azərbaycan humanizmini bundan artıq heç nə əsaslı izah edə bilməz, məncə. Bu, birbaşa erməni vandalizminə azərbaycansayağı cavabdır. Erməni vandalizmini Azərbaycan mədəniyyəti ilə susdurub Şuşa!